"Açıq mikrofon" aksiyası bu gün İsmayıllı sakinlərinin ixtiyarına verildi - FOTO
SOCAR "Azəriqaz" İB-nin bölgələrdə keçirdiyi "Səyyar qəbul otağı" İsmayıllıda qurulub.
"Paralel.az" xəbər verir ki, tədbirdə çıxış edən Ağsu RQİİ-nin rəsmisi aksiyanın keçirilmə məqsədini izah edib. O, qeyd edib ki, bu cür tədbirlərin təşkili sakinlərin qaz təchizatında üzləşdiyi problemlərin həlli istiqamətində mühüm əhəmiyyət kəsb edir.
Daha sonra İsmayıllı rayon İcra Hakimiyyətinin nümayəndəsi Həsən Həsənov aksiya iştirakçılarını salamlayaraq üzləşdikləri problemləri qeydə almağa hazır olduqlarını vurğulayıb. Mikrofon önünə İsmayıl Əlifovla Ötəxan Bidiyev keçərək Aşağı Zərnəvan kəndinin qazlaşdırılmasını xahiş ediblər. Bu kənddən fərqli olaraq qaz xətləri çəkilən Enişdibi kəndinin sakinləri isə qaz təchizatının qısa zamanda həyata keçirilməsini istəyiblər. Qalacıq kənd sakini Şakir Eminov isə fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı müraciət ünvanlayıb.
Vətəndaşa məlumat verilib ki, “SOCAR” “Azəriqaz” İB-nin daxili resursları hesabına çəkilən küçə xətlərinə qoşulma prosesi sakinlərin vəsaiti hesabına, xüsusi lisenziyası olan podratçı şirkətlər tərəfindən həyata keçirilməlidir. Mənzillərin və ya fərdi yaşayış evlərinin qazlaşdırılması istisna hal kimi şəhid ailələrinə və qazilərə şamil edilir.
"Açıq mikrofon" aksiyasında SOCAR "Azəriqaz" İB-nin Ağsu RQİİ-nin rəhbər şəxsləri səslənən problem və təkliflərin aidiyyəti üzrə yönləndiriləcəyini qeyd ediblər.