Hanı bu mundialın pleymeykeri?
Qəzənfər Həmidoğlu:
90-cı illərin əvvəlləri idi, gözəl şairimiz Akif Əhmədgil AzTV-də Bakı Zooparkından bir veriliş hazırlamışdı. Verilişin bir yerində qardaş qəfil sual verir: “Hanı bu zooparkın durnası?..” Bəlkə də zoopark durnasız keçinə bilər, amma pleymeykersiz futbol noxudsuz bozbaş kimidir…
Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsi başa çatır, həftə sonu son 16-ya qalan komandalar arasında play-off matçları başlayacaq. Mundialın iki həftəsinə müxtəlif aspektlərdən yanaşmaq olar. DÇ-nin əksər qarşılaşmalarını izlədikdən sonra köhnə azarkeş kimi üç qənaətim var:
1.Pleymeykerlər qeyb olublar. Futbolun o intellektuallarının, driblinq-fint sehrbazlarının, filiqran texnika ustalarının, yuvelir pas sahiblərinin, oyun quranlarının kökü dinozavlar kimi kəsilir. Kroyf, Platini, Maradona, Ziko, Sokrates, Zidan, Ronaldinyo, Laudrup, Lampard, Gerrard, Xavi, İnyesta, Pirlo, Mesut Özil kimi “pleymeykerlər qəbiləsi”nə məxsus Messi daha çox bombardirliyə oynayır və ya fərsiz ətrafının çulunu sudan çıxarmağa çalışır. Kevin de Bruyne kimi klassik pleymeykeri kənarda oynatmaqla məşqçi Roberto Martines həm futbolçunu, həm də Belçika millisini çarəsiz günə qoydu.
2. Centre-forwardlar qəhətə çəkiliblər. Komandalarda forvardlar boldur, amma mərkəz hücumçusu sarıdan mundial korluq çəkir. Klassik centre-forvardlardan biri – Levandovski təsadüfən mudialda qol hesabını açdı, digəri – “Qızıl top”un son sahibi Benzema isə zədə üzündən evdə qalıb. Kamerun millisinin mərkəz hücumçusu Vensan Abubakar “Porto” və ya “Beşikdaş”dakı kimi deyil, amma yenə də iş görür.
3. Bəzi ulduzlar futbolu buraxmasalar da, futbol onları çoxdan buraxıb. Məsələn, Qaret Beyl və Aaron Remzi kimi. Yeri gəlmişkən, Uels millisində Beyl-Remzi erası uğursuz bitdi və valliyalıların bir daha mundial görə biləcəkləri qaranlıqlara qərq oldu.
Paralel.az