Səhv yazın ki, düz yaza biləsiniz!
İdris Abbasov:
Çaşdırıcı nadanlara uymayın! Fikirlərinizi səhv-düz yazın ki, inkişaf edəsiniz. Məktəbdə müəllimlərin öyrətmədiyi yazı vərdişlərinə yiyələnmək gec deyil. Eybi yoxdur, əvvəlcə səhvdən başlayın, cüllüt müsəhhih, avara korrektor qılafına girmiş xain, pulgüdən alimnümanın lağ-lağısına fikir verməyin!
Əllərində olsa, başqalarına yazmağı qadağan edərlər bu dətdülüm şəngülümlər.
Söhbətləri qurtaranda ortalığa "dilimizi qorumaq" gəlir. O qədər əllaməlik edən, diplomlu, titullu əttökən dil təəssübkeşləri peyda olub ki, dildə dirilik qoymayıblar.
Vallah, yazdıqlarını araşdırsan, gərək, eləsinin padoş sifətinə tüpürəsən.
/Əcəb irad tuturlar: "aparıcılar dilimizə belə zərbə vurur", "ilk öncə" deyirlər; ingilis dilindən tərcümədə "kül sənin başına!"; "it oğlu, it!" kimi ifadələr işlədirlər və s. Sonra tərcüməçiyə irad tutub deyirlər: "Heç ingilislərdə elə qarğış var?". /
Adam tərcümənin nə olduğunu bilmir, adını qoyub hərşeyşünas ziyalı-filan. Vallah, dili belələri korlayır, lap tormozlayırlar. Aparıcıya, jurnalistə, tələbəyə, dissertanta, əlinə qələm alıb yazmaq istəyən hər kəsə inamsızlıq kompleksi aşılamağa çalışırlar. Təkcə bu kifsimiş tutuquşular yaza bilər, başqa heç kəs yaza bilməz. Məntiqinizi, paxıllığınızı, darqafalığınızı it yesin!
"İlk öncə" demək linqvistik qəbahət deyil. Eləyə qalsa, "ibrət dərsi" və işlətdiyimiz onlarla söz və ya söz birləşməsi də yanlışdır. Əslində isə, xəstə ruhlu "dilbaz"ların təfəkkür problemləri var.
Deyir ki, "kül sənin başına!" ifadəsi yanlış tərcümədir, ingilis elə demir və s.
Tfu! Adam analamır ki, bu, tərcüməçinin peşəkarlığından irəli gəlir. Yaxşı, ay başbilən bədbəxt, rus deyir ki, "На безрыбье и рак рыба (Balıq olmayan yerdə xərçəng də balıqdır). Tərcümədə elə hərfi demək yaxşıdır, yoxsa fikri azərbaycanlı təfəkkürünə peşəkarlıqla çatdırmaq? Biz orijinallığı qoruyaraq onu belə tərcümə edirik: "At olmayan yerdə eşşək də atdır!"
Məqsədləri başqadır və bunun bir çox səbəbi var. Səbəblərdən biri odur ki, özləri həqiqəti yaza bilmirlər, başqalarının da yazmasını istəmirlər
İndi düşürlər aparıcının, jurnalistin, aktyorun üstünə, döy ki, döyəsən. Əttökən zırramalar. Bəs onlara dili kim öyrədib?
Hərəsi əlinə bir diplom alıb düşüblər xalqın canına. "Ay haray, bu nadandır, hərfi səhv yazıb!"; "Vaveyla, dili korladı, ay filan etdi!".
Bu deyənlərin əsərlərini təftiş edin, özünə uyğun bir-iki səhvi tutun və parça ilə tüpürün gözünün içinə! O alim nadanı başa salın ki, gedib bu yolla yığdığı pullarla oynasın!
Yəni sosial şəbəkələrdə telefon üzərindən fikirnizi tələsik çatdırmaq istədiyiniz zaman sizdə hərf, durğu işarəsi səhvi tutub, sizə lağ edərək kompleks yaratmaqla fikrinizi ifadə etməyin qarşısını almaq istəyən istənilən alimnüma əbləhə qarşı etinasız davranın!
Onların dərdi dil dərdi deyil, şəxsi maraq, pul dərdidir.
Onlar bu yolla elmə gələn övladlarımızı o qədər aladadıb dərs vəsaiti, monoqrafiya, dissertasiyalarını "readəktə"yə cəlb edib pul qoparıblar ki, ağızları şirəyə batıb, pis öyrəniblər, yəni pula dadanıblar. Redaktələri isə cəmi-cümlətanı 3-5 durğu işarəsi düzəltməkdən ibarət olub. Dissertasiya şəbəkəsində biri yazır, iddiaçıya deyir ki, 2000 ver Filankəs xanıma redaktə eləsin, 1000 də ver müzakirəyə, 200-200 rəyçilərə, sual verənlərə payla və beləcə...
Sizə tutduqları hərf, bağlayıcı və durğu işarələri səhvlərinə gəlincə, öz əsərciklərində "N" qədərdir və özləri kimi də eybəcərdir.
Paralel.az