"Əstəğfirullah, Allah da gəlsə, bizi bu bəladan qurtarmayacaq"
İdris Abbasov:
Hərənin bir səmtə çəkdiyi, cahilliyyin və mənəm-mənəmliyin şüurları qəsb etdiyi, düşünən başlarının - akademik, alim və ziyalı adlananların kütləvi surətdə riyakarlığı, rüşvəti, oğurluğu, saxtakarlığı və yaltaqlığı təbliğ etdiyi və gəncləri özləri kimi tərbiyələndirdiyi, qarşılıqlı kin, nifrət və qısqanclığın tüğyan etdiyi, separatçılığın tətikdə olduğu bir ölkəni idarə etmək asan olsaydı, Vəzirov idarə edərdi, Mütəllibov dözüb dayanardı, Elçibəy baş götürüb çıxıb getməzdi.
Millətin akademik-alimlərinin, elmə gələnlərinin, müəllim kollektivlərinin, din xadimləri və məmur kontingentinin, bir sözlə, ən müxtəlif zümrələrinin içində olmuşam, yəni birbaşa həmin kollektivlərdə çalışmışam. Necə deyərlər, cikinə də bələd olmuşam, bökünə də. Bəzən yorulub-usanıb qaçmışam da. Təkcə 20 ildən artıq çalışdığım elm və təhsil mühitində maarifçilik və dövlətçilkik şüurunun nə qədər primitiv olduğunu görüb dəhşətə gəlmişəm. İzah edəndə mənə səfeh kimi baxıblar. Bunun guya ən nəcib təbəqəsi sayılan aliminin, müəlliminin, akademikinin tövsiyəsinə bax: fürsət düşdüsə, dövlətdən oğurla, vergidən yayın, rüşvət al, tələbəni, doktorantı qudurtma, elə sındır, elə gözünün odunu al ki, gözükölgəli olub yazdığın hər cümləyə görə 3-5 yüz "şirinlik" qoysunılar cibinə. Onlara qətuyyən həqiqətləri söyləmə! Çalış tanışlıqla qrantlar al, yarısını özlərinə qaytar, yarısını qoy cibinə... Düz olmağına görə sənə "sağ ol!" deyən olmayacaq və s...
Vallah, insaf bu dövlətə ki, hələ duruş gətirib!
İndi bütün ümidlər Prezidentədir, amma unutmaq olmaz ki, Prezident də məhz xalqın mütərəqqi kıəsiminə güvənərək nələrisə dəyişə bilər. Ona görə də, biz özümüzün layiqli xalq olmağımızı əməlimizlə sübut etməli, bütün sadalanan o neqativlərə qarşı amansız olmalıyıq. Ümidimizi bir nəfərin sehirli çubuğuna bağlayıb xəyallar aləmində uyacağıqsa, əstəğfirullah, Allah da gəlsə, bizi bu bəla və müsibətlərdən qurtara bilməyəcək!
Paralel.az