Durbinlə mələkləri seyr etmək

Durbinlə mələkləri seyr etmək
 

Lukretius (Titus Lucretius Carus, m. ö. 99-55) görkəmli Roma filosofu və şairidir. Epikurun və onun əfsanəvi məktəbinin ən böyük davamçısıdır. O, “Hər şeyin təbiəti haqqında” (lat., De reum natura) adlı nəhəng əsərində insanları mövhumata, qaragüruha və cəhalətə qarşı mübarizəyə səsləmiş, bu mübarizənin də yalnız elm və təbiəti öyrənməklə mümkün olacağını demişdir. Mövhumatın yeganə dayaq nöqtəsinin qorxu olduğunu söyləyən Lukretius, xalqı azad olmaq, hür yaşamaq üçün qorxudan qurtulmağa çağırmışdır.
“Hər şeyin təbiəti haqqında” bəşəriyyətin inkişafında müstəsna rol oynamışdır. Kitab XIV-XVII əsrlərdə Qərb mütəfəkkirlərinin ən çox müraciət etdikləri mənbə idi.

İtaliyalı rahib, filosof və astronom Cordano Bruno (1548-1600) Lukretiusun kainatın sonsuzluğu tezisini mənimsəyir. O, Nikolas Kopernikin modern astronomiyanın başlanğıcı sayılan planetlərin sabit trayektoriya üzrə Günəş ətrafında dönməsi nəzəriyyəsini, kainatın zaman və fəzada sonsuz olduğunu da qəbul edir.
Fəqət Lukretiusun əsəri Katolik kilsəsi tərəfindən yasaqlı idi. Üstəlik Vatikan kainatın mərkəzi olaraq Yer kürəsini qəbul edirdi. Və Cordano Bruno Roma İnkvizisiya məhkəməsi tərəfindən əvvəlcə məhkum, arxasınca da edam edildi. Özü də diri-diri yandırılaraq…
Bundan 9 il sonra görkəmli İtalyan fiziki və astronomu Qalileo Qaliley (1564-1642) öz əli ilə ilk teleskopu düzəldir və onu “göyün yeddi qatına” yönəldir. O, ilk müşahidələrində Aydakı dağları, Yupiterin peyklərini kəşf edir. Kepler və Klavius kimi nəhənglər Qalileyin bu kəşflərini təsdiq edir, onu Xristofor Kolumbla bir zirvəyə qoyurlar.

Qaliley kainatın heliosentrik modelini qəbul etdirmək üçün çox çalışır. İncilə görə Yer kürəsi hərəkətsizdir. Qalileyin şöhrəti artdıqca katoliklərin qatı mövqeyi yumşalır. Və nəhayət, 1611-ci ildə Qaliley Vatikana gedərək tezislərini Roma Papasına qəbul etdirir, sübut edir ki, pozitiv elm dinə qarşı deyil.
Bu, Avropada elmin təntənəsi, insan oğlunun qaranlıqdan aydınlığa sıçraması və Qərbin önünə keçilməsi imkansız yüksəlişinin başlanğıcı idi. “Yeni fikir əvvəlkini məhv edir” demişdi miladdan öncə Lukretius. Elə də oldu, Avropa yeni bir formasiyaya – Aydınlanma çağına keçirdi, elmin, irfanın hegemon olacağı yeni bir dünyaya.
* * * * *
“Ziç” (və ya «Zic-i Hakani») ulduzların yerini göstərən cədvələ deyilir. N. Tusi  Uluğ Bəyin “Ziç”ləri məhşurdur. Münəccim Takiyüddin Efendi (1521-1585) Sultan III Murada ünvanlandığı bir məktubda Uluğ Bəy “Ziç”lərinin  köhnəldiyini yazır. Padişah da rəsədxana qurulub yeni ulduz kataloqu hazırlanmasına qərar verir. Qərar III Muradın elmə olan sevdasından deyil, ulduz falı ilə iqtidarının nə qədər sürməsini bilmək istəyindən irəli gəlirdi.

