Sertifikatlaşdırma ilə bağlı Milli Məclisdə ictimai dinləmə keçirilib - FOTO

Sertifikatlaşdırma ilə bağlı Milli Məclisdə ictimai dinləmə keçirilib - FOTO
 

Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda ictimai dinləmə keçirilib.
"Paralel.az" xəbər verir ki, dinləmə prosesində Milli Məclisin üzvləri, müxtəlif komitə rəhbərləri, təhsil ekspertləri və media nümayəndələri iştirak ediblər.

Görüşü giriş sözü ilə açan Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev bu prosesin Milli Məclis rəhbərliyi və Elm və Təhsil Nazirliyinin birgə təşəbbüsü ilə gerçəkləşdiyini qeyd edərək ilk belə təşəbbüsün təhsilverənlərin sertifikatlaşdırılmasına həsr olunmasının əhəmiyyətini vurğulayıb. Komitə sədri bu ilin yay aylarında keçirilən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müəllimlərin peşə səriştəsinin yüksəldilməsi və diferensial əməkhaqqı islahatı baxımından vacib məsələ olduğunu qeyd edib.

İctimai dinləmədə iştirak edən elm və təhsil naziri Emin Əmrullayev təhsilverənlərin sertifikatlaşdırılması prosesi və nəticələri barədə geniş təqdimatla çıxış edib.

Emin Əmrullayev sertifikatlaşdırma prosesinin Azərbaycanda müəllimlərin peşə yararlılığının ölçülməsi və diferensial əməkhaqqı sisteminin formalaşması baxımından zəruri olduğunu bildirərək ibtidai sinif müəllimləri üzrə sertifikatlaşdırmanın regionlar, yaş qrupu ilə bağlı nəticələrinə dair məlumat verib.

Nazir bildirib ki, müvafiq regionlar üzrə ümumilikdə 12 minə yaxın ibtidai sinif müəllimi sertifikatlaşdırma prosesinə cəlb olunub. Onların 76 faizi uğur qazanıb. Sertifikatlaşdırmaya birinci olaraq ibtidai sinif müəllimlərindən başlanılmasına aydınlıq gətirən Emin Əmrullayev bunu şagirdlərin ilkin biliklərə ibtidai sinifdə yiyələnmələri ilə əlaqələndirib.

Son illərdə mərkəzləşdirilmiş qaydada işə qəbul olunan müəllimlərin sertifikatlaşdırma nəticələrinə toxunan nazir bildirib ki, MİQ müsabiqəsi çərçivəsində işə qəbul olunan müəllimlərin sertifikatlaşdırma üzrə orta balı 53 təşkil edib.

Elm və təhsil naziri sertifikatlaşdırma nəticələrinə uyğun olaraq müəllimlərin əməkhaqqısında ciddi artım olduğunu da diqqətə çatdırıb və qeyd edib ki, sertifikatlaşdırma prosesi yaxın 4 il ərzində bütün ölkə müəllimlərini əhatə edəcək.

Daha sonra çıxış edən Milli Məclisin üzvləri, müxtəlif komitə rəhbərləri öz rəy və təkliflərini irəli sürüblər və təhsillə bağlı ictimai dinləməni yüksək dəyərləndiriblər.

Sonda elm və təhsil naziri emin Əmrullayev Milli Məclisin üzvləri və ictimaiyyət nümayəndələrinin suallarını cavablandırıb.

0.018806934356689