Qocalıq, qocalıq...
Bilmirəm mən sənə alqışmı deyim,
Bilmirəm mən sənə qarğışmı deyim.
Qəfildən başımın üstünü kəsdin,
Suçlu uşaq kimi dondum yerimdə.
Əzəldən bəllidir istəyin, qəsdin,
Bax budur, gəlmisən günün birində...
De, nə gətirmisən “oradan” mənə?
Qocalıq, qocalıq, nə deyim sənə...
Maral buynuzutək şümşad ayaqlar,
Çiyələk dodaqlar, lalə yanaqlar,
İşvəli baxışlar, dalğalı saçlar
İndi yuxuma da gəlməyir mənim.
İndi dərdlərimin min bir rəngi var,
Mənə sevinmək də olubdur qənim...
Salam gətirmisən “haradan” mənə?
Qocalıq, qocalıq, nə deyim sənə...
Gəlmisən? Nə olar, buyur, keç başa,
Gəl bir az səninlə verək baş-başa.
Mənə gətirmisən bu çəlikləri?
Demək onlar mənə “ayaq” olacaq.
Bu gözlük, bu dizlik, bu qulaq pəri
Əzrayılla birgə “dayaq” olacaq...
Daha nə göndərib Yaradan mənə?
Qocalıq, qocalıq, nə deyim sənə...
Firuz Mustafa
Paralel.az