Varlığından qürur duyduğum alim...
Elə alimlər var ki, xidmətlərindən xəbərsiz olduğumuzdan, onların haqqında heç bir məlumatımız olmur, sanki kölgədə qalırlar. Bunun da səbəbi yəqin ki, “sehirli güzgüdə” tez-tez görünməməkdir…
Deyir ki;- “Dilimiz üzərində çox böyük oyunlar gedir. Bunların içərisində müasir türk dilindən “varvarizm” modeli ilə gələn axını qeyd etmək istəyirəm. Azərbaycan dili türk dilləri içərisində tarixi-mədəni baxımdan ən mükəmməl dillərdən biridir. Onun üzərində cürbəcür eksperimentlərin aparılmasını, xüsusilə son dövrdə baş verən orfoqrafiya oyunlarını qəti qəbul etmirəm. Dilçilərimiz sözlər, şəkilçilər, hərflər üzərində oynayarkən dilimizin sabitliyini pozur, onu özünün təbii-stxial məhvərindən uzaqlaşdırırlar. Tez-tez həyata keçirilən orfoqrafiya “islahatları” hətta ən yaxın nəsillər arasında orfoqrafik sədlər qurur. Dil necə varsa – eləcə də qalmalıdır. Axı biz əlifba islahatlarının faciələrini yaşamış xalqıq.
Burada bir məsələni də unutmaq olmaz. Sanki unuduruq ki, Azərbaycan adlanan xalq yalnız Şimali Azərbaycanda yaşayan azərbaycanlılardan ibarətdir. Cənubi Azərbaycanda yaşayan və özünü günü bu gün də türk adlandıran xalqı sanki unutmuşuq. Ona görə də dil məsələlərində yalnız Şimali Azərbaycanın maraqlarına uyğun hərəkət etməməliyik. Bizim Vahid Azərbaycan Türkcəmiz var və atdığımız addımlar ona görə olmalıdır...”
Qəlbitəmiz, mərd, ürəyiyumşaq adamdır. Paxıllıq, gözügötürməməzlik ona yaddır. Başqaları haqqında danışarkən, yalnız müsbət xüsusiyyətlərini dilə gətirir. Özünə güvənməyi bacarır. Əzmkar və zəhmətkeşdir. Məhz bu xüsusiyyətlərinin hesabına adi bir kənd uşağından böyük bir alimə çevrilə bilib...
Haqqında söhbət açdığım alim AMEA-nın Folklor İnstitutunda Mifologiya şöbəsinin müdiri Seyfəddin Rzasoydur. O, 1961-ci ildə Biləsuvar rayonunun Bəydili kəndində dünyaya gəlib. Orta təhsilə orada yiyələnib. 1986-cı ildə indiki Azərbaycan Dövlət Pedaqoji Universi bitirərək bir müddət müəllim işləyib. 1996-cı ildən Azərbaycan Milli Elmlər Akademiyasında çalışır. 1997-ci ildə filologiya elmləri namizədi, 2013-cü ildə isə filologiya elmlər doktoru alimlik dərəcələrinə yiyələnib. 2010-cu ildə dosent, 2019-cu ildə isə professor elmi adlarını alıb. Folklor, mifologiya, ritual və ədəbiyyatla bağlı 17 kitabın, 300-ə yaxın elmi məqalənin müəllifidir...
