Elm və təhsil müəssisələrində ağrısız islahatların olması qeyri mümkündür!
İdris Abbasov:
Müqəddəs cəza mexanizmi işə salınsa, ölkəmiz qurtuluşun bir addımlığındadır!
Akademiyada elmin inkişafı üçün heç bir maddi-mənəvi stimul yoxdur. Ortada akademizmə xidmət edən formalizm və dövlət büdcəsinə, milli maraqlara ziyan vuran şəbəkəni qoruyan imtiyaz vardır. Bu imtiyaz ləğv edilməlidir. Alim hara, saxtakarlığı qoruyan imtiyaz, titul hara, o qədər pul-para hara? Özlərini bu qədərmi çoxbilmiş və ağıllı sayırlar? Sökürlər, dağıdırlar, xımır-xımır rahat yemlərini təmin edirlər?!
Elm adı altında bir qrup işbaza xidmət edən qurumun ləğvi, yaxud kökündən dəyişdirilməsi, cəza mexanizminin işə düşməsi labüdləşməsi elmin və dövlətçiliyin qurtuluşu ola bilər. Bu mənada AAK və bir sıra universitetlər, ali təhsil müəssisələri də diqqətdən kənarda qala bilməz!
Diqqətlə təhlil edilsə, bu əkiz qurumların onilliklər ərzində Azərbaycan dövlətinə, millətinə, elminə və ən əsası, mənəviyyatına vurduğu ziyanın miqyası yerə, göyə sığmaz.
İşbaz məmur-alim-professor-akademiklərin harınlığı və məsuliyyətsizliyi fonunda milli-mənəvi deqradasiyaya səbəb olan qurumların formal olaraq belə, saxlanması və onlara, üstəlik, “yumşaq mebel” və s. üçün maliyyə ayrılması, gözə kül üfürülməsinə göz yumjulması ölkənin göz görə-görə məhvi ilə razılaşmaqdır. Bu kontingentin evdə oturub sosial müavinət alması isə daha faydalı, daha səmimi və daha ağlabatandır, çünki akademik zərərin miqdarı minimuma enər. Ən azı, qurumun bəxş etdiyi nüfuz və imtiyazlardan məhrum olub gələcəyimizi zəhərləyə bilməzlər.
Unutmaq olmaz ki, elm və təhsil müəssisəsinə qədəm qoyan saf, təcrübəsiz və gənc övladımız xəyallarında yaşatdıqları o füsunkar, mədəni elm və ali təhsil ocaqlarına bəslədikləri yüksək inam və etibar sayəsində alimizm-akademizmin qurduğu tora düşürlər. Ən ağaöı xislətli küçə uşağını da o quruma imtiyazlı alim qismində buraxsan, gənc övladlar o nanəcibə inanacaqlar, çünki qəlbləri, arzu və diləkləri safdır. Üzr istəyirəm, onları, məsələn, akademiyada, universitetdə deyil, küçədə-bacada, dükanda-filanda görsələr, heç üzlərinə də tüpürməzlər. Soxulublar qurumlara, tələbənin, doktorantın və digərlərinin gözündə olublar adam.
Vay o gündən ki, mənəviyyatsız, pulgir və rüşvətxorun birini diplomverən qurumun rəhbəri təyin edəsən! Millətin sonu o zaman gəlir!
Siçovul xislətli pulqıran akademşəbəkə üzvləri məhz saf beyinlərdə yüksək mədəni assosiasiya yaradan həmin qurumlarda övladlarımızı korlamaqla gələcəyimizə od vururlar...
Kimi aldadırsınız, ey alimnümalar?!
Paralel.az