“Tarixin zəfər yolu” və “Qax şəhidləri” kitablarının təqdimatı keçirilib - FOTO

“Tarixin zəfər yolu” və “Qax şəhidləri” kitablarının təqdimatı keçirilib - FOTO
 


AMEA-nın Mərkəzi Elmi Kitabxanasında müəllifləri Subut Mehdiyev və Səhər Manafova olan “Tarixin zəfər yolu”, “Qax şəhidləri” kitablarının təqdimatı keçirilib.Tədbirin əvvəlində Qarabağ savaşlarında canını qurban vermiş bütün şəhidlərimizin müqəddəs ruhu bir dəqiqəlik sükutla yad edildi.

Daha sonra giriş sözü ilə S.Mehdiyev gələn bütün iştirakçıları, ziyalıları, I və II Qarabağ savaşında iştirak edən qaziləri, dövlət xadimlərini salamladı. Müəllifi olduğu “Tarixin zəfər yolu” adlı kitabının məzmunu və mahiyyətini izah etdi. O bildirdi ki, şərəfli döyüş yolu keçən 30 nəfər bələdçi-kəşfiyyatçının əldə etdiyi qələbə müasir dövrdə ordu quruculuğu, bu istiqamətdə həyata keçirilən inkişaf yolu sayəsində başa gəlib. Daha sonra, söz “Qax şəhidləri” kitabının müəllifi Səhər Manafovaya verildi. Səhər xanım da şəhidlərimizin bizə yaşatdığı zəfər gününü xüsusi vurğulayaraq, tədbirdə iştirak edən bütün qazilərə və Qarabağ savaşında iştirak edən veteranlara qalib Azərbaycana bu sevinc hissini yaşatdıqlarına görə minnətdarlıq hissini bildirdi. Qeyd edək ki, Səhər Manafovanın qardaşı Manafov Şıxəli Manaf oğlu da I Qarabağ savaşında şəhidlik zirvəsinə yüksəlib. Müəllif kitabların ərsəyə gəlməsində onlara dəstək olan bütün səlahiyyətli şəxslərə, ələlxüsus da, qazilərimizə təşəkkürünü bildirdi. 

Qarabağ uğrunda gedən savaşlarda şücaət göstərən və canını Vətən yolunda fəda edən I Qarabağ müharibəsinin şəhidi, Milli Qəhrəman Cavanşir Məmmədovun ağbirçək anası Lalə Məmmədova fəxarət hissi ilə trubunaya dəvət edildi. Lalə xanım Milli Qəhrəman anası kimi bütün dünyasını dəyişən Vətən oğullarına Allahdan rəhmət dilədi, şəhid analarına daim başı dik və qürurla, fəxarət hissi ilə yaşamağı tövsiyə etdi. O bildirdi ki, ölkə başçısının əzmkarlığı, iradəsi və dəmir yumruğu sayəsində 30 illik həsrətə son qoyuldu, torpaqlarımız yenidən əsl sahiblərinə qaytarıldı. “Şəhid anası kimi bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə cansağlığı diləyirəm. Neçə-neçə çırağımız sönsə də, yenə də hər evdə igidlər böyüyür. Qoy böyüyən körpələr Vətənə, torpağa layiq böyüşünlər!”- deyə ağbirçək şəhid anası öz çıxışında vurğuladı. Milli Qəhrəmanın anası onu da xüsusi qeyd etdi ki, ölkə rəhbərliyi tərəfindən Azərbaycan şəhidləri hər yerdə layiqincə anılır.

Sonra söz Milli Məclisin deputatı Mahir Abbaszadəyə verildi. Mahir Abbaszadə xalqımızı qazandığımız uğur və nailiyyətimiz yönümündə, 30 illik həsrətə son qoyulmasında əldə edilən qələbəmiz münasibətilə bütün qazilərimizi və dünya azərbaycanlılarını səmimi təbrik etdi. Millət vəkili çıxışında vurğuladı ki, bu kitabların ərsəyə gəlməsi bizim üçün canlı tarixdir. “30 ildə işğal olunmuş ərazilərimiz ölkə başçısının səyi ilə geri alındı. Məndən öncəki çıxışlarda qeyd edildiyi kimi, cənab Ali Baş Komandanın dəmir yumruq siyasəti, 44 günlük savaş və mücadilə nəticəsində işğal altında olan torpaqlarımız əsl sahiblərinə geri döndü”. 