“Dünyada bizim istəyib-istəmədiyimizdən asılı olmayaraq, “qloballaşma” adlanan proses gedir. Vurğulamaq istərdim ki, bu proses ona hansı dairələrin necə yanaşmasından asılı olmayaraq, həm də ilahi-dialektik hadisədir. “Vahiddən yaranan dünya, yenə də sonda vahidə müncər olunacaqdır”. Yəni zorla, ya xoşla, millətlərin, xalqların dillərin, mədəniyyətlərin arasında qovuşma gedir. Kimisi bu prosesdə yalnız iqtisadi maraqların, kimisə milli maraqların dərdini çəkir. Dünya elə bir “oykumen”, yəni evdir ki, biz hamımız bu evin içərisindəyik. Ona görə də evdəki atmosfer eyni zamanda bizə də təsir etməkdədir. Belə hesab edirəm ki, Azərbaycanı “qapamaqla”, biz qlobalaşmanın mənfi təsirlərindən yaxa qurtara bilməyəcəyik. Əksinə, ciddi bir model-proqram çərçivəsində dünyaya açılmaq, qloballaşma prosesinə ağıllı şəkildə qoşulmaq və ondan istifadə etmək lazımdır. Kütləvi informasiya vasitələrinin bu sahədə çox böyük rolu var. Biz radio-televiziyalarda, sosial şəbəkələrdə gedən antimilli təzahürlərə qarşı ictimai müqavimət təşkil etməli, bir xalq kimi gücümüzü göstərməliyik. Bu məsələdə heç kəs yaxasını qırağa çəkməməlidir. Dilimizə, mədəniyyətimizə və bütövlükdə milli kimliyimizə qarşı aramsız hücumlar göz qabağındadır. Birincisi, bunu demək, bəyan etmək, mahiyyətini xalqa izah etmək lazımdır. İkincisi, reallıq deyilən bir fakt var. Ölkədə dilimizə və mədəniyyətimizə yad gözlə baxan çoxsaylı insanlar yaşayır. Etiraf edək ki, bu gün Azərbaycan dilində təhsilin perspektivinə inanmayanlar böyük bir kütləni təşkil edir. Rusdilli təhsilə maraq kütləvi xarakter alıb. Bunun, təbii ki, səbəbləri var. İnsana yaşamaq instinkti xasdır. O, nə yolla olursa-olsun yaşamaq istəyir. Ona xoş həyat ana dilində təmin olunacaqsa, ana dilində oxuyacaq, yox, digər dillərdə olacaqsa, həmin dillərə meyllənəcək. Bu baxımdan, səsimizi qaldırmalı, buna qarşı bir millət olaraq mövqeyimizi ortaya qoymalıyıq. Şəxsi mövqeyimə görə, Azərbaycanda rus dilində dövlət məktəbləri olmamalıdır. Rus dili dövlət məktəbərində xarici dil statusunda tədris edilməlidir. İmperiyanın dili dövlət vəsaiti hesabına öyrədilməməlidir. Lakin ingilis dili ilə bağlı olduğu kimi, rus dilində də xüsusi məktəblərə maneçilik yaradılmamalıdır. Çünki bizə bu dilləri bilən mütəxəssislər də lazımdır.”- söyləyir.
Onun ən müsbət xüsusiyyətlərindən biri də vicdanlı və dürüst olmasıdır. Davamlı olaraq öyrənməyə, yeniliklər kəşf etməyə həvəslidir. Qürurludur, bu xüsusiyyəti bəlkə də kiməsə eqoist kimi görünür, amma inanın ki, daxilən çox sadə və insanpərvərdir. Yəni ilk növbədə nəzərə çarpan məğrur görkəmi, özünüçəkmək kimi deyil, xarakterik müsbət xüsusiyyət kimi qəbul olunmalıdır...
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva onun haqqında belə düşünür:- “Professor Seyfəddin Rzasoy Azərbaycan folklorşünaslığının sovet metodoloji stereotiplərindən təmizlənməsi, milli folklorşünaslıq elmimizin dünya sosial-antropoloji fikir dövriyyəsinə daxil edilməsi, Oğuz mifoloji düşüncə sistemi və milli kimlik arxetplərinin struktur-semiotik metodla tədqiqi sahəsində xüsusi xidmətləri olan alimdir. O, “Dədə Qorqud” kitabının ritual-mifoloji strukturunun bərpasının, dünya Qorqudşünalığına yeni baxış sisteminin gətirilməsinin, dastanın yeni tapılmış əlyazmasının (“Kitabi-Türkman lisani”) özünün yaratdığı transmediativ metodla araşdırılması, çağdaş milli ictimai şüurda epik-mifoloji düşüncə modellərinin rekonstuksiyası, habelə NİZAMİ yaradıcılığının etnik kimlik və milli düşüncə kodu kimi tədqiqi və b. sahələrdə fundamental əsərlərin müəllifidir!”
İdeal liderdir. Başçılıq etdiyi kollektivdə həm bir insan və həm də bir rəhbər kimi sevilir. O, ruhlandırmaq lazım gələni, öz enerjisi ilə ruhlandırır. Həyatı diqqətlə müşahidə etmək qbiliyyəti var. Öz enerjisini idarə etməyi bacarır. Boş yerə vaxt itirməyi sevmir, bütün işlərdə dəqiqliyi xoşlayır. Kimdənsə minnət götürməyi, kiminsə yanında başıaşağı olmağı, zəif adam təsiri bağışlamağı xoşlamır. Yalan danışmaqdan uzaqdır və eşitdiyi yalanı tez hiss edir, lakin zamanı çatana qədər susur. Bu səbəbdən də onunla səmimi və ehtiyatla davranmaq lazımdır...
Bəli, haqqında danışdığım Seyfəddin Rzasoy öz sahəsində böyük xidmətləri olan tədqiqatçı alimlərdən biridir…
Elman Eldaroğlu
Paralel.az