Atalar və oğullar
"Qorxulu nağıllar" silsiləsindən
Deyirlər qədim zamanlarda dağlarla aranların qovşağında varlı bir xan yaşayırmış. Allah ona var-dövlətdən, güc-qüdrətdən yox deyincə veribmiş. Sürülərlə heyvanı, ilxılarla atı, yüzlərlə kəndi, minlərlə kəndlisi... Sürüləri, ilxıları yayda dağlara, qışda aranlara yayılarmış. Dostlar ona hörmət edər, düşmənlər qorxarmış. Amma hər gözəlin bir eybi olduğu kimi, hər kəsin də bir dərdi olur. Xan üç dəfə evlənsə də, xan nəslindən gəlin gətirsə də, nəinki oğlu, nəinki varisi, hətta qız övladı da olmurmuş...
Xanın belə dərdli vaxtında onunla bir yerdə böyüyən, indi isə vəziri işləyən yaxın dostundan məsləhət istəyir. Vəzir deyir, xan sağ olsun, siz hər dəfə xan nəslindən evlənirsiz, əsil-nəcabətli, varlı-karlı evlərdən gəlin gətirirsiz. Amma heç biri bar vermir, sizi peşiman edir. Bəlkə gəlini təmiz dağ havasından, kasıb çoban qızlarının arasından seçəsiz?! Uşaqlıq dostunun fikri xanın başına batır, gözəl və gənc bir çoban qızı alır. Bir il keçir, iki il keçir, üçüncü il xanın bir oğlan doğur. Bir ay xanın evində, elində toy-bayram olur. Xanzadə böyüyür, 5 yaşına çatır. Hamı onun ağıl-kamalından, gözəl camalından danışır...
Amma pis günün ömrü az olduğu kimi, yaxşı günün də ömrü az olur. Xanın madar oğlu xəstələnir, günlərlə heç zad yemir. Xanzadə göz qabağında əriyir, hər gün geri gedir. Dağın, aranın, bütün dünyanın həkimləri gəlir, xəstəyə bir əlac edə bilmir. Xan belə dərdli vaxtında yenidən uşaqlıq dostuna müraciət edir, ondan kömək istəyir. Vəzir deyir, xan sağ olsun, mən təbib deyiləm, amma mənə elə gəlir ki, sizin oğlunuza əlac edə, onu xilas edə bilərəm. Bunu üçün mən uşağın anası ilə təklikdə görüşməli, danışmalıyam...
Qədim zamanlarda bu, təbii ki, mümkün deyildi. Xanın hərəmxanasına xandan başqa kişi girməzdi, xanımlara ancaq qadınlar, ya da xacələr qulluq edərdi. Amma bu xına o xınadan deyildi, xanın oğlu əldən gedirdi. Həm də bu “təbib” xanın uşaqlıq dostu idi, xan ona etibar edirdi. Əlqərəz, vəzir xanın kiçik arvadı ilə təkbətək görüşmək icazəsi alır. Söhbətə belə başlayır ki, hər şey ikimizin arasında qalacaq, amma siz mənə düzünü deməlisiz. Deyin görək uşağın əsl atası kimdir? Gənc qadın səsini çıxarmır, amma başını aşağı salır. Vəzir deyir sizin cavabınızdan övladınızın həyatı asılıdır...
Gənc qadın başını qaldırır, sirrini açır. Deyir ki, xan məni gəlin gətirəndən sonra birinci il uşağımız olmadı. İkinci il dava-dərman etsək də, xeyri olmadı. Mən hiss edirdim ki, üçüncü il də olmasa, xan mənim talağımı verəcək, atam evinə göndərəcək. Mən xan qızı deyiləm ki, uşağım olmasa da, xan atama, babama baxsın, məni saxlasın. İkinci ilin başında atamı-anamı, qardaşlarımı görmək adı ilə xandan icazə aldım, məni dağa, atamın-anamın yanına apardılar. Gecə ilə hamını yuxuya verdim, qızlıq dövründən sevdiyim gənc çobanın evinə getdim. Atası-anası, bacıları yatmışdı, amma özü oyaqdı, gözləri yoldaydı...
Bu vaxta kimi sakitcə dinləyən vəzir soruşur ki, siz həmin gecəni nə yediz? Xanım deyir çobanın evində axşamdan qalma ətli-sarımsaqlı xəngəl vardı. Yatanlar oyanmasın deyə qızdırmadıq, elə soyuq-soyuq yedik. Sonra mən getdim, o isə kandarda dayanmışdı, qaranlığa baxırdı... Vəzir soruşur, əgər lazım olsa, sabah həmin xəngəldən bişirə bilərsizmi? Xanım deyir niyə bişirmirəm, ata-baba yeməyimiz deyilmi?! Vəzir sakitcə xudafizləşib çıxır... Kiçik xanımın ürəyi isə, qəfəsdəki bülbül kimi çırpınır...
Vəzir səhər xanla görüşündə deyir, xan sağ olsun, mənə elə gəlir ki, xanzadəni sağalda bilərəm. Xan həyəcandan ayağa qaqlxır, heyrətlə vəzirə baxır. Vəzir deyir, siz kiçik xanıma göstəriş verin, təcili ətli-sarımsaqlı bir xəngəl hazırlasın. Oğlunuz bu yeməyi yesə, güman var ki, sağalsın... Xanın heyrətdən gözləri bərəlir, deyir sarımsaqlı xəngəl çoban-çoluq malıdır, mənim oğlum xan balasıdır... Vəzir deyir xanzadənin anası çoban qızıdır, qandan çox süddən asılıdır... Nə isə, ətli-sarımsaqlı çoban xəngəli hazırlanır...
Deyirlər xanzadə sarımsaqlı xəngəlin iyini hiss edən kimi gözlərini açır. Ətli xəngəlləri bir-bir qapıb ağzına atır. Bununla da xəstə sağalır, ayağa qalxır... Ata və oğulların nağılı da sona çatır...
Qalib ARİF
Paralel.az