Çayçı Əbdürrəhman Fərəcovun
imza atdığı ilki davam etdirən 50 yaşlı əməkdar artist...

Çayçı Əbdürrəhman Fərəcovunimza atdığı ilki davam etdirən 50 yaşlı əməkdar artist...
 

"Leyli və Məcnun" operası ilk dəfə səhnələşdiriləndə Leyli obrazını ifa etmək üçün qadın tapılmırdı. Nəhayət bu işi çayçı Əbdürrəhman Fərəcov birinci və axırıncı dəfə icra etdi. Sonradan Üzeyir bəy məcbur olub, doğma xalası oğlu Əhməd Ağdamskiyə (Bədəlbəyliyə) üz tutdu. Əhmədin teatra olan böyük məhəbbəti onu bu işi boynuna götürməyə məcbur etdi. Bununla da Azərbaycan səhnəsində dəfələrlə qadın rolunu oynayan kişi Əhməd Ağdamski oldu. Sözsüz ki, bu, zəruriyyətdən yaranan bir hadisə kimi, mədəniyyət tariximizdə yer alıb. Həmin zamandan çox illər keçib, artıq kifayyət qədər peşəkar aktrisamız yetişib. Amma hələ də qadın rolunu ifa edən aktyorlarımız var. Onlardan biri də, haqqında söhbət açmaq istədiyim, əməkdar artist, “Bu şəhərdə” teatrının aktyoru Coşqun Rəhimovdur.

“Qadına çevrilməkdə çox çətinlik çəkirəm. Hər dəfə hərəkətlərimə fikir verməli oluram. Qadınların bütün adətlərini bilmək gərəkdir. Hələ də öyrənirəm. Məncə, bunları öyrənmək üçün bir ömür bəs eləməz. Mənim üçün ən çətin olan kablukda gəzməkdir. Bunu qadınlar necə edir, anlamıram. Hələ bundan başqa aksesuarlar da var. Hərdən özüm-özümə təəccüblənib düşünürəm ki, qadın olmaq kişi olmaqdan çətindir.”- söyləyir.

Məşhur astroloq Səbuhi Rəhimli tələbə yoldaşı Coşqunu belə xarakterizə edir:- “Coşqun tamam başqa profilli aktyor olmalıydı. Məsələn, Azərbaycanda müqayisə edəndə Fuad Poladov, dünyada müqayisə edəndə Robert de Niro kimi, bəlkə ondan da güclü aktyor idi. Hər dəfə “Bu şəhərdə”də Coşqunun nə qədər korlandığına baxdıqca, ürəyim ağrıyır. Bilirsiz, aktyora nə lazımdırsa, hamısı Coşqunda var . Həm savadlıydı, həm xarici görünüşcə yaxşıydı, həm də uzun müddət rəqsə getmişdi. Diksiyası, səsi gözəl idi. O, vokalda o qədər gözəl oxuyurdu ki. Biz əgər xırda-para xalq mahnılarını bir az səsimizə uyğunlaşdırıb oxuyurduqsa, ona məsələn, Süleymanın ariyasını, yaxud da Koroğlunun Nigarı oxuduğu ariyanı verirdilər. Gözəl musiqi duyumu da var idi. O vaxt Fuad Poladovla “Arvadımın qatili” adlı bir tamaşa hazırladıq. Orada Coşqun baş rolu oynayırdı. O qədər gözəl oynadı ki, hamı deyirdi:- yeni bir aktyor parlayır. Amma o, Rəfaellə birlikdə komanda yaradıb başqa istiqamətə yönəldi. Yenə deyirəm, göbək rəqsi oynamaq, bəzi şit qadın rolları, qadın maneraları eləmək hələ sənət deyil...”

Bir vaxtlar səhhətində yaranan müəyyən mənfi simptomlara lazimi reaksiya verməyib. Sonda həkimlər ona “xərçəng” diaqnozu qoyublar. Nəticədə əməliyyat olunub. 3 saat planlaşdırılan əməliyyat düz 13 saat çəkib. Boğazından və sinəsindən 120 şiş təmizlənib...

Coşqun Rəhimov 1972- ci ildə Sumqayıt şəhərində dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinə qəbul olunub və orada Şahmar Ələkbərov, Fuad Poladov kimi böyük aktyorlardan dərs alıb. “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Bomba”, “Kişiləri qoruyun” və s. filmlərdə rol alıb. Erkən gəncliyində, 21 yaşı olarkən ailə qurub. 43 yaşından babadır...

Deyir ki,- "Heç kim deyə bilməz ki, Coşqun məni arxadan vurub, haqsızlıq, pislik edib. Səsimi kiməsə yüksəldə bilərəm, amma üstündən bir az keçəndən sonra həmin adama deyirəm, niyə məni buna məcbur edirsən?
İnsan necə ailəsinə, ətrafına pislik edə bilər? Elə adamları “gönüqalın” hesab edirəm. And içməyi sevmirəm və and içən insanlardan da zəhləm gedir. Söz deyirəmsə, deməli düzdür. Kimisə inandırmaqdan ötrü niyə and içməliyəm?"

Bəli, Coşqun Rəhimov çayçı Əbdürrəhman Fərəcovun Azərbaycan teatr tarixində imza atdığı ilki davam etdirən nadir aktyorlardan biridir, sadəcə komediya janrında. Kim bilir, bəlkə də o hələ ən yaddaqalan rolunu ifa etməyib. Ola bilsin ki, nə vaxtsa yaradcağı obraz ona daha böyük şöhrət gətirəcək...

Dekabrın 8-də əməkdar artist Coşqun Rəhimovun 50 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm cansağlığı arzulayıram...

Elman Eldaroğlu
"Paralel.az"

0.016217947006226