Dərdimizi kimə deyək?
Xaçmaz rayon mərkəzi xəstəxanasında özbaşınalıq və rüşvətxorluq baş alıb gedir. Burda icbari sığorta sisteminin sadəcə adı var. Əslində isə xəstəxanada xidmət pulludur və həkim xidmətindən tutmuş bütün digər xidmətlərə görə pul tələb olunur.
Hətta, analiz üçün xüsusi həcimdə olan qablar və qeydiyyat üçün kiçik dəftərçələr belə pulsuz verilmir.
Xəstəxananın özünün USM aparatı olduğu halda, həkimlər xəstələri özəl xəstəxanalara USM-dən keçməyə göndərirlər. Özəl xəstəxanalarda USM növbəsində saatlarla növbə sırası gözləmək də bir ayrı narahatçılığa səbəb olur. Ondan əlavə bura 20-30 manat pul ödəmək lazımdır. Səbəbi isə, xəstəxanada olan USM aparatının keyfiyyətsiz olduğu bildirilir.
,,Mükəmməl" fikirləşiblər. Onsuzda kasıb rayon camaatını bu kimi vasitələrə məcbur qoyaraq, əlindəki pulunu da alırlar.
Xəstəxananın içində gəzmək mümkün deyil. Həddindən artıq insanla yüklənmiş xəstəxana koridorları günün hər saatında nəzərə çarpır. Həkim kabinetlərinin önü və başqa xidmət kabinetlərinin qarşısından əsla sıxlıqdan keçmək mümkün deyil. Bundan əlavə pandemiyanın şərtlərinə də məhəl qoyulmur.
Xəstəxanada baş verən bu problemlərdən və özbaşınalıqlardan dolayı əhalinin böyük narahatçılıqları var. Ümid edirik ki, bu məsələyə əlaqədar təşkilatlar, qanun çərçivəsində münasibət bildirəcəklər.
P.S. Xaçmaz rayon xəstəxanasında qanunsuzluqlar səngimir. Media qurumlarından xahiş olunur ki, bu məsələni işıqlandırsınlar. Xəstəxanın fəaliyyəti nə üçün bu səviyyəyə çatıb? Rayon əhalisinin bu özbaşınalığa dözüm göstərməsi daha nə qədər davam edəcək?
Çingiz Şahbazi, "Paralel.az"