Bizim milli faciəmiz

Bizim milli faciəmiz
 

Qalib ARİF:
”Qısa qeydlər” silsiləsindən
Dostlar, mən on illərdir siyasi prosesləri izləyirəm, müşahidə edirəm. 1992-ci ilin payızında “Aydınlıq” qəzetində mənim imzamla “Siyasi partiyalar hakimiyyətdə, müxalifətdə və parlamentdə” məqalələr seriyası çap olunmuşdu. ABŞ-ın, Türkiyənn, Rusiyanın və Azərbaycanın nümunəsində liberal-demokrat, sosial-demokrat və klerikal partiyaların fəaliyyətini araşdırmağa çalışmışdım...
1993-cü ilin iyun ayında 30 jurnalistlə birlikdə mərhum Heydər Əliyevi Gəncə səfərində, Surət Hüseynovla görüşündə müşayət etmişdim. Etibar AMİP-i, Meydan Neməti Surətin sağdaşı və soldaşı kimi görmüşdüm. Məlum Rəhim Qazıyev isə bu məclisin “tamada”sı idi. “Azərbaycan Ermənistanla müharibə vəziyyətindədir, siz nə edirsiz?” sualını şəxsən Surət Hüseynova vermişdim. “Əvvəl burdakı ermənilərlə bacaraq, sonra ordakı ermənilərlə asandır” cavabını eşitmişdim. Yaxşı yadımdadır, camaat dəstə-dəstə küçələrə çıxırdı, Heydər Əliyevi qarşılayırdı. Kiçik qiyamçı Böyük insanın kölgəsində qalmışdı. Səfərdən qayıdanda Nəvaidə Surətin silahlıları ilə hökumət qoşunlarını qarşı-qarşıya görmüşdük... Həmkarlarla avtobusdan düşmüşdük, tərəflərlə görüşmüşdük, danışmağa cəhd etmişdik...
Bu hadisələrdən 1 ay sonra bir həmkarımın təşəbbüsü ilə Kələki kəndinə səfər etmişdim... Dırnısdan Kələkiyə doğru qalxan dağ yolu indi də gözlərimin qabağındadır. Kələkidə Geooloji ekspedisiyanın bağında mərhum Əbülfız Elçibəyi bir neçə saat gözləmişdik. Bağda acından kal alma-armud da yemişdik. Deyirdilər Prezidentin Türkiyədən qonaqları var, sizin gəlişinizdən xəbəri var. Nəhayət Bəyin bizimlə 10-15 dəqiqəlik görüşü oldu. Köməkçinin işarəsi ilə hərəmiz bir sual verə bildik. Mən Elçibəyə bugünki vəziyyətin ağırlığı, sabahkı iş planları haqqında sual ünvanladım. Sözünün canı bu, oldu ki, Azərbaycanı Kələkidən “Sputnik”lə idarə etmək niyyətindədir. “Türkiyəli dostlar artıq bizi hər cür avadanlıqla təmin etməyə boyun olublar” dedi...
Bu hadisələrdən əvvəl və sonra baş verən parlament çaxnaşmalarının demək olar ki, hamısında jurnalist kimi iştirak etmişəm. Dünən dağ başında olanların, Heydər Əliyev çıxış edəndə ayağını yerə vuranların bu gün ayağa düşdüyünü, yerlə süründüyünü şəxsən müşahidə etmişəm. Təsəvvür edin ki, məlum deputatın məşhur parlament isterikası zamanı mən yaxında dayanmışdım və “bir aktyorun teatrı”nı diktafona yazırdım. İndi də onun parlamentdə alovlu çıxışlarını eşidəndə həmin “teatrı” təəccüblə xatırlayıram. Mən özünə “Boz qurd” deyənlərin Heydər Əliyevə “dayı” dediyini heyrətlə xatırlayıram. Bu gün tarix yazanların dünən Vəzirova “MQU” müraciətini hazırladığını dəhşətlə xatırlayıram...
Artıq bu hadisələrdən 30 ildən çox keçir. Bu müddətdə yuxarılara inamım, aşağılara gümanım tamam itib gedib... Mən bu gün də əlimi ürəyimin üstünə qoyub bizim Azərbaycanda xalqına bağlı, Vətənə sadiq, milli maraqları özəl maraqlardan üstün tutan 10 siyasətçi saya bilmərəm. (Bəlkə siz saya bilərsiz: Bu meydan, bu da şeytan...) Amma inanın Allaha, gözlərimi yumub Rusiyada, Türkiyədə 10 belə siyasətçi saya bilərəm. Düşünürəm ki, bu bizim mentalitetimizdir, bu bizim milli faciəmizdir...

Paralel.az

0.026513814926147