Rüşvətin qarşisi alinmazsa, təhsil olmaz, təhsil olmazsa...
İdris Abbasov:
Rüşvətin qarşisi alinmazsa, təhsil olmaz, təhsil olmazsa, sağlam cəmiyyət olmaz...
Rüşvətin elə mərhələsindəyik ki, maarifləndirmə uzunmüddətli təsirini yalnız ən sərt cəzadan sonra göstərə bilər.
Təhsildən, müəllimlərdən yaman "de-ha-de" düşüb. Sən de, mən deyim, o desin, hamımız xorla deyək, məsləhətlər fışqıraq, nəsihətlər edək, bununla işimizi bitmiş sayaq. Evə qayıdaq, işdə, vəzifədə xalqın qara günü hesabına qamarladığımız haram pullarla xoş-beş həyatımızı davam etdirək, nəvələrimizin Mayami sərgüzəştlərini düşünək, amma ölkəni bu yolla yadlara satdığımızın fərqində də olmayaq, çünki namuzumuzu, vicdanımızı piy basıb.
Maddi-sosial durumu yetim müəlliminkindən dəfələrlə yüksək olan, bəzilərinin biznes şəbəkəsi dil açıb danışan deputatatlardan biri deyib: "Əgər bu gün təhsilin sağlamlaşdırılması üçün vacib addımlar atılmasa, bir neçə ildən sonra vəziyyət heç də ürəkaçan olmayacaq."
Son dövrlər saylarında ciddi artış olan təhsil ekspertlərindən biri də bir növ Təhsil nazirini təqlid edərək buyurub:
“Elə müəllimlər var ki, sözün sadə və ya mürəkkəb olduğunu bilmir”.
Bəh-bəh, nə gözəl cəh-cəh!
Əgər doğrudan, ölkənin dərdini çəkiriksə, gəlin, şaftalı, ya şəfdə-dəli kimi uşaq oyunlarını qoyaq bir yana.
Məgər möhtərəm deputat bilmirmi ki, müəllim deputla müqayisədə dilənçi həyatı yaşayır və xəbəri yoxdurmu ki, bunun tək bircə səbəbi vardır, o da ölkəni inkişafa qoymayan rüşvət və korrupsiyadır?! Rüşvətin səlahiyyət sahibi olduğu hansı müəssisədə təhsilin sağlamlaşdırılması mümkündür?! Böhranın səbəbini dilə gətirməkdən niyə çəkinirsiniz? Deputatsınız, məsələn, təşəbbüs göstərin, MM-də qanun qəbul edin, belə bir maddə əlavə edin ki, rüşvətxor yerindəcə güllələnsin! Buna təşəbbüs edə bilmirsinizsə, deməli, dediyiniz kimi, doğrudan da, fəlakətə gedirik. Rüşvətin tüğyan etdiyi yerdə keyfiyyətli təhsilin olmasını harada görmüsünüz?!
Orası da var ki, ölkənin canını alan rüşvətxor və korrupsionerlər haqqında sərt qanun (məhz ölüm hökmü) qəbul edilsə, qərbli qardaşlarımız bizi qara siyahıya salar, deyilmi? Amma özləri vaxtilə bir tramvay biletindən yayınanları yerindəcə güllələyirdilər. Sərt qanun tətbiq etdilər, düzəldilər, indi də adam kimi yaşayır, üstəlik, dünyaya meydan da oxuyurlar.
Bəs biz niyə etməyək ki?!
PS. Minlərlə şəhid verən bir ölkədə dövləti içdən dağıdan, onun namusunu ləkələyən rüşvətxor və ya korrupsionerin məhv edilməsi tam ağla və məntiqə uyğundur!
Paralel.az