Əlillər, qazilər tam hüquqsuz durumdadır
Əlillər, qazilər tam hüquqsuz durumdadır
Prezidentin aktları, NK-nın qərarları, qanunlar əlil -qazilərəşamil edilmir
Bu ilin dövlət büdcəsi də təsdiq olundu. Yenə də ekspertlər, deputatlar faiz hesabı ilə gəlirlərin son neçə ildə hətta 98 faizə çatdığını diqqətə çatdırdılar. Narazı qalanlar yenə deputatların özləri oldu. Sən demə, hər il iki dəfə verilən müalicəyə görə əməkhaqqı həcmində əlavə artıq ayrı verilməyəcək, əməkhaqqı məbləğinə daxil ediləcək. Bəs əhali, onun aztəminatlı hissəsi, əlillər, qazilər, şəhid ailələri? Yenə ümumi sözlərlə, beş – on il qabaqkına nisbətdə statistik artım faizləri ilə baş qatıldı.
Əlillərin cüzi pensiya – müavinətlərlə büdcədən rəqəm hesabı ilə aldıqları vəsait isə o qədər “möhtəşəmdir” ki, açıqlanması belə dəhşət saçır. Təsəvvür edin, 3-cü dərəcəli , yeni meyarla sağlamlığı 31-60 dərəcə pozulmuş Qarabağ əlili 120 manatın ümidinə qoyulub. 120 manatı əlil kommunal, nəqliyyat , rabitə xidmətinə , dərmana versin, yoxsa çörəyə? Bunu fikirləşən yoxdur? Deyəsən yoxdur! Olsaydı , bir deputatın 80 Qarabağ əlili qədər aylıq donluq almasına donub qalardı. 80 manat müavinətə baxan müharibə veteranı bəs işsiz – gücsüz necə dolansın? Bir deputat 120 Qarabağ qazisinə bərabərdir! ? Heç olmasa, Prezident fərmanı , sərəncamları, NK qərarları, qanunlarla, Konstitusiya ilə təminat verilən hüquqların həyata keçirilməsi ilə aztəminatlı ailələrin həyatını , az da olsa, yaxşılaşdırmaq olmaz ?
Qüvvədə olan, lakin tətbiq edilməyən maddi hüquq normaları : 1. Azərbaycan Respublikası Prezidentinin 26.12.2001 tarixli 613 saylı “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Fərmanı ilə qazi- əlillərə 26 manat, ümumi əlillərə 6 manat həcmində aylıq müavinət. 2. Prezidentin 29.12.2000 tarixli 597 saylı “Əlil olmuş və digər kateqoriyalardan olan bir qrup aztəminatlı vətəndaşlara dövlət yardımının artırılması haqqında” sərəncamı ilə l-lll dərəcəli Qarabağ əlillərinə ayrılan uyğun olaraq 14, 12 və 10 manatlıq aylıq müavinət. 3. “Əmək pensiyaları haqqında” qanunun 19-cu maddəsinə əsasən, 1-ci dərəcəli əlillərə qulluğa görə verilən cüzi 11 manat müavinət. 2019-cu ilin aprelindən ləğv edilib və 1-ci dərəcəli əlilə qulluq edən şəxsə Prezident təqaüdü kimi verilir. 2006-dan 2019-cu ilin aprelinə kimi verilməyən müavinətin verilməsini kim təmin etməlidir? Biz hələ 19.1.7 maddəsinə əsasən verilməli olan 55-110 manat arası Qarabağ əlillərinə müavinətin verilmədən ləğv edilməsini demirik.4. “Əmək pensiyaları haqqında” qanunun 29.2 maddəsinə əsasən, Prezidentin 23.12.2021 tarixli fərmanı ilə hərbi vəzifə maaşlarına 20 faizlik əlavənin müharibə əlililərinin, hərbi pensiyaçıların pensiyalarına əlavə edilməsi. 05.11.2022-ci il tarixli qanunla Milli Məclis 29.2 maddəsini ləğv edib . Konstitusiyaya görə, bu “ləğvetmə”nin geriyə qüvvəsi yoxdur. 5. NK-nın 09.01.2013 tarixli 2 saylı qərarı ilə hərbiçilərin ikiqat artan ərzaq payı normasına uyğun məbləğ (hazırda 200 manat civarında müəyyən olunub) 10 ildir verilmir.
MM-in hərbçilərin pensiyalarının əvvəl tutduqları vəzifələr üzrə artıma uyğun artırılmasının ləğv edilməsini, hər il indeksasiya ediləcəyi ilə “qayğı” kimi sırıması qazilərin , əlillərin “başına corab hörməkdən” özgə bir şey deyil. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” qanunun 58-ci maddəsi dolanacaq xərcləri indeksinin dəyişilməsi ilə əlaqədar pensiyaların yenidən hesablanmasını “Əmək pensiyaları haqqında” qanun qüvvəyə minənədək doğrulayırdı. Yəni indeksasiyanı yeni diqqət və qayğı kimi sırımaq , ən azı yersizdir.
Dəfələrlə Milli Məclisə müraciət edib, qanunların tətbiq edilməsini diləyən qazilərin, əlillərin qanunla qorunan güzəştləri , hüquqları hələ də təmin olunmur. Onda bu qanunların qəbul edilməsinin anlamı nədir?
Azərbaycanda ən yüksək hüquqi qüvvəyə malik olan qanun Konstitusiyadırsa, Konstitusiyanın 149-cu maddəsinə görə, qanunların, prezident fərmanlarının, NK qərarlarının icrası məcburidir. Bəs niyə Maliyyə Nazirliyi, Hesablama Palatası, Baş prokurorluq büdcədən əlillərə, qazilərə, şəhid ailələrinə. ..ayrılan vəsaitin ünvanı üzrə verilməməsinə hüquqi qiymət verilməsini təmin etmir?
MƏHKƏMƏ HAKİMİYYƏTİNDƏN DANIŞMAĞA DƏYMƏZ, DANIŞSAQ, AYRICA BİR QƏZET SƏHİFƏSİ GƏRƏK OLAR. Bircə onu deyək ki, əlillərin, qazilərinməhkəmə təminatı hüququna da kobud qadağa qoyulub. Bir sözlə, əlillər, qazilər tam hüquqsuz durumdadırlar. Bu hüquqsuluğun sonu isə görünmür.
Məğrur Bədəlsoy
P. S. Bir sual yadıma imzadan sonra düşdü : NİYƏ MİLLƏT VƏKİLLƏRİ QƏBUL ETDİKLƏRİ QANUNLARIN İCRASINI TƏLƏB EDƏ BİLMİR, YALNIZ ÖZLƏRİNİN “CİB XƏRCLİYİNİN”AZLIĞINDAN GİLEYLƏNİRLƏR?
"Paralel.az"