“Narkomaniyaya yox deyək!”  - FOTO

“Narkomaniyaya yox deyək!”  - FOTO
 


Gəncə Şəhər Ağsaqqallar Şurası tərəfindən Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Narkomaniyaya yox deyək!” devizi altında konfrans keçirilib.
Azərbaycan Ağsaqqallar Şurasından bildiriblər ki, konfransda torpaqlarımızın azadlığı uğrunda canını qurban verən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov dünyamız üçün ən böyük bəlalardan biri olan narkomaniyanın törətdiyi fəsadlardan söz açıb, bu “ağ ölümə” qarşı mübarizənin bu gün hamımız üçün çox aktual xarakter daşıdığını bildirib. O, narkomaniya əleyhinə görülən tədbirlərin daim ölkə rəhbərliyinin, aidiyyəti qurumların diqqət mərkəzində olduğunu qeyd edib.
ADAU-nun prorektoru Aida Qasımova çıxışında konfransın mövzusunun çox önəmli olduğunu qeyd edərək, hazırda narkomaniyanın tələbələr, hətta şagirdlər arasında yayılmasının qarşısının alınması məqsədilə bütün təhsil müəssisələrində tərbiyəvi işlərin və maarifləndirmə tədbirlərinin gücləndirilməli olduğunu vurğulayıb.
Sonra “Narkotik maddələrdən istifadə etmə nəticəsində baş verə biləcək fəsadlar”, “Narkoloji xəstələrin müayinə və müalicəsi”, “Narkomaniya ilə mübarizə və onun aradan qaldırılması tədbirləri” mövzularında çıxışlar dinlənilib.
Daha sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, regionun kuratoru Bayram Yusifov bu gün bəşəriyyət üçün böyük bir bəlaya çevrilən narkomaniyanın bir nömrəli problemə olduğunu deyib. Diqqətə çatdırıb ki, Azərbaycan Ağsaqqallar Şurasının yerli təşkilatları tərəfindən müntəzəm olaraq bu mövzuda tədbirlər, görüşlər keçirilir, maarifləndirici söhbətlər aparılır.
Narkomaniyanın cəmiyyətə və insanların sağlamlığına ziyanı və onun törətdiyi sosial bəlalar barədə ətraflı məlumat verilən konfransda tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında müzakirələr də aparılıb.
Sonunda B.Yusifov bu yaxınlarda 85 illik yubileyini qeyd edən Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri N.Məmmədova Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin təbriklərini çatdırıb və Əməkdar rəssam Rza Avşar tərəfindən çəkilmiş portretini hədiyyə edib.
Paralel.az
 
0.021342039108276