"Hi- hi. hi, Professor!"
İdris Abbasov:
"Hi-hi-hi..., professor, deyirəm, AMEA və AAK olmasa, bizə salam verən də olmaz e, gömgöy dollardan məhrum olarıq, cibimizdə siçanlar oynaşar. Özün bilirsən, bu camaatdan xoşluqla bir manat da qoparmaq mümkün deyil. Ona görə də, bizə münbit şərait yaradan bu qoşa quruma canımız fəda olsun!
Elə ki, dissertasiya, rəy, rəhbər, opponent, elmi dərəcə, elmi ad, AMEA xeyirxahlığı, AAK qorxusu cərəyana qoşulur (hamısına canım qurban!), dərhal boğçaların ağzı açılır, səxavət haray çəkir, kəramət qışqırır, əliaçıqlıq od tutub yanır, Sağ cibinə dollar, sol cibinə yevro, siyirtmələrə manat soxuşduranlar qıjhaqıj qıjıldayırlar (Alimliyin ləzzətini mən belə bilməmişdim, nənə!). Qadasın alım, akademik zəkanın, elə layihə ediblər ki, bir qurum biçir, digəri tikir. Dövlətin büdcəsinə və ciblərə elə nəcib girişlər edilir ki, heç ruhları da incimir. İldə alim istehsalından, "kölgə iqtisadiyyatı", ya "ğeyri-leqal" nəsə deyillər, bax, o iqtisadiyyatfason qeyri-leqal yolla bəzi məmur-oliqarxlarddan az qazanc götürmürük. Ay kişi, vallah, bu əkiz qurumların sayəsində dədəm də adam olub, mən də, balalrım da, nəvələrim də. İndi məhz bu bəxtsiz millətin paraları hesabına balalarım Almaniya və Polşa vətəndaşlarıdırlar, yəni o ölkələrə cani-dildən xidmət edirlər, babat da hüquqları qorunur.
Nə edək, hüquqsuz dövlətik. Biz də bu üsulla basıb yeyib aradan çıxmalı və yaxınlarımızı çıxartmalıyıq. Ölkənin düşünən başıyıq da, biz də özümüzə gün ağlamalıyıq, ya yox?!
Məsələn, Mirzə Cəlilin nəticəsi polyaklaşmış Pşemislav Polşada çəkməçi işləyir. Burnunun dibində acından ölən istedadlarımızı görməyən milyonçu akademikimiz ekzotika xatirinə onu bir dəfə Bakıya gətirmək üçün bütün səfirliklərimizi zinhara gətirmişdi. Nə var, nə var, millətə ekzotik kələk gələcəkdi. Pşemislav gözünə döndüyüm də axırda bezib deyir ki, "...əl çəkin də, nə istəyirsiniz məndən? Dədəm sənin kimi akademiklərin əlindən bezar olub öldü. Yaxşı sağ olun, dədəm Cəlilə hörmət edirsiniz, amma qəmişinizi çəkin! İsa eşqinə! İmkan verin, çəkməçiliyimi edim! Polşa vətəndaşıyam və Vətənim üçün canımdan-qanımdan keçməyə hazıram!" . Uşaqda fərasətə bax, e! Bu da fakt! Polşada, Almaniyada və s. kiçik bir çəkməçi olsan, Azərbaycanın akademikləri səndən ötrü sinov gedələr. Azərbaycanda xeyirli və dürüst bir insan olsan, səfalət içində qalacaqsan... Nə isə...
Həmkarım prof.doktor Səyka Təndirəsərlinin, prof. Bozdar Nanəciblinin və digərlərinin mülklərini görsən, ağzın açıla qalar. Bircə, sən dissertantın onların çirkli pullara bulaşmış mikrob əllərindən öpməsini, qarşılarında əyilməsini görəsən. Bir aləm var, bir aləm! Mən hələ akad. Bap-bap Darmadağınlını demirəm. Bəzi bacarıqsız xəşənəklilər elmdən dəm vurur, bu qurumları pisləyib bağlatdırmaqla çörəyimizə bais olmaq istəyirlər. Ləanəllahu aleyhim! Gavurlar! Qurban olum, AAK-ın hər dəfəsində dəyişdirilib marağımıza uyğunlaşdırılan Əsasnaməsinə və sədrinə və kollegiyasına və...! Çəkən çəksin, çəkməyən də getsin feysbukda yazıb ürəyini boşaltsın! Hi-hi-hi...!"
Paralel.az