"Əhalinin vəziyyəti pisləşməyib, əksinə, rifahı yaxşılaşıb"
Azərbaycan əhalisi 11 ayda 25 milyard manatlıq ərzaq alıb.
2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 45 111 milyon manatlıq mal, o cümlədən 25 354,3 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 19 756,7 milyon manatlıq qeyri-ərzaq malları satılıb.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,2 %, qeyri-ərzaq malları üzrə 3,8 % artıb.
Ticarət, satış şəbəkələrində, marketlərdə, dükanlarda bahalaşmanı ən kiçik məhsulda olsun belə hiss etməmək mümkün deyil.
Ərzaqların satışında istər süni, istərsə də təbii 2-3 qat bahalaşmanın olduğunu görürük.
Maraqlıdır, xərclənən vəsaitin bu qədər artımına səbəb ərzaqların qiymətindəki bahalaşmadır, yoxsa istehlak həcmimiz artıb? Başqa sözlə desək, çox yeyirik, yoxsa bahalı?
Cebhe.info-ya açıqlamasında millət vəkili Məlahət İbrahimqızı bildirib ki, əhalinin ərzağa daha çox pul xərcləməsini öyrənmək üçün 25 milyardı əhalinin sayına, yəni 10 milyona bölməliyik:
"Bu da 2500 manat edir. Belə qiymətləndirməliyik. 2500-ü də 12-yə böləndə adambaşına ayda 200 manat pul edir. Ailədə 3 uşaq varsa, bu, 600 manat edir. Tamamilə razıyam ki, bir tərəfdən o anlama gəlmir ki, Azərbaycan əhalisi ərzaqa çox pul xərcləyib. Bu, orta rəqəmdir. Varlısı var, kasıbı var. Bu, elə də böyük pul deyil. Çünki ərzaq da bahadır, həm də bu qeyd etdiyim kimi orta rəqəmdir. Adam var ki, aya 300 manat, adam var 10 min xərcləyir. İstənilən halda bu, rifahı göstərir. Həm də Azərbaycanda zənginlərin sayı o qədər çox deyil ki, başqa cür dəyərləndirilə. Ona görə bu, o deməkdir ki, əhalinin vəziyyəti pisləşməyib. Əksinə, rifahı yaxşılaşıb ki, adambaşına belə rəqəm ortaya çıxır".
Deputat da etiraf edib ki, bahalaşma var:
"Bu, öz yerində. Ötən il xərclənən pullara baxıb, müqayisə etmək lazımdır. Əgər çox fərq yoxdursa, deməli, burada bahalaşma da var. Amma istənilən halda orta rəqəm göstərir ki, Azərbaycan əhalisi yoxsulluğa, kasıblığa doğru getmir".
Parlament üzvü sonda qeyd edib ki, Azərbaycan xalqının rifahında həqiqətən yüksəlmə var:
"Baxmayaraq ki, ölkədə müharibə olandan sonra ordu quruculuğu ilə bağlı əlavə xərclər olub, şəhid-qazi ailələrinin təminatı məsələləri var. Bütün bunları nəzərə alanda rəqəm göstərir ki, Azərbaycan əhalisinin 2022-ci ildə rifahı yaxşılığa doğru gedib".