Yeni yaradılacaq agentliyin problemləri  çox  olacaq

Yeni yaradılacaq agentliyin problemləri  çox  olacaq
 

Yeni yaradılacaq agentliyin problemləri  çox  olacaq
dos. İlham Əhmədov

ETN-nin yaradılması,  yaxın gələcəkdə onun tərkibində  "Elm və Ali təhsil"  agentliyinin yaradılması ATM-nin inkişafına diqqət yetiriləcəyinə   müəyyən ümid verir. 30 il TN-nin Maarif Nazirliyi statusunda işləməsini nəzərə alsaq,  ölkə səviyyəsində universitetlərin real inkişaf proqramlarının və strategiyalarının  olmaması, maliyyələşmənin çox az olması,  bəzi hallarda "müasir universitet necə olmalıdır?" barədə  təsəvvürü olmayanların ATM-nə rektor vəzifəsinə təyini  müstəqillik illərində universitetlərimizin  tənəzzülünə səbəb oldu  3-4  universitet istisna olmaqla digərlərinin durumu  heç də yaxşı vəziyyətdə deyil. Yeni yaradılacaq  "Elm və Ali təhsil"  agentliyinin qarşısında çox ciddi problemlər durur. Ümid edirik ki,  yeni formalaşacaq bu  agentliyin peşəkar və korrupsiyadan uzaq  komandası  yığılan problemləri yaxın 10 ildə uğurla həll edə biləcək.

Bir neçə gün öncə  Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov Feysbuk səhifəsində yazıb: “Mövcud ali təhsil sisteminin bir sıra elementlərini təkmilləşdirmək yox, tamamilə yenidən qurmaq məqsədəuyğun görünür. Bu baxımdan ali təhsildə gözlənilən nəticələri təmin edən faydalı dəyişikliklər, həm də tamamilə yeni mütəxəssislər olan pedaqoji dizaynerlərin bu prosesə cəlb edilməsini qaçılmaz edir".

Hörmətli  rektorun bu  fikrini dəstəkləyirik. Təəssüf ki, Ədalət müəllimin  qeyd etdiyi kimi universitetlərimizin  kompleks dəyişikliklər etməyə bu gün nə strateji planları, nə səriştəli kadr potensialı, nə də digər resursları var. Təhsil Nazirliyi son 30 ildə sanki dünya ali təhsil məkanında gedən çox ciddi transformasiya proseslərindən tam bixəbər qalıb.  Bu proseslər deyəsən nazirliyi maraqlandırmayıb, narahat  etməyib.

Universitetlərimiz  öz məhdud  imkanları  ilə  gündəlik cari məsələlərin həlli ilə məşğul olublar. Bu gün universitetlərimizin qlobal inkişafdan geriliyi ifrat həddə çatıb. Son 10 ildə universitetlərin inkişafına yönəli yalnız bir dövlət proqramı qəbul edilib: “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”.  Bu proqram da az sayda ixtisaslar üzrə bəzi universitetlərin magistratura pilləsində ikili diplom  proqramlarının yaradılmasını nəzərdə tutur. Bu məsələlər ali təhsil sistemində olan köklü problemlərin çox cüzi hissəsidir.  

Hesab edirik ki,  Azərbaycan Universitetlərinin sürətli inkişaf yolu məhz Türkiyə Universitetləri ilə inteqrasiyadan keçir. Biz TC universitetlərinin təcrübəsindən faydalanmalıyıq. Hərbi sahədə kadr hazırlığında əməkdaşlığımız NATO standartına əsaslandığı və yaxşı nəticələr verdiyi kimi, mülki sahədə də kadr hazırlığı Avropa (Boloniya) standartına və səmərəli rəqəmsallaşmaya əsaslanmalıdır.  

Universitetlərin inkişafında kadr siyasəti çox mühümdür. Universitetlərdə kök atan dostluq, qohumluq, tanışlıq kimi  arxaik prinsiplərə əsaslanan kadr siyasətindən imtina edilməli, savad və peşəkarlığa əsaslanan normal kadr siyasəti həyata keçirilməlidir.

Vəziyyətdən  çıxış yolu kimi, müvəqqəti olaraq  bəzi universitetlərimizə   Türkiyə  universitetlərində  rəhbər vəzifələrdə iş təcrübəsi (rektor və ya rektor yardımçısı)  olan kadrları rektorlara  müşavir kimi dəvət etmək yaxşı olardı. Bu halda ali  təhsilimizin  qlobal inkişafdan geriliyini  tədricən aradan qaldırmaq mümkün olar. Biz bu gün Türkiyə və İran Universitetlərindən 10-15 il geriyik. Qərbi Avropa universitetlərindən geriliyim isə daha çoxdur.  

2009-cu ildə Firat Universitetində “Türkdilli ölkə  universitetlərinin şəbəkə əlaqələrinin qurulması”  adlı Beynəlxaq konfransda iştirak etmişdik.  Bu konfransda  TC Baş nazirinin o vaxtkı müavini iştirak edirdi. O öz çıxışında  dedi ki, TC coğrafi baxımdan Türkdilli ölkələrdən qərbdə yerləşir. Onların Qərbə inteqrasiyasının yolu Türkiyədən keçir. Türkdilli ölkələrin  universitetlərinin Qərb  universitetlərinə  tədricən yaxınlaşması üçün onların TC universitetləri  ilə əlaqələri genişlənməlidirlər.

Yəni, bizim universitetlərin Qərb universitetlərinə az da olsa yaxınlaşması üçün növbəti 10-15 ildə onlar TC universitetlərinə inteqrasiya edilməli, onların iş təcrübəsindən faydalanmalıdırlar.

"Paralel.az" 

0.018454074859619