Natiq onu da qeyd etdi ki, dövlət büdcəsindən ordu quruculuğuna ayrılan vəsait ordunun inkişafına böyük təsir göstərir. M.Abbasov müəllifləri səmimi təbrik edərək, bunun gələcək nəsillər üçün vacib məqam olduğunu bildirdi və onlara gələcəkdə yeni-yeni nailiyyətlər arzuladı.
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov da tədbirdə çıxış etdi. O, öz çıxışında burada iştirak etməsini böyük bir qürur hadisəsi adlandırdı. İlqar İlyasov hər iki kitab müəllifini təbrik edərək, bu möhtəşəm layihənin gəncliyə böyük təsiri olacağından danışdı. Ikinci Qarabağ savaşında, 44 günlük müharibədə şücaət göstərən Laçın rayonundan olan və Babək Aslanovun rəhbərliyi ilə 30 nəfərlik kəşfiyyatçı taborun keçdiyi müharibə yolunun çətinliyindən söz açdı. Həmin ərəfədə hər bir laçınlının möhtəşəm qələbəyə çatmaq arzusunun böyük olduğunu xüsusi qeyd etdi. 

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İstimai birliyinin sədri Mehdi Mehdiyev bu kitabların canlı bir nümunə olmasını önə çəkdi. “Şəhidləri tanıtmaq və yaşatmaq üçün müəlliflərin araya-ərsəyə gətirdikləri bu kitablar canlı nümunədir”-deyə ifadə etdi. Natiq öz çıxışında onu da vurğuladı ki, bu səpkidən olan əsərlərin bədiiləşdirilməsi daha məqsədəuyğun olmalıdır. Qarabağ müharibəsində qəhrəmanlıq yolu keçən hər bir döyüşçünün keçdiyi savaş yolu bədii şəkildə yazılıb geniş ictimaiyyətin diqqətinə çatdırılmalıdır.

Daha sonra “Tarixin zəfər yolu” kitabının müəllifi Subut Mehdiyev yenidən söz alıb “Zəfər tarixinin Qəhrəmanları” layihəsi çərçivəsində “Qalib Azərbaycan” mövzusunda keçirilən yazı müsabiqəsinin qaliblərinin fəxri diplomla təltif olunmasından danışaraq, bu təqdimatın Şəhid-Milli Qəhrəmanın anası tərəfindən aparılamsının daha məqsədəuyğun olmasını vurğuladı.
Beləliklə, Lalə xanımdan diplomları təqdim etməsini xahiş etdi.

Millət vəkili Mahir Abbaszadə, YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov və ehtiyyatda olan polkovnik Rövşən Əlvəndov təltif olundu. Tədbirdə iştirak edən bir çox ziyalılar və hərbçilər, vətənpərvərlik mövzusunda nümunəvi yazılarla çıxış eləmiş ictimai-siyasi xadimlər və digər tanınmış simalr da diplomlara layiq görüldü.

Digər tədbir iştirakçılarından tanınmış şair Yusif Nəğməkar, tarix elmləri doktoru, professor Ələmdar Şahverdiyev, Laçın Rayon İcra Hakimiyyətinin başçısının müavini, ictimai-humanitar və siyasi şöbənin müdiri Aynur Həsənova, 30 nəfərlik kəşfiyyatçı dəstəyə rəhbərlik emiş tabor komandiri Babək Aslanov, komandir Muxtar Həşimov, hər iki Qarabağ savaşında döyüş yolu keçmiş Əli Hümbətov, tarix elmlər doktoru, professor Şikar Qasımzadə, “İnsan Hüquqlarının Müdafiəsi və Ekologiyanın Qorunması” İB-nin sədri, YAP Yasamal rayon təşkilatının sədr müavini Elşən Ağayev, şairə Telli Sənəm Borçalı, yazıçı-jurnalist İradə Qaracallı, tanınmış jurnalist Rizvan Əhmədli, Tanınmış ziyalı Varaşil Məmmədov, Şəmistan Məmmədov, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının “Qarabağ Müharibəsi Qəhrəmanları” fondunun rəhbəri, Şəhid-polkovnik Babək Səmidlinin bacısı Röksana Səfərzadə və başqaları da öz çıxışlarında təqdim olunan kitabların gələcək nəsillər üçün tarixi əhəmiyyətinin olduğunu vurğuladılar. 

Sonda bütün tədbir iştirakçılarına müəlliflər tərəfindən kitablar təqdim edildi və xatirə şəkli çəkdirildi.

Səadət Sultan, Yazıçı-publisist

Paralel.az

0.018953084945679