Dünya elmində ilkə imza atan qərib talehli naməlum azərbaycanlı qadın
Ellada Məmmədli:
Yüzlərlə Azərbaycan övladları vardır ki, vaxtilə müəyyən səbəblərdən və ya taleyin hökmü ilə ölkələrindən didərgin düşüblər.
Tanımadığımız bir çox azərbaycanlı vardır ki, onlar qürbət ellərdə belə vətəni unutmamışlar. Belə qərib taleli insanlardan biri də Türkiyənin İzmir şəhərində Egey Universitetində işləmiş, nüvə fizikası sahəsində ilk elmlər doktoru olmuş azərbaycanlı qadın, professor Dilşad xanım Elbrus Talıb xandır.
Dilşad xanım 1916-cı ildə (bəzi mənbələrdə 1917-ci il göstərilir) may ayının 31-də Qarabağ quberniyasında Qarabağ xanlarının nəslindən olan Talıb xanın ailəsində dünyaya göz açmışdır. Dilşad xanımgilin ailəsi (anası Xeyransa xanım, bacıları Sürəyya və Qəmərlə birlikdə) 1927-ci ildə Azərbaycandakı gərgin siyasi vəziyyətdən, daha doğrusu, bəy-xan ailələrinə düşmən münasibətdən baş götürüb Türkiyəyə köçmüşdür. Beləliklə, 11 yaşında Azərbaycanı tərk edən Dilşad xanım bir daha doğma vətənə qayıda bilmir.
Onların Türkiyəyə köçməsində həmin vaxt Türkiyədə yaşayan dayısı Hüseyn Kamal Yanar bəyin köməyi olmuşdur. Kommunistlər hakimiyyət başına gəldikdən sonra ailənin başçısını- Dilşad xanımın atası Talıbxan bəyi öldürürlər, bütün mallarını və əmlakını isə müsadirə edirlər. Bundan sonra anası Xeyrənnisa xanım, bacıları Qəmər və Sürəyya dayısı Hüseyn Camal Yanar bəy tərəfindən 1927-ci ildə Türkiyəyə gətirilərək İstanbulda yerləşdirilir.
Ailə İstanbulda məskunlaşdıqdan sonra Dilşad xanım əvvəlcə qızlar liseyində oxumuş, sonra isə İstanbul Universitetinin fizika fakültəsinə qəbul olunmuşdur. O, İstanbul Universitetini bitirdikdən sonra Egey Universitetində işləmiş, orada adi elmi işçidən professor vəzifəsinə qədər yüksəlmiş, nüvə fizikası sahəsində dərin elmi axtarışlar aparmış və bu sahədə Türkiyədə və Avropada tanınmış mütəxəssis olmuşdur. O zaman dünyada bu sahədə elmi iş müdafiə edən ilk xanım olur. 1934-cü ildə bitirdiyi fakültənin Təcrübi Fizika İnstitutunda assistent kimi işə başlayır və 1949-cu ildə dissertasiya müdafiə edir, 5 ildən sonra dosent adını alır.
Dilşad xanım Talıb xan alman, ingilis, fransız dillərini mükəmməl bilirdi. Uzun müddət xarici ölkələrdə elmi-tədqiqat işləri ilə məşğul olmuşdur. O, 1977-ci ildə Egey Universitetindən təqaüdə çıxmış, sonra İzmirdən İstanbula gələrək ömrünün sonuna kimi Bağdad prospektindəki evində yaşamışdır. O, ailə həyatı qurmamışdır. Böyük bacısı Sürəyya xanımın oğlu Can Odoğlunu öz övladı kimi saxlamışdı.
1961-ci ildə İzmirdə Egey Universitetinin professoru olur. Elmi fəaliyyəti boyunca Dilşad xanımın 2 kitabı, 6 elmi məqaləsi çap olunub.
1979-cu ilin aprel ayının 11-də uzun sürən ağır xəstəlikdən sonra vəfat etmiş və İstanbulun Əhməd Qaraca qəbiristanlığında dayısı Hüseyn Kamal Yanar bəyin (o, da 1974-cü ildə vəfat etmişdir) qəbrinin yanında dəfn olunmuşdur.
Allah rəhmət eləsin!
Paralel.az