Səadət Şıxıyeva: "müəllimi işdən çıxarmaq çıxış yolu deyil"

Səadət Şıxıyeva: 
 

"Şagirdini döyən müəllimi işdən çıxarmaq çıxış yolu deyil, heç problemin kosmetik həlli yolu da deyil. Bu məsələdə günahkar tərəfin birini sərt cəzalandırıb, digərini təqdir etmək cəmiyyət üçün yararsız fərdlərin yetişməsinə zəmin yaratmaqdır.

Müəllimin dərsini, əsəbini pozan şagird də günahına adekvat cəza almalı, valideyininə də müvafiq cəza növləri düşünülməlidir. Kiçik yaşlı uşağa əsassız əl qaldırmaq ayrı, tərbiyəsizlik edən yeniyetməyə cəza vermə isə ayrıdır. Uşağı döymənin tərəfdarı olmasam da, müəllimin maksimum səbrli olmasını düşünsəm də, ümumilikdə böyüyə qarşı hörmətsizliyə haqq qazandıra bilmirəm.

İctimailəşən bu məsələ təfərrüatlı araşdırılmalı, müəllimin pozulan hüququ bərpa olunmalı, həmin şagird və valideyninə isə sərt xəbərdarlıq edilməlidir. Eləcə də videonu çəkən, arxa fonda təhrikedici vaveyla səslərii çıxarıb durumu daha da gərginləşdirən şagirdlər də araşdırılmalıdır.

Müəllim şəxsiyyətini peşəsinə qurban demiş bir insan deyil, ikiqat hörmət haqq edən fədakar zümrənin nümayəndəsidir.

Aldığı azacıq maaş müqabilində onun vəzifə borcu gənc nəsli bilikləndirməkdir. Çətin tərbiyə olunan uşaqlarla isə ayrı qurumlar məşğul olmalıdır. Ümumilikdə orta məktəblərimizdə təlim-tərbiyə işlərinin, görünür, yenidən qurulmasına ehtiyac var."

Paralel.az

0.01932692527771