Təhsildəki problemlər niyə ilbəil artır?  

Təhsildəki problemlər niyə ilbəil artır?  
 

Dos. İlham Əhmədov

Elm Təhsil naziri E. Əmrullayev hər dəfə çıxışlarında deyirdi ki, problemlərdən danışın, problemlər qaldırın, təkliflər verin. Bu  sözləri ilk dəfə eşidəndə, sözün düzü çox sevindim. Fikirləşdim ki, nəhayət ki, təhsilin rəhbərliyinə tənqidə açıq, tənqiddən qorxmayan, təşəbbüslərə, innovasiyalara açıq, mütəxəssislərlə  dialoqa meylli,  real inkişaf istəyən birisi gəlib. Biz də vaxt olduqca nazirin bu tövsiyyələrinə hörmət əlaməti və təhsilin inkişafına dəstək niyyəti ilə problemləri qaldırdıq, təkliflər verdik. Son 30 ayda müxtəlif saytlarda  200-dən artıq problem xarakterli məqalələr yazdıq, hər məqalədə də 1-2 təklif verdik.  Təəssüf ki, bu məqalələrdə qaldırılan problemlər və verilən təkliflər havada qaldı. Hesab edirik ki, təhsili inkişaf etdirmək istəyən komandaya təhsilin müxtəlif istiqamətlərində olan bu 200 təklif kifayət idi ki,  təhsili  durğunluqdan çıxarsın.  

Nazirin etiraf etdiyi kimi,  təhsilimizdə ideya çatışmazlığı var. Son  illər nazirlikdə çalışan əməkdaşların əksərinin təcrübəsiz və ya mütəxəssis olmadığını nəzərə alaraq xeyli  ideyalar verdik.   Dəfələrlə etiraf etdiyi kimi, təhsil mövzusunda çox vaxt məişət səviyyəsində müzakirələr gedir.  Bu müzakirələrdə elm, elmi ideya, monitorinq araşdırmaları, proqnozlar, faydalı tövsiyyələr, innovasiyalar çox azdır.

Amma bu qədər problemləri olan nazirlik, verilən təklifləri  qiymətləndirə bilmirsə, bu özü bir problemdir. Bu müəllimlərin şaftalı sözünü yazmasından və ya kvadratın perimetrini səhv hesablamasından da böyük faciədir. Faktiki olaraq, ETN-nin təhsilə və elmə belə münasibəti onun gələcək fəaliyyətini elm və təhsilin yeni tələbləri  səviyyəsində qura biləcəyinə inamı azaldır.      
Bu ərəfədə  Milli Məclisdə “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda ictimai dinləmə keçirilmişdir.   Tədbirdə millət vəkilləri və ETN-nin əməkdaşları iştirak ediblər. Nazirin çıxışından bəzi məqamlara diqqət edək: "30 il müstəqillik dövründə ancaq qəbul və buraxılış imtahanlarındakı nəticələrdən şikayət etsək, növbəti otuz ildə də bu barədə düşünəcəyik".
Sual olunur:  bəs imtahan nə üçündür?  Təhsilin keyfiyyəti  bəs necə müəyyən edilməlidir?  ETN axı özü  qiymətləndirməni,  imtahanları çox sevir, iki ildir ancaq bundan danışır. Bəlkə, növbəti 30 ildə də buraxılış imtahanından yox, sertifikasiyadan danışaq? Missiya  yalnız məktəblərdə vakant yerlərin sayını artıqmaqdır?  İşdən çıxan  minlərlə müəllimin  ETN heç bir aidiyyəti yoxdur?   Onlar bəlkə  başqa planetdə ali  təhsil alıblar?  Bu gün sertifikasiyadan keçməyən  müəllimlərlər dünən necə müəllim kimi işə qəbul ediliblər? Kim onları işə qəbul edib?  Niyə heç bu haqda danışılmır. Axı bu  hökuməti hörmətdən salır.

E. Əmrullayev daha sonra bildirib: “Uşaqların niyə aşağı nəticə göstərməsi hər dəfə sual olaraq verilir. Biz burada bunun niyəsini tapmalıyıq. Biz deyirik ki, hər il ikirəqəmli faizlərlə uşaqlar qəbul və buraxılış imtahanlarında bizim arzu etdiyimiz nəticəni göstərmir. Uşaqlar bizim gələcəyimizdir. Ona görə də məsələnin mahiyyətinə varmağımızda böyük fayda var. Fərqi yoxdur nazir kimdir, bunun üzərində işləməliyik."
Burada qeyd etmək istərdik ki, nazirin və komandasının kimliyi fərq edir, özü də çox ciddi.  Təriflədiyiniz Sinqapur və Koreyada  təhsil nazirliyinin heyətini öz  komandanızla müqayisə edin, fərqi görəcəksiniz.
" ... Biz burada bunun niyəsini tapmalıyıq" fikri haqqında. Bunun niyəsini parlament yox, müvafiq icra qurumu- yəni, ETN və onun nəznində olan ARTİ tapmalıdır. Son 8 ildə TN və ARTİ bunun niyəsini niyə tapmayıb?  Bu instituta 5-6 il rəhbərlik etmişiniz, vaxtınız və resurslarınız vardı bu haqda düçünməyə. Son 7-8 ildə   paylanmış 10 milyonlarla manatlıq qrantlar nəticəsində bunun niyəsi tapılmalıydı. Bu başqa bir  yazının mövzusudur.
Nazir  öz çıxışında pedaqogika elminə daha bir yenilik- innovasiya gətirib:  "Sinifdə az və ya çox uşağın olması təhsilin keyfiyyətinə təsir etmir.

" Uşaqların sayı keyfiyyətə təsir etmirsə, onda nazirliyin illərcə “mübarizə” apardığı repetitorluq bəs  niyə inkişaf edir?
İmtahanların nəticələrini göstərən iki rəqəmli ədədi konkret demək lazımdır, 70 % məktəbli 150 balldan az yığıb. Yəni məzunlar  maksimum balın  20%-ni toplayıblar.
Təhsildə olan problemlərimiz ilbəil artır. 30 il bu barədə danışdıq, belə getsə hələ 30 ildə  danışacağıq. Təhsilin büdcəsi artdıqca, problemləri də artır.  Deyəsən artan təhsil büdcəsi baş  gicəllənməsi yaradır, təhsil arxa plana keçir.  Bəlkə təhsil  problemlərini  həll etməyə elə Sinqapur və Koreyadan menecerlər   dəvət edilsin, çünki, bizim  menecerlər yalnız problemlər yarada bilirlər.

Paralel.az

0.028980016708374