İran molla diktaturası əxlaq polisini ləğv etdimi/edərmi?
Siracəddin Hacı:
- əxlaq polisi molla rejiminin ayrılmaz bir parçası, xarakterinin göstəricisi, əlindəki silahdır, onun formalaşma tarixi var: 1979-cu ildə inqilab oldu, ilk illərdə geyimlə, o sıradan baş örtüsünün məcbur olması ilə bağlı ayrıca bir qanun/sənəd yox idi;
- inqilab rəhbəri Xomeyni vəfat etdi, rejim vədlərini yerinə yetirə bilmədi, narazılıq, yoxsulluq, işsizlik bütün kəsimləri əhatə etdi, sosial dəyişim yaşandı, şəhərləşmə faizi artdı, oxuma-yazma bilənlərin sayı çoxaldı, gənc nəsil toplumun üçdə ikisi oldu, beynəlxalq yasaqlar İran iqtisadiyyatını zəiflətdi, diktatura İran xalqının inkişafına, istedadlı insanların üzə çıxmasına imkan vermədi, rejim inqilab ixracı üçün milyardlar xərclədi, diktator Bəşər Əsəd rejimini qorumağa milyonlar ayırdı, gənclər azadlıq tələb etməyə başladılar, İran xalqı dəyişim zəruridir dedi...;
- islahatçıların lideri Xatəmi prezident oldu, yumşalma vədləri verdi, Ana Yasanın icra olunmayan 126 maddəsini yerinə yetirəcəyini söylədi, o, baş örtüsünə qarşı deyildi, deyil – islahatçılar baş örtüsünə qarşı deyillər, rejim içində islahat istəyirlər – çarşaf biçimini zəruri saymır, insanların geyiminə qarışmırdı, məcbur etmirdi. Onun dönəmində gənc, daha çox təhsilli qızların saçı görünməyə başladı, çarşafdan imtina olundu, kişilər saqqalını qırxdılar, Xatəmi hakimiyyəti də buna göz yumdu;
- mühafizəkarlar ciddi narahat oldular, din/rejim əldən gedir, baş ötrüsü bizim bayrağımızdır, o düşsə, rejim çökər, İran dağılar dedilər, geyimlə, o sıradan baş örtüsü ilə bağlı sərt qanunlar tələb etdilər;
- nəticədə, Mədəni İnqilab Yüksək Şurası on altı maddəlik bir sənəd qəbul etdi, bu sənəd sadəcə baş örtüsü ilə bağlı məsələləri deyil, geyimlə bağlı bütün ədəb qaydalarını əhatə edir. İran Parlamentinin, İslami Şura Məclisinin də uyğun qərarları var, nəticədə, Xatəmi dövründə, onun iradəsinə zidd olaraq sərt mühafizəkar qanad baş örtüsünü məcburi hala gətirdi;
- bu qanunların icrası Daxili İşlər Nazirliyinə bağlı İrşad Dövriyyəsinə - Gəştiye-Erşada, xalqın Əxlaq Polisi dediyi quruma tapşırıldı. Onlar polis kimi geyinmir, xalqın içində olur, rejimin tələblərinə uyğun geyinməyənləri həbs edir, idarəyə gətirir, maarifləndirir, xəbərdar edir, qeydə alır, ehtiyac olsa, cəzalandırır;
- İran sürətlə sosial dəyişim yaşadı, gənc xanımlar baş örtüsünün məcbur olmasına qarşı çıxdılar, rejimin insanların geyiminə qarışmasını rədd etdilər, gənc oğlanlar da onlara dəstək verdilər, islahatçı qanad sıradan çıxarılması, qatı mühafizəkar Rəisinin hakimiyyətə gəlməsi ilə liberalların açdığı nəfəs yolu bağlandı, dəyişim ümidi kəsildi, Məhsə Əmininin öldürülməsi ilə üsyan başladı...
Ardı var...
Paralel.az