Və 1575-ci ildə ilk Osmanlı rəsədxanası “Dar el-Rasad el-Cedid el-Sultani”nin inşaatı bitir. İstanbulun Tophane səmtindəki bu möhtəşəm tikilidə istifadə olunan alətlər, pərgər və saatları Takiyüddin Efendi öz əlləri ilə, əsasən də Tiço Brahenin o dövr üçün mükəmməl sayılan ədəvatlarını örnək alaraq hazırlayır.
Tiço (Tycho) Brahe (1546-1601) İntibah dövrünün tanınmış Danimarka alimidir. Üstün elmi fəaliyyətinə görə Kral II Frederik rəsədxana qurmaq üçün ona Hven adasını hədiyyə edir. Brahe orada qurduğu rəsədxanaya “Uraniborg”, yəni “Uraniya Qəsri” adı verir. Zevsin qızı Uraniya yunan mifologiyasında astronomiyanın muzası-ilham pərisidir.
Takiyüddin Brahenin araşdırmalarından xəbərdardır. Osmanlı Qərbə yetişməyə çalışır sanki, lakin III Murad dədəsi Fatih Sultan Mehmet kimi elmə, irfana maraqlı deyil, işi-gücü İmperatorluğun verdiyi arxayınlıq və əda ilə səltənətin torpaqlarını genişlətməkdir. Osmanlının ərazisi ən geniş məhz III Murad zamanında olmuş, Tiflis, Gəncə və Təbriz alınaraq imperiya şərqə doğru xeyli uzanmışdır.

Avropa Kopernikin “Göy cisimlərinin dönüşü haqda” adlı kitabı ilə böyük elmi tərəqqi üçün hərəkətə keçdiyi vaxtda İstanbulda ilk rəsədxana işə başlayır. Onun açılışından 2 il sonra – 1577-də İstanbul səmalarında quyruqlu ulduz görünür. Padişaha xoş olsun deyə bunu səadətin xəbərçisi kimi müjdələyirlər. Lakin, vəba epidemiyası və arxasınca da zəlzələ insanları vahimələndirir.

Cahil xalq fəlakətin səbəbini rəsədxanada görür. Çünki, münəccimlərin rəsədxanadan durbinlə mələklərin naməhrəm yerlərini seyr etdiklərini düşünürlər.

Və 1580-ci ildə III Muradın əmri ilə rəsədxana dənizdən atılan top atəşi ilə yerlə bir edilir. Yerində isə rəsədxananı dəqiq nişan alaraq vuran Kaptan-ı Derya Kılıç Ali Paşa adına məscid tikilir.
Qısa bir müddət sonra Takiyüddin Efendinin ürəyi partlayıb ölür. Bu gün dil uzatdığımız Avropa isə çağdaş nailiyyətləri ilə bərabər Hven adasındakı Uranoborgla qürur duyur.
* * * * *
Viktor Hüqonun bu sözlərini çox sevirəm, onu tələbə vaxtı dəftərimə yazmışdım qırmızı qələmlə:“O, səndələyir, büdrəyir, yıxılır, amma yenə də ayağa qalxır, əlləri ilə toxunaraq yolunu tapır və inadla irəli gedirdi – vəssalam. Qələbənin bütün sirri bundan ibarət idi”.  Viktor Hüqonun bu sözləri mənə Avropanı xatırladır, onun düşüncəsini, dünyaya və həyata baxışını. Şərq görkəmli İslam alimlərini, mütəfəkkir və filosoflarını xalqın gözünü açarlar deyə qanlı və qansız məhv etdi, kitablarını yandırdı, mətbəəni 300 il sonra gətirdi, Qərb isə insanını oxumağa, düşünməyə, araşdırmağa sövq etdi. Şərq asan yolu tapıb hər şeyi Yaradana-Allaha bağladı, Qərb isə qorxudan azad olmaq üçün öyrənin dedi.
Qərbin qüdrəti, üstünlüyü insan kimi yaşamağın yolunun oxumaq və çalışmaqdan olduğunu anlamasındadır. Yoxsa 1500 illik səhra mistisizmində muncuq axtarmaq qəflətdir, cəhalətdir, fəlakətdir.
Qərbə təmayül edildiyində millətlər, başqa yönlər seçiləndə isə tək-tük fərdlər mutlu olurlar. Bütün məsələ də doğru seçim etməkdədir…
 
Eppiy nəql edir ki, Axureziyada, hansısa vilayətdə bir yer var. Ki, orada bədənlərimiz və ruhlarımız bizim deyil, solmuş xəyalətləri var ancaq onların.
 
Titus Lukretius Karus
 
İbrahim Nəbioğlu

"Paralel.az"

0.025263071060181