"İKT güzəştlər" paketi xeyli gecikmiş olsa da, çox əhəmiyyətli addımdır
Osman Gündüz:
Gələn ildən ölkəmizdə İT sektorda çalışan şirkətlər və mütəxəssislər, o cümlədən xarici vətəndaşlar ciddi güzəştlər əldə edəcəklər.
Görünür ki , hökumət son illərdə ölkə daxilində İKT sektorda mövcud olan durğunluğu aradan qaldırmaq və sürətli inkişafa nail olmaq, həm də regionda baş verən RELOKASİYADAN faydalanmaq istəyir.
Təəssüf ki, regionda relokasiyanın ilkin mərhələsi artıq başa çatıb və müharibə bölgələrindən miqrasiya edən İT mütəxəssislərin çoxusu qonşu ölkələrdə məskunlaşıblar.
İstənilən halda, artıq bizdə də gələn ildən İT sektorda çalışmaq istəyən xaricilərdən iş icazəsi tələb olunmayacaq.
Beləliklə, hazırda Prezident İlham Əliyevin imzası ilə Milli Məclisə müzakirəyə çıxarılan bir çox qanun layihələrində İKT sektorun inkişafı üçün VERGİ, SOSİAL, GÖMRÜK və MİQRASİYA ilə bağlı ciddi dəstək nəzərdə tutulub.
Güzəştlər 10 il müddətinə nəzərdə tutulur.
Düşünürəm ki, bu güzəştlərin tətbiqi Azərbaycanın İKT mühitini xeyli cəlbedici edəcək.
Yaxın perspektivdə İT biznes mühiti xeyli inkişaf edəcək.
Güzəştlər yeni İT şirkətlərin formalaşmasını sürətləndirəcək.
İKT sektorunda, xüsusilədə proqram təminatı sektorunda, İT kadr hazırlığı sahəsində ciddi inkişafı proqnozlaşdırmaq, bu sahədə eksportun artacağını gözləmək olar.
Ümumiyyətlə isə, bu güzəştlərlə yaxın bir neçə ilə Azərbaycanda ÜDM-də İKT-nin payı az da olsa yüksələcək.
Hazırda isə bu sahədə ölkəmizdə vəziyyət qonşu ölkələrlə müqayisədə xeyli geridədir.
Beləliklə, hökumətin "İKT güzəştlər" paketi gecikmiş də olsa çox əhəmiyyətli addımdır, tez bir zamanda bu güzəştlərin tətbiqinə başlamaq, bu sahədə informasiyalı mühit formalaşdırmaq doğru olardı.
Yeri gəlmişkən, ciddi "İKT güzəştlər" paketinin hazırlanması və qəbul ediləcəyi ilə bağlı mesajlar uzun müddət müzakirə olunsa da məhz indiki RİNN rəhbərliyi dövrünə təsadüf etməsi də diqqət cəlb edəndir.
Paralel.az