"Hiss olunur ki, regionda vəziyyət yenidən gərginləşir"

 

Osman Gündüz:

Etiraz aksiyasını kordinasiya etmək, aksiyaya qoşulmaq istəyənləri istiqamətləndirmək üçün vahid bir mərkəz formalaşdırmaq faydalı olardı
Hazırda Şuşa-Xankəndi yolunda etiraz aksiyası keçirən ekofəallarla, QHT nümayəndələri və jurnalistlərlə həmrəy olduğumu bildirirəm. Düşünürəm ki, tələbləri tam haqlıdır.
Bəzi dostlarımızın isə aksiyada iştirak edənləri aşağılamasını doğru hesab etmirəm, bunun indiki anda bizim milli maraqlarımıza uyğun olmadığını bildirirəm. Əlbəttə, ötənlərdə hər şey gözümüzün qarşısında olub.
Amma bəzən susmaqda da fayda var.
İndiki anda ermənilərin də Xankəndi meydanına toplaşdığı, bizim fəalların aksiya keçirdiyi əraziyə yürüş etmək istədikləri bildirilir.
Bu arada Rusiya Prezidenti Prezident İlham Əliyevə zəng edib.
Görünən odur ki, Azərbaycan hökumətinin üçtərəfli müqavilənin tələblərinin Ermənistan tərəfindən yerinə yetirilməsində mövqeyi birmənalıdır və bu mövqe doğru olaraq da getdikcə sərtləşdirilir.
Düşünmək olar ki, Azərbaycan hökuməti Ermənistanın revanşist hərəkətlərinin, sürətlə silahlanmasının, yeni texnologiyalara can atmasının, hərbi büdcə xərcləri kəskin artırmasının fərqindədir.
Hiss olunur ki, regionda vəziyyət yenidən gərginləşir.
Görünür ki, ermənilər və havadarları 44 günlük savaşda bizim qalib tərəf olduğumuzu, üçtərəfli müqavilə şərtlərini unudublar.
Hiss olunur ki, Rusiya sülhməramlıları və ermənilər situasiyanın bu formada dəyişməsindən çox narahatdırlar.
Bizim dövlət qurumlarının ərazidə monitorinqinə imkan verməyən sülhməramlılar və ermənilər üçün bu aksiya gözlənilməz olub.
İndiki anda təxribatlardan qorunmaq çox vacibdir. Təcrübə göstərir ki, rus hərbçiləri bunu yaxşı bacarırlar.
Düşünürəm ki, etiraz aksiyalarının idarə edilməsində səhvlərə yol verməmək, etiraz aksiyasını idarə etmək üçün, əlaqələr və kordinasiya üçün Komitə formalaşdırmaq doğru olardı.
Hökumətin dəstəyinə baxmayaraq aksiyanın vətəndaş cəmiyyətinin etiraz aksiyası olması, vətəndaş cəmiyyəti tərəfindən kordinasiyası və idarəetməsi doğru olardı.
Eyni zamanda düşünürəm ki, polis və digər güc qurumlarının da prosesləri diqqətlə izləmələri , aksiya iştirakçılarını mümkün ola biləcək hücumlardan və təxribatlardan qorumaq üçün ayıq-sayıq olması vacibdir.
Görünür ki, proses uzanacaq. Odur ki, aksiyanı idarə edən Komitənin ilk işlərindən biri də bu prosesə qoşulmaq istəyənlər üçün ağlabatan tövsiyələr verməsi olardı.
Aksiya Komitəsinin hökumətə, yerli siyasi qüvvələrə və vətəndaş cəmiyyətinə , beynəlxalq aləmə müraciətləri də faydalı olardı.

Paralel.az

0.016033172607422