Yeni yaradılan şöbələrə yeni kadrlar hazırlanmalı idi
Dos. İlham Əhmədov
Bu gün ölkədə ali təhsil üzrə 3-4 nəfər strateq tapmaq mümkün deyil, amma universitetlərimizdə strateji məsələlər üzrə prorektorluqlar var. Bölmə var, amma startegiya yoxdur.
Eyni problem universitetlərin rəqəmsallaşması sahəsində də mövcuddur.
Ölkədə universitetlərin rəqəmsallaşması üzrə 3-4 nəfər mütəxəssis tapmaq mümkün deyil, amma rəqəmsallaşma üzrə prorektorluq var. Hələ də normal rəqəmsallaşan 1-2 universitetimiz yoxdur.
Eyni vəziyyət innovasiyalar üzrə də müşahidə edilir. Bütün universitetlərdə elm və innovasiyalar üzrə prorektorluq və bölmə var. Amma nə elm, nə də innovasiya var.
Universitetlərimizdə yeni bölmələr yaradılır. Amma bu bölmələrdə işləməyə səriştəli kadrlar vaxtında hazırlanmadığından, bu şöbələrin adı var, fəaliyyəti yoxdur.
Bəs bu yeni yaradılan bölmələrin inkişafı üçün universitetlərin büdcəsində əlavə bəndlə maliyyələşmə varmı? Yoxdur.
ETN heç olmasa belə nüanslardan xəbərdardırmı görəsən, gələcəkdə maarif nazirliyi kimi yox, ETN kimi nə vaxtsa fəaliyyət göstərməli olarsa, bu problemlərin mövcudluğunu nəzərə alacaqmı, onları həll etməyə çalışacaqmı? Hansı komanda ilə?
Yeni şöbələr açmaqla, onlara müasir adlar verməklə iş irəli getməz.
Atalar yaxşı deyib: “Kasıb inəyinin adını qızıl qoyar”.
"Paralel.az"