“VİCDAN SIZlAYIR”- Solmaz Rüstəmova Togidi
Sosial şəbəkələr yenə “ziyalı”, “cümhuriyyət tarixçiləri” axtarışındadır.
Dekabrın 24-də ölkə başçısı Qərbi Azərbaycan icmasının bir qrup nümayəndəsi ilə görüşündə bu icmanın və dövlətin itirilmiş torpaqlar mövzusuna toxunaraq bir daha İrəvanın və Zəngəzurun ermənilərə verilməsi məsələsini gündəmə gətirib və bu tarixi aktları “xəyanət”, “cinayət” kimi qiymətləndirib.
Cəmiyyətdən, xüsusilə gənclər tərəfindən bu ağır ittihamlara dərhal reaksiya gəlib, Cümhuriyyət tarixinin bu səhifələrinə müraciət olunub, müqayisələr edilib, eyni zamanda mənim də adım çəkilməklə bu dövr üzrə tarixçi mütəxəssislərin və ümumən özünü “ziyalı” bilən insanların məsələyə münasibət bildirməsi tələb edilib, “susanların” ünvanına “mövqesizlikdən” tutmuş daha xoşagəlməz sözlər işlədilib.
Cümhuriyyət tarixçisi həmkarlarımdan artıq bu gözləntilərə cavablar gəlməyə başlayıb, həmin mövzuda yazılarının, məqalələrinin adları sadalanır, nəşr tarixi və s. göstərilir. Başa düşüləndir.
Amma bu yazımda məqsəd heç də saysız oxucularım qarşısında özümü və həmkarlarımı “müdafiə” etmək, yaxud həmin tarixi məsələləri yenidən müzakirəyə çıxarmaq deyil. Düşünürəm ki, Cümhuriyyət tarixçiləri öz peşə borclarını kifayət qədər yerinə yetiriliblər.
Belə ki, bu dövlətin tarixi bütövlükdə və ayrı-ayrı problemlər üzrə faktlar, sənədlər əsasında araşdırılıb, cild-cild kitablar yazılıb, geniş və ətraflı şərh edilib və tədqiqatlar indi də davam edir.
Eləcə də Cümhuriyyət tarixi ilə bağlı bu və ya digər məsələlər mübahisə obyekti olanda tarixçi həmkarlarım daim öz mövqeyini ortaya qoyub, hər hansı faktın, hadisənin qəsdən təhrif edilməsinə, konyukturaya uyğun hallandırılmasına layiqli cavablar da verilib. Bundan artıq tarixçidən nəsə ummaq nə dərəcədə düzgündür…
Son nəhayətdə, bu tarixi faktlara, hadisələrə, tədqiqatlara, mütəxəssis şərhlərinə və mövqeyinə münasibət hər kəsin, hər oxucunun, hər Azərbaycan vətəndaşının öz şəxsi məsələsidir.
O cümlədən Dövlət başçısının da. Bir siyasət adamı, Azərbaycan dövlətçiliyinin üzləşdiyi müasir çağırışlara cavab verməyə məsul tarixi şəxsiyyət kimi yaxın keçmişimizlə bağlı bir sıra hadisələri və prosesləri qiymətləndirmək baxımından onun həmin tarixə öz nəzərləri və öz qiymətləri ola bilər. Bu haqqı danılmazdır!
Yəqin ki, oxucularımın, xüsusilə gənc dostlarımın zənglərinə, müraciətlərinə, çoxlarının hətta dilə gətirməsə də gözlənilən sorğularına cavab verdim qənaəti ilə yazımı burada qurtara bilərdim.
Amma içimdəki narahatlıqdan, məni səhərə qədər yatmağa qoymayan, əlimi-qolumu işdən soyudan anlaşılmaz ağrıdan qurtula bilmirəm, səbəbini də anlamıram.
Nədənsə yadıma məşhur vəkil dostumun bir statusu düşür: “Hərdən mən də … hər kəs kimi yaşamaq istəyirəm, amma nəsə mane olur. Deyəsən, vicdandır…”.
Daha sonra bu günlərdə 150 illik yubileyi keçirilən Ömər Faiq Nemanzadəyə həsr etdiyim və “525-ci qəzet”də nəşr olunmuş məqaləmdən bir epizod hey beynimdə fırlanır.
1919-cu ildə Gürcüstanda yaşayan Axıska və Azərbaycan türklərinin maraqlarını Gürcüstan Menşevik hökuməti qarşısında inadla müdafiə edən Ömər Faiq Nemanzadəni gürcü hökuməti 3 dəfə həbs etmiş, sonuncu həbsində bu mübariz insanı tam zərərsizləşdirmək məqsədilə onu siyasi məhbuslarla deyil, cani və qatillərlə bir kameraya atmış və ağır fiziki işgəncələrə məruz qoymuşdur.
