Milli tənəffüs çatışmazlığının etiologiyası və patogenezi

Milli tənəffüs çatışmazlığının etiologiyası və patogenezi
 

Professor İdris Abbasov

Akademiyada baş alıb gedən ədalətsizlik, haqsızlıq, qanunsuzluq, elmsizlik və saxtakarlığın mükafatlandırılması, ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi, konkret olaraq Prezidentin ayırdığı iki milyonun və bundan başqa, yüz minlərlə, milyonlarla qrantların yoxa çıxması, səsimi boğmaq üşün üzərimə akademik hücumun təşkili, hətta elmi şuraya qoçu gətirilməsi, bir də ad çəkməməyə söz verməyimə məcbur edilməyim və s. kimi müxtəlif təzyiq və sıxışdırmalara qarşı öz etirazımı bildirəndə bəzi feysbuk dostları mənə akademiyadan çıxıb getməyimi, başqa iş tapmağımı tövsiyə edirdilər.
Dünən yazdığım qısa postla bağlı dostlardan biri gözüm görə-görə belə kollektivdə çalışmağımın çətin olduğunu və bunun necə mümkün olduğunu soruşdu ("Belə kollektivdə necə calışırsız? Biri var eşidəsən, biri də var gözünlə görəsən. Cətin məsələdi").
Sual edənin müşahidəsi dəqiq, təsəvvürü doğrudur. Sözün əsl mənasında, vecsiz, laqeyd, rüşvətxor, öz maraq və mənafelərini dövlətin və xalqın maraq və mənafelərindən üstün tutan, dövlətin elmin inkişafı üçün ayırdığı pulları özlərinin və övladlarının daxili və xarici bizneslərinə xərcləyən, baş akademik, rektor, prorektor, direktor, hətta kafedra müdiri, şöbə müdiri və digər baş vəzifələrə gəlib saxtakarlığı, rüşvət və korrupsiyanı çiçəkləndirən, elmin və təhsilin vayına oturan, bir sözlə, vəzifə kreslolarına yapışıb bu Vətənə, millətə və dövlətə düşməncəsinə münasibət bəsləyən akademşəbəkənin zəhərlədiyi mühitdə dözüb çalışmaq çox çətindir. Çox qəvidirlər. Yaman dirəşiblər. Haqqın kürəyini yerə vurmaq üçün hər şey edirlər. Ədaləti çıxdığı yerə qədər qovan, mərhəmətə meydan oxuyan, məbudu şeytan olan bu qara zatlar köksümüzdə yuva qurub boğazımızdan yapışıblar. Elə sıxırlar ki, nəfəsimiz güclə gedib-gəlir...

