Əminə Yusifqızı sənət şayələrindən də danışıb
“Şeirləri bu gün də təkrar edirəm, yaddaşımı təzələyirəm. Hər sözün, bağlayıcının üstündə işləyirəm, sonra kitabı örtürəm, öz-özümə deyirəm. Səhv edəndə kitabı açıb baxıram. Çox istərdim ki, bu məsuliyyət gənclərdə də olsun. Gənclər ciddi işlərin arxasınca qaçsınlar. Bizi işimiz, sənətimiz insanlara sevdirib, amma indikilər deyir ki, elə necə olursa-olsun tanınım. Pis yaxud yaxşı tanınmaq onlar üçün məna kəsb etmir”.
"Paralel.az" xəbər verir ki, bunu xalq artisti Əminə Yusifqızı deyib. O daha sonra əlavə edib.
“Şəxsi həyatları ilə gündəmə gəlirlər. Mən əgər icazə verməsəm, kim mənim şəxsi həyatıma, yaşayışıma müdaxilə edə bilər ki? Demək ki, bunu onlar jurnalistlərdən istəyir. Hər zaman gənclərə tövsiyyə edirəm ki, günlərini boş keçirməsinlər. Həmişə nəsə öyrənsinlər. Televizora baxmaqdansa kitab oxusunlar. Nə arxamda, nə önümdə bir adamım olmayıb. Hər şeyə özüm nail olmuşam. Tamaşaçı yaxşını da, pisi də seçə bilir. Mən həm də psixoloqam. İnsanları çox yaxşı tanıyıram. Qızımın rəfiqələri zarafatca deyirdilər ki, Əminə xanım, biz ərə gedəndə oğlanı sənə göstərəcəyik (gülür). Şairləri də, şeirlərimi də o cür seçirəm” deyə sənətkar bildirib.
“Yaradıcılığa teatrda başlamışam. Teatrda daha çox böyük aktyorumuz Yusif Vəliyevin qızı rollarını oynayırdım. O tez dünyadan köçdü. Məni görənlər deyirdi ki, Allah atana rəhmət etsin. Elə bilirdilər ki, Əminə Yusifqızı, Yusif Vəliyevin qızıdır. Yaxşı ki, bədii söz mənimlə olub. O məni daha yaxşı yerlərə gətirib çıxardı. Bizim sənətdə belə şeylər çox olur. Teatrda Həsən Əblucla daha çox tərəf müqabili olurdum. Eyni yaşda idik. Hətta bir yazıçı bir dəfə gətirib bizə bir kitab bağışlamışdı. Kitabın üstündə yazmışdı ki, “Həsən Əbluc və Əminə Yusifqızına”. Elə bilirdilər ki, biz evliyik. Həsən də zarafat etdi ki, indi nə edək, kitabı yarı bölək?!” deyə xalq artisti bildirib.