Çörçilin "çirkli sənədi"
1944-cü ilin oktyabrın 9-da Britaniyanın baş naziri Çörçil Moskvaya gəlir.
O zaman ikinci dünya savaşı hələ başa çatmasada artıq qaliblər məlum idi. Çörçilin səfərinin məqsədi Stalinlə görüşüb Cənubi və Şərqi Avropanı öz aralarında bölüşdürmək idi. O Stalinlə görüşü zamanı "Gəlin Balkanlardakı işlərimizi həll edək. Ordunuz Rumıniyada və Bolqarıstandadır. Orada maraqlarımız, missiyalarımız və agentlərimiz var. Rumıniyada yüzdə doxsan sizin xeyrinizə, Yunanıstanda yüzdə doxsan bizim xeyrimizə, Yuqoslaviyanı da əlli əlliyə bölməyimiz necə olardı?" deyə soruşur və bu sözlərin tərcüməsini gözləmədən yarım vərəqdə yazır:
"Rumıniya: Rusiya 90% / Digərləri 10%
Yunanıstan: Böyük Britaniya (ABŞ-la) 90%/ Rusiya 10%
Yuqoslaviya: Rusiya 50% / Digərləri 50%
Macarıstan: Rusiya 50% / Digərləri 50%
Bolqarıstan: Rusiya 75% / Digərləri 25%"
Sonradan Çörçilin əlyazısı da tapılır və "Faiz razılaşması" adı ilə tarixə düşür.
Beynəlxalq münasibətlərdə buna Çörçilin "çirkli sənədi" deyirlər. Çörçil karandaşla bu bölgünü aparandan sonra dedi ki, tarixçilər gələcəkdə buna görə bizi ittiham edərlər. O həmin vərəqi ovcunda əzişdirib yanındakı zibil qutusuna atdı. İclas qurtarandan sonra Sovet xüsusi xidmət orqanları bu faiz bölgüsünü özündə əks etdirən sənədi zibil qutusundan götürüb "ütülədilər" və Molotova verdilər. Sənəd uzun müddət Sovet xarici siyasət arxivində gizli saxlandı və SSRİ dağılandan sonra onu ilk dəfə "Сталин и Черчилль. Встречи. Беседы. Дискуссии: Документы, комментарии, 1941—1945" kitabının müəllifi akademik Oleq Rjeşevski dərc etdi. Maraqlı sənəddir.
Müəllif: Ellada Məmmədli
Paralel.az