Bəli, onların yolunu getmədən, yəni dövlətə, xalqa kələk gəlmədən, xəyanət etmədən, ən azı xırım-xırda rüşvətə qurşanmadan, qalaq-qalaq saxta əsərlər istehsal etmədən, akademik plagiarizm abidəsinə tapınmadan, alverə, alıb-aldatmağa qurşanmadan normal həyat yaşamaq imkanları çəpərlənib.
Əlbəttə, “adam yediyi qaba tüpürməz”, “adam işlədiyi qurumun sirlərini açıb-bükməz” təfəkkürü ilə millətə, dövlətə ziyan vuran halların ört-basdır edilməsinə enerji sərf edən, qanunsuluğa, saxtakarlığa, oğurluğa, rüşvətə haqq qazandıran, elementar dövlətçilik şüuru olmayan istənilən kollektivdə, qəbih zehniyyətə sahib üləmalar arasında çalışmaq əsəbləri, sağlamlığı korlamaq, ömrü məhv etmək deməkdir. Onlar kimi olmamaq ailə-uşağı ilə bərabər maddi məhrumiyyətlərə, evsizliyə, təminatsızlığa, müalicəsizliyə, ortaya qoyduğun fundamental işin müqabilində akademşəbəkənin “tərifləri”nə və təzyiqlərinə, o cümlədən psixoloji təsirlərinə məruz qalmaq deməkdir.
Soruşa bilərsiniz ki, məsələn, elə biri sən, bəs niyə çıxıb getmirsən? Batıb qalmısan həya qılıncını sıyırıb qəhqəhlə üstünə gələn akademşəbəkənin yaratdığı bataqlıqda?
Bəli, bataqlıqda batıb qalmışam. Görünür, qanunsuzluğun məngənəsində köməksiz, imkansız qalıb bataqlıqdan çıxmaq çətin olur. Bir də Allah bir adama neçə qabiliyyət verməlidir ki, şərin çoxşaxəli hücumlarının öhdəsindən gələsən?! Çoxdurlar, həmrəydirlər, insan fitrətinə qənim kəsilmiş, milli dövlətin güclənməsinə imkan verməyən şəbəkədirlər. Hələlik mənim kimiləri birbaşa vurub öldürmələri sərf etmir onlara. Beləcə, xəfif təzyiqlərlə müəyyən müddət ərzində sıradan çıxarmağı ən optimal variant hesab edirlər.
Müstəqbih intellektual sürü psixologiyalı bu şəbəkə bir vətəndaşın sosial minimumlarını təmin etmək üçün vicdansız, ləyaqətsiz, şərəfsiz, satqın, xain, yaltaq, məddah və s. kimi keyfiyyətlərə sahib olmasını onun qarşısında alternativsiz şərt kimi irəli sürürlər.
Özümə gəlincə, dörd divar arasına qısılıb gücümün yetdiyi qədər ümid çırağının sönməsinə mane olmağa çalışıram. Hələ ki, alternativ iş variantım yoxdur. Səhhətimi azca qaydaya sala bilsəm, halal əməyə qiymət verən məmləkətlərdə iş olduğu təqdirdə tərəddüdsüz gedib çalışar, ailəmin güzəranını təmin edərəm, hərçənd ki, yaşım və fiziki sağlamlığım yetərli deyil. Zatən bu amillər bir az mane olur, amma yenə də işləyər və bilərəm ki, halal qazancımla ailənin sosial və tibbi ehtiyaclarını, təhsilini və s. təmin edə biləcəyəm.
Qoy bu ölkədə adını alim-akademik qoymuş qəlbsizlər, görməmişlər, rüşvətxorlar, talançılar, vicdansızlar, qaniçənlər, irinlə qidalanan acgözlər cah-cəlal içində yaşayıb mənim kimi milyonlarla vətəndaşı didərgin salsınlar, özlərini və əhli-əyallarını millətin qanı ilə qidalanmağa alışdırsınlar. Siyasi iradənin olmadığı yerdə mənim kimi quru nəfəsi gedib-gələn, gücü qələmə çatan bir vətəndaşın əlindən nə gəlir ki beləcə dərdlərini kağıza calamaqdan savayı? Yaman çarəsizik!
Bəli, gözümlə gördüklərimi yazmağım son təsəllimdir, çünki bu yazdıqlarıma görə hansısa vicdansız və vecsiz akademşəbəkə üzvünə, dağıdıcı qüvvələrə gözün üstə qaşın var deyən yoxdur. Yeyib harınlamış şəbəkə üzvlərinin aldıqları tibbi dəstəyin 10 faizini də ala bilmirik. Bir para mənliksizlərin əlindən “Harada dayanar, dayansın” prinsipi üzrə yaşayırıq. İnsan həyatı it həyatından qiymətsiz olub. Yaşamırıq, zülm çəkirik. Sahibsiz, yiyəsiz qalmışıq!
Elmi dərəcə və titullarla bəzədilmiş, millət balalarını şikəst etmiş, onları yaltaqlığa və mənəviyyatsılığa alışdırmış, məmləkəti total tənəzzülə uğratmış, düzlükdən danışıb düzlüyün onurğasını sındırmış çaqqal təbiətli, çəyirtkə xislətli, namussuz, yaltaq, simasız, müxtəlif elmi dərəcə və adları bürüncək etmiş qansız alim-üləmalarla təmasda olmağın mənasızlığı hər addımda üzə çıxır. Onlar murdarlığın simvoludurlar!
Ölkənin taleyini hərraca qoyan bu alimizm-akademizm tör-töküntüləri xalqı hələ çox rəncidə edəcək, məmləkəti tərəqqiyə həsrət qoyacaq.
Mənliyi axtalanmış bu zatlar içərisində, sözün əsl mənasında, çalışmaq, yəni işləmək, dövlət, millət naminə faydalı addımlar atmaq çox çətin və məşəqqətli bir fəaliyyət növüdür.
Açıq etiraf edim ki, tədqiqatımın müstəqil xarakterli olması, ictimaiyyətin az da olsa, sağlam kəsimi tərəfindən müəyyən mənəvi dəstək əsintiləri məni vicdana “əlvida” demiş “kollektiv”lə işləmək əzabından qismən xilas edir, amma bu, onların elmi mühitdə və ümumən ölkədə yaratdıqları mənfi auranı bərtərəf etmir...
İmkansızlıqdanmı, bacarıqsılıqdanmı, yoxsa səhhəti problemlərdən və ya əfəllikdənmidir, bilmirəm, amma onu bilirəm ki, elmə töhfə vermiş bir alim kimi Vətənimdə zillət içində yaşayıram, məhrumiyyətlər içiərisində qıvrılıram, fəqət Allahın izni ilə hələ də ayaqdayam, fəaliyyətdəyəm. Yaltaqlıq, vicdansızlıq, riyakarlıq, rüşvətxorluq, alıb-aldatmaq, cibgirlik, büdcəgirlik şəxsimə aid olmayıb və bu yaşdan sonra da olmayacaq. Ona görə də, son sığınacağım Uca Rəbbin dərgahıdır!

Paralel.az

0.051132917404175