Yaltaqlığın "anatomiyası"

Yaltaqlığın
 

Qalib ARİF:
Məntiqi təhlil
Taleyim elə gətirib ki, mən iş təcrübəmə Milli Elmlər Akademiyasında başlamışam, 10 il burda çalışmışam, elmlər namizədi, baş elmi işçi olmuşam. Sonra 10 il “Xalq qəzeti”ndə siyasi icmalçı işləmişəm, ölkə daxilində və xaricində baş verən siyasi hadisələrə şərh vermişəm. Daha sonra 10 il “Polis” qəzetinə və paytaxt polisinin mətbuat xidmətinə rəhbərlik etmişəm. Sözümün canı odur ki, gördüklərimi fikrin süzgəcindən keçirib oxucuların ixtiyarına verməyə mənəvi haqqım və savadım çatır.

Konkret müşahidələrimə əsasən deyə bilərəm ki, Elmlər Akademiyasında, elm adamları arasında bir qayda olaraq, yaltaqlıq halları müşahidə olunur, amma geniş yayılmayıb, epidemiya şəkli almayıb. Burda iclaslarda, elmi konfranslarda yuxarıların, adlı-sanlıların tərifinə həsr olunmuş yaltaq çıxışları çox təsadüfi hallarda eşidə bilərsiz, doğrudur, tərif olur, amma əsaslı olur. Səbəbi çox sadədir, Akademiyada yaltaqlığı, yarınmağı aşağılar qəbul etmir, faktiki olaraq, “iqnor” edir. Akademiyada, elm adamları arasında yaltaqlığa qarşı sərt bir təpgi, ictimai qınaq var, burda yaltaqlara (Pardon!) “üzdəniraqlara” baxan kimi baxırlar. Odur ki, yuxarılar qəbul etsə də, aşağılar bunu (istehsal) etmir, ictimai qınaqdan çəkinir.

Dediyim kimi, 10 ildən çox Bakı polisinin “Polis” qəzetinə rəhbərlik etmişəm, sistemi içəridən müşahidə etmişəm. Bizim polisdə diqqətimi cəlb edən və harada yaşamağımdan, çalışmağımdan asılı olmayaraq, ömrüm boyu xatırlayacağım əsas xüsusiyyətlərdən biri, yəqin ki, birincisi mərdlik və kişilik ənənələrinin qorunması, bu günə kimi saxlanmasıdır. Əlimi ürəyimin üstünə qoyub deyə bilərəm ki, bu gün polisdə yaltaqlıq hərəkətləri yox dərəcəsindədir.

Mən 10 il Bakı polisinin bütün iclaslarında, toplantılarında iştirak etmişəm, bir dəfə də kiminsə yuxarıları tərif etdiyini, yarındığını görməmişəm. Burda səbəb başqadır – yuxarılar yaltaqlığı qəbul etmir. Polis rəhbərliyinin bir şüarı var və hər toplantıda başa çıxarılır: Yaxşılar, uğurlar hamısı bizimdir, odur ki, bu barədə danışmağa dəyməz. Biz çatışmamazlıqlardan, nöqsanlardan danışmalıyıq və onları aradan qaldırmalıyıq.

Təəssüflə qeyd etməliyəm ki, bütün bu dediklərimi bütün həyatımı həsr etdiyim mətbuat haqqında söyləmək çətindir. Mətbuatın elə bir iclası, toplantısı (istər yerli səviyyəli olsun, istər də respublika əhəmiyyətli) yoxdur ki, yuxarılar tərif edilməsin, yaltaqlıq ayaq açıb iclas boyu yeriməsin. Məsələn, qocaman professorun mötəbər tədbirdə utanıb-qızarmadan ömründə bir abırlı “inşa” yazmayan, iki samballı kitab oxumayan qəzet redaktorunu “Azərbaycanın ən nüfuzlu jurnalisti” adlandırmasına nə ad vermək olar?

Bunun da səbəbi sadədir – yuxarıdan nəzarət, aşağıdan ictimai qınaq yoxdur. Yuxarılar tərifdən ötrü “sino” gedir, aşağılar da dayanmadan və utanmadan yuxarıları tərif edir. Və altından qırmızı xətt çəkərək deyə bilərəm ki, bu tərif təmənnalı tərifdir, yəni xəstəlik-zad deyil, əsl rüşvətdir.

Beləliklə, biz yaltaqlığın yaranmasının konkret subyektiv səbəblərini təyin etdik: yuxarılar nəzarət etmir, aşağılar da ictimai qınaq tətbiq etmir. Doğrudur, yaltaqlıq yalan üstündə bərqərar olur, yataqlıq yalanın istiqamətli və məqsədli formasıdır. Amma yalan da qorxudan yaranır, insanlar ona görə yalan danışırlar ki, qorxurlar, vəzifələrini, münasibətlərini, zəhmətsiz gəlirlərini itirməkdən qorxurlar, qanun qarşısında cavab verməkdən qorxurlar. Deməli, cəmiyyətdə yaltaqlıqla mübarizə aparmaq üçün ilk növbədə qorxu mühitini. Onu yaradan səbəbləri aradan qaldırmaq lazımdır. Bu isə tamam başqa bir yazının, araşdırmaların mövzusudur...
Paralel.az

0.1226589679718