Üsyançılar İranın adının dəyişdirirlər - SON DURUM

Üsyançılar İranın adının dəyişdirirlər - SON DURUM
 

Siracəddin Hacı:
- İran molla diktaturasına qarşı olan üsyan 3 aydır ki, davam edir, bu üsyanı qadınlar başlatdılar, kişilər onlara dəstək verdilər, üsyan uzun çəkdi, şiddətli oldu – davam edir, öncəki üsyanlardan bir fərqi də odur ki, rejimin dayağı olan anlayışlara qarşıdır, bu, bir sosial inqilab deyil, anlayış inqilabıdır;
- Bugünkü durum belədir ki, qadınlar hüquqi vəziyyəti dəyişdirə bilmədilər, yəni onların tələbləri ilə bağlı olan qanun və qaydaların heç biri dəyişdirilmədi, rejim qanunlara toxunmadı, yumşaltmadı – bunun əsas səbəblərindən biri hərəkatın güclü təşkilatının, liderlərinin olmamasıdır;
- Ancaq qadınlar – üsyançılar feili durum yaratdılar, qanunlar dəyişdirilməsə də, sərbəstlik artdı, rejim də qadınların davranışlarına göz yummağa məcbur oldu – hadisələr qanunların da yumşalması yönündə inkişaf edir;
- İranın lideri Xamneyinin sərt mövqeyi davam edir, onun üsyançılarla bağlı məşhur sözlərindən biri budur: “Yara dərmanla sağalmırsa, onu qızdırılmış şişlə dağlamaq şərtdir”;
- Rejim bədəli ağır olsa da, üsyanı zamana yayaraq məğlub etmək yolunu seçdi, İran qanunlarını işə saldı, edam hökmünü gündəmə gətirdi, göz dağı vermək yolunu tutdu;
- Molla diktaturası edam hökmünün icrasında bu metodu tətbiq edir: hökmün çıxarılma zamanı qısadır, son edam hökmünün verilməsi 23 gün çəkdi, daha çox gənclər seçilir, edam hökmü bir-bir gerçəkləşdirilir, eyni gündə olmur, bu yolla psixoloji təzyiq, qorxu artırılır, edam hökmü Məşhəddə xalqın gözü qarşısında icra olundu, məqsəd qorxutmaqdır, rejim edam hökmünün icra olunduğu səhnəni mətbuata sızdırdı ki, daha çox adam görsün, edam olunan şəxsin edamdan öncə peşmanlıq videosu çəkilir, onun sözləri televiziyalarda yayımlanır, edam olunan şəxsin anası, bacısı, varsa, nişanlısı danışdırılır, onlar edama haqq qazandırır, Xamneyidən yardım istəyirlər, edam olunan şəxsin ailəsinə xəbər verilmir, o asılır, dəfn olunur, sonra ailəyə xəbər verilir;
- İslahatçılar, bir sıra din xadimləri edam hökmünün ömürlük həbs, ya da əlin, qolun kəsilməsi ilə əvəz olunmasını istəyirlər, deyirlər ki, edam üsyançıları daha da gücləndirəcək, rejimin xalqla olan bağını birdəfəlik qoparacaq;
- İslahatçılar etirazları birbaşa dəstəkləmirlər, onu rejimlə bazarlıq vasitəsinə çevirirlər, bu yolla da siyasi sistemdəki əvvəlki mövqelərini qaytarmağa çalışırlar;
- Xalq edamlara etiraz edir, ölkənin adını dəyişir, divarlara İran İslam Respublikası yerinə İran Edam Respublikası yazır;

Paralel.az

0.016014099121094