Azərbaycan Cümhuriyyət dövləti ən yüksək səviyyədə Nemanzadənin müdafiəsinə qalxmış, Məhəmməd Əmin Rəsulzadə “Azərbaycan” qəzetində böyük məqalə ilə çıxış edərək “hər münasibətlə” azadlıq və demokratiyadan “bar-bar bağıran” Gürcüstan Jordaniya hökumətini söz, fikir azadlığını pozmaqda ittiham etmiş, şəxsiyyətini yüksək qiymətləndirdiyi Ömər Faiqin həbsinin və işgəncələrə məruz qalmasının “gürcü-türk yaxınlığına böyük ziyanlar, böyük zərbələr vuracağı” bəyənatını vermişdir.
Kifayət qədər ciddi və sərt tonda yazılmış bəyənatının sonunda Rəsulzadə Ömər Faiq kimi görkəmli xadimə qarşı bu haqsızlığın Azərbaycan cəmiyyətində oyatdığı ağır təsiri “Vicdan sızlayır” sözləri ilə ifadə etmiş və bu ifadəni məqaləsinin başlığına çıxarmışdır.
Bir daha dərk və qəbul etdiyim bir həqiqətin nə üçün daxili rahatlığımı pozduğu üzərində düşünürəm.
Azərbaycan dövlətçiliyinin təşəkkülü prosesində tarixi torpaqların, xüsusilə İrəvan və Zəngəzurun itirilməsi məsələsinə münasibətdə hər kəsin şəxsi mövqe və yanaşma haqqını bir daha özüm üçün vurğulasam da, Ölkə başçısının son çıxışının cəmiyyətdə, o cümlədən mənim özümdə oyatdığı ağır təəssüratı hər halda məchul “vicdan” anlayışı ilə deyil, daha dəqiq səbəblə izah etməyə çalışıram və deyəsən bu izahı tapıram:
Cümhuriyyət hökumətinin İrəvanın güzəşti ilə bağlı bu tarixi qərarına dair “xəyanətdir”, “cinayətdir” - ittihamları yalnız həmin hadisənin mahiyyəti ilə məhdudlaşmır. Bu ittihamların arxasından artıq həmin qərarı qəbul etmiş konkret insanların, şəxsiyyətlərin siması boylanır, suallar meydana çıxır.
Xəyanət, Cinayət varsa, Kimdir xəyanətkar? Kimdir cinayətkar?
Ekstremal şəraidə yad ölkədə və yad paytaxtda yığışaraq yüz ildən artıq ayrı-ayrı rus quberniyaları kimi pərən-pərən olmuş Azərbaycan torpaqlarını bir yerə toplamaq və dövlət yaratmaq qərarını vermiş o 35-40 nəfər Azərbaycan kişisimi?
Fətəli Xan Xoyskimi?
Bir gün əvvəl ayaq üstə, alqışlar və göz yaşları ilə elan edilmiş Azərbaycan İstiqlalının yalnız kağız üstə qalmaması üçün bir neçə saatdan sonra çağırılan taleyüklü iclasda “İrəvanın verilməsini qaçılmaz acı həqiqət” kimi qiymətləndirib müzakirəyə çıxaran bu Hökumət başçısımı? Üzeyir bəyin təbirincə, “ köhnə taxta parələrindən əmələ gəlmiş” Azərbaycan adlı gəmini “böylə qorxulu bir zamanda, fırtınalı gündə, dərya üzərində hər an dağa-daşa çırpılıb dağıla bilmək təhlükəsi qarşısında, bu dağın, bu daşın arasından salamatlıqla keçirib nicat sahilinə aparan” Fətəli Xan Xoyski iki ildən sonra erməni terrorçuları tərəfindən güllələnəcək...
Həsən bəy Ağayevmi?
Həmin iclası, sonralar Azərbaycan Parlamentini idarə edən, Sədr müavini kimi maaşını işçilərinə paylayıb, öz həkim qazancı ilə ailəsini güclə dolandıran bu adam iki ildən sonra erməni gülləsinə tuş gələcək.
Nəsib bəy Yusifbəylimi?
Batumda Türk Paşalarının Azərbaycan nümayəndə heyəti ilə danışıqlarda birmənalı qoyduğu “Bakının azadlığı İrəvandan keçir” tələbini Tiflisə çatdıran, qapalı iclasda yaranmış vəziyyəti Milli Şura üzvlərinə izah edən, həyətinin sökülmüş hasarının bərpası üçün atasından borc istəyən Baş Nazirmi ? Azərbaycan Cümhuriyyət hökumətinin nüfuzunu şəxsi nümunəsi ilə Amerika-Avropa nümayəndələri qarşısında təsdiq etmiş bu adam da iki ildən sonra faciəli surətdə qətlə yetiriləcək...
