ATXƏM sədri məktubla Fransa Senatına müraciət etdi

ATXƏM sədri məktubla Fransa Senatına müraciət etdi
 

Noyabrın 15-də Fransa Senatında Fransa Konstitusiyasının 34-1-ci maddəsini rəhbər tutaraq Azərbaycana qarşı sanksiya tətbiq edilməsinə dair qanun layihəsini müzakirəyə çıxarıb, düşünmədən, araşdırmadan dərhal da qanunu qəbul etməniz absurd və ikrah hissi doğurmaqdadır.

Çünki hər bir dövlətin beynəlxalq arenada öz mahiyyətini izah edən və qanunlar toplusu olan Konstitusiyası o xalqın iradəsi və milli təfəkkürünün məzmunudur. Dünya irsinə və mədəniyyətinə böyük töhfələr verən, azadlıqların və mədəniyyətlərin beşiyi kimi təqdim edilən Fransanın küstah və absurd qanun qəbul etməsi ona görə də bizim tərəfimizdən başadüşülən deyil və əsla qəbulolunmazdır.

Baxmayaraq ki, Fransa Senatında bəzən yersiz, Fransa xalqının düşüncələrindən və maraqlarından uzaq qanun layihələrinin hazırlanmasına daha əvvəllər də rast gəlmişdik. 2012-ci ildə “"Fransa Senatında “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı qəbul olunmuş qanun" layihəsi də on il əvvəl tarixi keçmişi və özünün dəyərləri olan Fransa Senatını gülünc duruma salmışdı.

Biz başa düşürük ki, sizlər siyasi karyeranızda, apardığınız siyasi xəttdə erməni diasporasının və lobbi təşkilatlarının təsirini və onların dəstəklərini qazanmağa çalışırsınız. Amma inanın ki, siz qazandığınız anda həm də Fransa və onun xalqının dəyərlərini və imicini itirmiş olursunuz.

İnanın ki, sizlər hər dəfə bu cür qeyri-konstruktiv qanun layihəsinini müzakirəyə çıxaranda və absurd qərarlar qəbul olunanda öz gələcəyini Avropaya inteqrasiya prossesində görən Azərbaycan ictimayyətində Avropanın aparıcı dövlətlərindən biri olan Fransanın tərənnüm etdiyi demokratik dəyərlərə inamı qalmır.

Fransa Senatında heç bir məntiqə sığmayan bu qanunun qəbul olunması Azərbaycan ictimayyətində belə bir fikir yaradır ki, Fransa Ermənistan-Azərbaycan arasında sülh danışıqlarının getdiyi bir zamanda, iki xalqın siyasi rəhbərlərin sülh danışıqlarını intensivləşdirdiyi bir vaxtda, regionda kommunikasiyaların bərpa olunacağı və regionun əsas iqtisadi tranzit bölgə olacağı bir vaxtda bu addımı atmaqla əslində sülhə mane olmaqla, həm də regionda yeni münaqişə ocağını yaratmaqda maraqlıdır və bunun üçün Ermənistanı yenidən münaqişəyə təhrik edir. Fransa Senatı bu addımı atmaqla öz tarixi keçmişini və nüfuzunu düşünməməsi açığı bizdə acı bir hiss yaradır.

Ayrıca olaraq, bildirirəm ki, biz Fransanın ATƏT-in Minsk Qrupunda fəaliyyət göstərdiyi dönəmdə öz fəaliyyətində bitərəf və səmimi olmadığını dəfələrlə görmüşük. Hətta 30 il ərzində münaqişənin həll olunmamasında, Ermənistanın Fransanın himayəsindən cəsarətlənərək, torpaqlarımızı işğal altında tutmasında da Fransa əsas günahkarlardan biri olmuşdur. Biz bunu Fransanın siyasəti kimi ötən illər ərzində müşahidə etmişik və bunu siyasətçilərin yaratdığını da bilirik.

Lakin Fransa Senatında Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsinə 296 nəfərdən 295-nin lehinə səs verməsi Senatın müstəqil olmadığının göstəricisidir və Fransanın Azərbaycana qarşı məkirli siyasətinin bir parçası olduğunu bir daha təsdiq edir.
Belə olmasaydı, Sizlər Azərbaycan hökumətindən 4 yanvar 1969-cu il tarixli hər növ Diskriminasiyanı Qadağan edən Konvensiyaya uyğun olaraq erməni əhalisinin, erməni dini və məbədi mirasının mühafizəsi üçün tədbir görmək tələbini irəli sürərkən Azərbaycanın işğal altında olan ərazilərində azərbaycanlıların mədəni və dini irsinə qarşı olan vandallığı da göz önünə gətirməlisiniz.

Məgər sizin Konvensiyalara münasibətiniz tərəf tutmaq və erməniləri yenidən münaqişəyə cəlb etməkdən ibarətdir? Məgər Fransa Afrikanın məzlum xalqlarına qarşı siyasət yürüdəndə və onları istismar edəndə hansısa Konvensiyanı xatırlayıbmı? Həmin məzlum xalqların dini və mədəni irsinə vicdanla yanaşıbmı? Bu sualların cavabını axtarmaq istəsəniz yaxın tarixinizi bir daha incələməyinizi xahiş edərdim.

Odur ki, Fransa Senatında qəbul etdiyiniz rəzil qanun layihəsini hiddətlə pisləyir, bu qanun layihəsinin həm də Fransa ilə Azərbaycan arasında mövcud dostluğa və əlaqələrin inkişafına kölgə salacağını əminliklə qeyd etmək istəyirəm.

Ümid edirəm ki, bütün Fransız xalqının fikrini əks etdirməyən, yalnız erməni lobbisinin təsiri altında olan bir qrup siyasətçilər tərəfindən dəstəklənən bu qanun layihəsini geri çəkəcəksiniz və Fransa Senatı heç bir tarixi reallığa söykənməyən faktları və hadisələri siyasi oyunlara alət etməyəcəkdir. İki qonşu xalq arasında nifaq toxumunu səpmək, onları yenidən müharibəyə sövq etmək əvəzinə sülh proseslərinə töhfə versəniz daha anlamlı olardı.

Rəhbərlik etdiyim təşkilat Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi, problemin ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunması istiqamətində Avropanın siyasi mərkəzlərində - Brüssel, Haaqa, Strasburq şəhərlərində müxtəlif layihələr həyata keçirib, Ermənistan tərəfindən 1992-ci ildə qəddarcasına törədilmiş Xocalı soyqırımının ədalətli şəkildə tanıdılması üçün təşəbbüslər göstərib.

Tarixi faktların göz önündə olduğu Xocalı soyqırımının Fransa dövləti tərəfindən tanınması əvəzinə, erməni lobbisinin uydurduqları yalanlar üzərindən siyasət qurmaq kökündən yanlışdır.

Hesab edirik ki, Fransa Senatı da biz vətəndaş cəmiyyəti təmsilçilərinin fikirlərini öz yanlışlarını düzəltmək üçün örnək alacaqdır.


İlham İsmayılov

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri

0.024417161941528