"İnsanların həqiqətən də dinləri bilməsi onu daha mədəni, tolerant, multikultural edə bilər. Beləcə, insanlar radikalizmin qurbanı olmazlar".
"Paralel.az" xəbər verir ki, bunu açıqlamasında təhsil üzrə mütəxəssis Qoşqar Məhərrəmov deyib.
O bildirib ki, Türkiyədə bu çox geniş təcrübədir, dərsin adı "din kültürü və ahlak bilgisidir":
"Qeyd olunan dərsin fəlsəfəsinə uyğun dərs keçən adam Türkiyədə çox az tapılır. Halbuki illərdir, bunun fakültəsi var Türkiyədə. Çox müəllim Türkiyədə din kültürü yerinə din dərsi keçir. Dinlər haqqında məlumat yerinə dini ritualları öyrədir".
Ekspertin sözlərinə görə, Azərbaycanda belə bir dərsin fakültəsi də, kitabı da, məzmunu da yoxdur:
"Ona görə də belə bir dərsin məktəblərdə təklif olunması insanların özünəməxsus tədrisini nəticə verəcək ki, bu da ciddi fəsadlara yol aça bilər. Bir sözlə din kültürü dərsini dəstəkləsəm də, din dərsi olma ehtimalını nəzərə alaraq, buna hazır deyilik deyirəm".