Məmməd Həsən Hacinskimi?
Cümhuriyyət tarixinin ən görkəmli, fədakar, eyni zamanda ən faciəli xadimlərindən biri, Türk ordusu Qafqaz Cəbhəsi komandanlığı ilə Batum danışıqlarının bütün ağırlığını öz çiyinlərində hiss etmiş, Cümhuriyyət hökumətində ən yüksək vəzifələr tutmuş bu adamın taleyi də faciəvi olacaq. İşğal ərəfəsində istiqlalçı məsləkdaşlarından fərqli etdiyi seçimin neçə illər sonra fəlakətli sonluğu qarşısında həyatını intiharla bitirəcək...
Məhəmməd Əmin Rəsulzadəmi?
Batum danışıqlarında İrəvanın verilməsi ilə bağlı göstərdiyi inad qarşısında türk paşalarının barmaqla hədələdiyi, üzünə qapı çırpdığı, bütün xidmətlərindən savayı, Cümhuriyyətin hələ yalnız “Azərbaycan” adlandırılması üçün təklikdə bütün İran dövləti və mətbuatı qarşısında duran bu adam ömrünün sonunadək bütün ailəsinın – uzun illər təqibə və repressiyaya məruz qalması və nəhayətdə məhv edilməsi (anası, xanımı, 24 yaşlı oğlu, 2 qızı, 2 nəvəsi) kimi bir dərdlə yaşayacaq, ağır mühacirət həyatını bütünlüklə “Azərbaycan savaşına” həsr edəcək...
“İrəvanın güzəştə gedilməsinə” razılıq vermiş digər iclas iştirakçılarının da adlarını və taleyini sadalamağa ehtiyac varmı?
Nəriman Nərimanovmu?
Yalnız öz şəxsi nüfuzu və Cümhuriyyət ordusunun 1920-ci il Qarabağ müharibəsində qələbəsi hesabına Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılmasına güclə nail olmuş, lakin Zəngəzur məsələsində Leninə qədər çıxsa da, onun bir hissəsinin Ermənistana verilməsinin qarşısını ala bilməmiş, dövlət başçısı kimi öz gücsüzlüyündən müəmmalı ölümünə qədər əzab çəkmiş bu insana da həmin ittihamları aid etmək olarmı?
Suallar cavab üçün qoyulmayıb. Bəlkə yalnız düşünmək üçün…
Bu sətirləri yazmaqda məqsədim də Azərbaycan dövlətçiliyinin bu görkəmli qurucularına bəraət qazandırmaq deyil. Onların heç birinin hər hansı “bəraətə” ehtiyacları yoxdur.
Azərbaycan tarixini yaratmış bu Böyük Kişilər ən ağır bir dövr və şəraitdə Vətən bildikləri ərazilərin və mənsub olduqları xalqın məsuliyyətini öz öhdələrinə götürəndə yəqin ki, hansı yükün altına girdiklərinin fərqinə varırdılar və Dövlət adamı kimi amalları və əməlləri ilə Tarix qarşısında cavab verməli olacaqlarını da bilirdilər.
Zaman gec-tez hər şeyi öz yerinə qoyur, hər kəsin Tarixdə öz qiymətini verir.
Bu da vurğlanmalıdır ki, 100 ildən artıq müddətdə nə bu şəxsiyyətlərin yaratdıqları dövlətlərdə yaşayan azərbaycanlı nəsillərin, nə dəyişən siyasi rəhbərliklərin, nə də tarixini yazanların bu tarixi Yaradanlara qarşı münasibəti heç vaxt birmənalı olmayıb. Ən müxtəlif səbəblərdən.
Amma görünən və bu günkü reallıq da budur ki, hər hansı münasibətdən asılı olmayaraq onların qurduğu dövlət durur və yaşayır. Və bu dövlətin hər bir vətəndaşı, hər bir azərbaycanlı onun keşməkeşli tarixinə bələd olduqca onun səhifələrindən öz dəyərlərinə uyğun Qəhrəmanlarını seçir, qiymətləndirir və yaşadır.
Bu yazımla da heç kəsə deyiləcək bir sözüm, fikrim yoxdur. Sadəcə özüm üçün yazdım. Rəsulzadənin təbirincə, “sızlayan vicdanımı” sakitləşdirdim və indi durub gündəlik işlərimə davam edəcəyəm.
P. S. Təşəkkürlər, Solmaz xanım