Özçivit sosial şəbəkələrdə tənqid olunub
Türkiyənin məşhur aktyoru Burak Özçivit sosial şəbəkələrdə tənqid olunub.
“Paralel.az” Türkiyə mətbuatına istinadən məlumat verir ki, Adel Ali Bin Əlinin dəvəti ilə dünya çempionatının oyunlarını izləmək üçün Qətərə gedən aktyor orada Hollivud aktyoru Kevin Speysi ilə görüşüb. Bu görüşdən sosial şəbəkə hesabında fotolar paylaşan Özçivit izləyicilərinin tənqidləri ilə üzləşib. Onun paylaşımlarına sosial mediada çoxlu şərhlər gəlib. 37 yaşlı Özçivitin pərəstişkarları Speysin cinsi təcavüz ittihamlarını xatırladıblar. Həyat yoldaşının paylaşımına ürək emojisi atan Fahriye Evcen də izləyicilərin qəzəbinə tuş gəlib. Bundan sonra aktyor fotoları səhifəsindən silib.
Burak Özçivitin paylaşımına təkcə izləyicilər deyil, həmkarı Tuba Ünsal da səssiz qalmayıb. Tuba Ünsal Özçivitin Qətərə reklam və pul üçün getdiyini xatırladaraq, "Bütün dünyanın qarşısında pul qarşılığında dayanan, təqib və zorlama ittihamı ilə mühakimə olunan aktyorun yanında poza vermək! Sizdən və sizinlə eyni işi etməkdən utanıram! Zorlanan uşaqlardan birinin 14 yaşı var!", - sözlərini yazıb.
Burak Özçivit isə hekayə bölümündə məsələyə bu sözlərlə aydınlıq gətirib: “Bu qədər həssas və üzücü məsələni sonradan öyrəndim. Bunun dərin üzüntüsünü yaşayıram. Lazım olanı da etdim. Bu məsələyə qarşıyam. Bu günə qədər belə idi və bundan sonra da belə olacaq. Hörmətlə”.
Qeyd edək ki, 63 yaşlı Oskar mükafatlı aktyor Kevin Speysi arasında 14 yaşında uşaq olmaqla 30 nəfərə təcavüz etməkdə ittiham edilib. Bundan əlavə o, “Netflix”dən uzaqlaşdırılıb və 31 milyon dollar təzminata məhkum olunub. Aktyor dəfələrlə ona qarşı olunan ittihamları rədd edib. Ona qarşı irəli sürülən ittihamlara görə uzun müddətdir böyük ekrandan və ictimaiyyətdən uzaq düşən Speysi yanvarın 16-da İtaliyanın Turin şəhərində keçirilən Milli Kino Muzeyi tədbirində spiker kimi iştirak edəcək. Aktyor həmçinin Ömür Boyu Müvəffəqiyyət Mükafatını da alacaq.