Rüşvətin xirtdəyi elm və təhsildədir!

Rüşvətin xirtdəyi elm və təhsildədir!
 

Boş-boş nağıllara, qaravəllilərə inanmaqdansa, rüşvətin xirtdəyini üzmək lazımdır!

Elçibəy rüşvət almırdı, bəyəm, "onun vəzifəyə təyin etdiyi şəxslər rüşvət almırdılar! mənasına gəlirmi?! Milli duyğuların aşıb-daşdığı bir dövrdə də bu bəladan qurtula bilmədiksə, deməli, bu əxlaq xəstəliyinin düzgün və düşərli terapiyasını tapmamışıq.
İndi ağızlara duavari bir ifadə düşüb: Saakaşvili deyib ki, mən rüşvət almadım, i vsyo, rüşvət bitdi. Bərəkallah! Rüşvətə qarşı mübarizə nə asan imiş, ə! Lap molla duası kimi!
Rüşvət həm də illərlə ləziz vərdişə və xoşbəxtlik seretoninə çevrilmiş, yüksək asılılıq yaratmış ciddi əxlaq böhranı məsələsidir. Adam var, rüşvəti görüb almasa, infarkt olub ölər, alçalsa da, həbsə düşsə də, gəbərsə də, alacaq!
Rüşvət üzərində qələbə çalmaq xarici düşmən üzərində qələbə çalmaqdan qat-qat çətin, amma düzgün müdaxilə şəraitində bir-iki mərhələdən sonra 70-80 faiz sağalacaq bir yaradır!
Eyyuhənnas! Təfəkkür tərzi, əxlaq, dünyagörüşü dəyişməyincə, hökmdarın rüşvət alıb-almamasından asılı olmayaraq, xalqı və dövləti yıxan, vətəndaş cəmiyyətini tar-mar edən bu mərəzin qarşısını asanlıqla almaq mümkün deyil! Xüsusən, onilliklər boyu rüşvətxorluq elm və təhsil ocaqlarında, yəni düşünən başların laboratoriyasında təkmilləşdirilib xalqın beyninə soxulub, tüğyan etdirilib.
Təkcə ali məktəblərə rüşvətlə tələbə qəbulunu xatırlasanız, kifayətdir. Bu dəyyus müdaxilə birbaşa beyindən olub!!!
Vaxtilə rüvətin rüşüeymini bəsləmiş o axta və saxta mənliyə sahib "böyük" alimlər indi sinələrinə döyüb dik-dik gəzməsinlər. Necə soxublarsa o merəti içimizə, eləcə də zəhmət çəkib çıxarsınlar! Heç bir həya və məsuliyyət bilmədən müstəqillik illərində bu zəhrimarı vicdansızcasına və düşməncəsinə daha da inkişaf etdiriblər!
Elm və təhsil adamlarının rüşvətə qurşanması fəlakətdir, fəlakət! Rüşvətin xirtdəyi elm və təhsildədir! Onu üzmək lazımdır! Əks halda, yüz məmuru çarmıxa çəkməyin əhəmiyyəti ani və keçici olacaq!
Alim, müəllim kontingentinin əksəriyyəti ilə təmasdan sonra görürsən ki, bunlara həftədə 9 dəfə dövlətçilikdən, rüşvətsiz sivil həyatdan, mənlikdən, insanlıqdan, korrupsiyanın, rüşvətin dağıdıcılığından mühazirə oxunsa da, kafi deyil! Rüşvətin və mənasız kağız parçalrının (diplomların) qoynuna sığınmış bu milli məlunlar öldürücü bəladan xilas olmaq üçün baş işlətməkdə acizdirlər! Onların sevgidən yoxsun, qabalaşmış qəlbləri xalqa qənim kəsilib! Aman, ya Rəb!

Müəllif: Professor İdris Abbasov

"Paralel.az"

0.028916120529175