Təhsildə qlobal rəqabəti artır. Buna hazırıqmı?-dos. İlham Əhmədov, ADPU

Təhsildə qlobal rəqabəti artır. Buna hazırıqmı?-dos. İlham Əhmədov, ADPU
 

Dünya  Universitetlərin qlobal  reytinq cədvəlləri 2003-cü ildən aparılır.  Son illər ölkə mətbuatında  dünya universitetlərinin reytinq cədvəlləri və milli universitetlərimizin bu reytinqlərdəki mövqeyi  haqqında tez-tez müzakirələr gedir. Qeyd edək ki, ölkəmizdə bu mövzuda ilk araşdırma 2008-ci ildə  təhsil tədqiqatçısı, dos. İlham Əhmədov tərəfindən aparılmışdır.  Daha sonra tədqiqatın nəticəsi olaraq ölkə mətbuatında- “Azərbaycan müəllimi”, “İqtisadiyyat”   v.s. qəzet və jurnallarda  məqalə kimi nəşr olundu.  Tədqiqatın nəticəsi  2008-ci ildə Bakıda ADPU və  T. C. Hacəttəpə  Universitetlərinin təşkilatçılığı ilə keçirilən “Təhsildə Qloballaşma və IKT”  adlı  Beynəlxalq Elmi-Praktik Konfransda məruzə edilmiş və konfransın materiallarında dərc edilmişdir. (https://silo.tips/download/thsild-qloballama-v-ikt,  “Təhsilin qloballaşmasında İKT amili" -səh 13-26. adlı bu məqalə). Təqdim etdiyimiz bu məqalə həmən  tədqiqatın xülasəsıdir.

 

 

TƏHSİLDƏ  QLOBAL RƏQABƏTİ ARTIR. BUNA HAZIRIQMI?

dos. İlham Əhmədov, ADPU

“Ali məktəblərdə təhsil prosesinin inkişafında böyük işlər görülməlidir. Ən qabaqcıl, dünya miqyaslı ali məktəb heç vaxt əldə etdiyi nailiyyətlərlə kifayətlənmir. Bu, daim islahat tələb edən sahədir... Dünyada elmi- texniki tərəqqinin bütün yeniliklərini bilmək, onları qavramaq, qabaqcıl ali məktəblərlə əlaqə yaratmaq təhsil prosesinin inkşafında mühüm rol oynayacaqdır. Azərbaycan da bu yolu seçibdir”.

İlham Əliyev. Azərbaycan Respublikasının Prezidenti

 

Cənab Prezidentin bu tövsiyyəsi cəmiyyət həyatının müxtəlif sahələrində həyata keçirilən islahat proqramlarının, layihələrin icra vəziyyətinin cəmiyyət tərəfindən təhlil edilməsini, xüsusən də mütəxəssislərin bu istiqamətdə fəal müzakirələrə cəlb edilməsini, konkret təkliflərin irəli sürülməsini tələb edir. Bu ümumi işin inkişafına təkan verə bilər.  

1. Qloballaşma  prosesləri və təhsil. III minilliyin əvvəllərində dünyanın qlobal problemləri elmi-tədqiqat və sosial-iqtisadi siyasətin prioritet istiqamətinə çevrilmişdir. Qloballıq anlayışı kompleks elmi-tədqiqat istiqaməti kimi bir çox elmlərin tədqiqat predmetinə daxil olmuşdur. Qloballıq hər şeyi əhatə edən, irimiqyaslı, planetar əhəmiyyətli anlayış kimi bütün dünyanın, bəşəriyyətin taleyinə toxunan problemləri özündə ehtiva edir.

Ümummilli liderimiz Heydər Əliyevin qeyd etdiyi kimi «…bu gün dünyada belə bir tendensiya var: qloballaşmış cəmiyyət formalaşdırmaq. Buna isə elmin, təhsilin gələcək uğurları və insanların təfəkkürünün yeniləşməsi hesabına nail olmaq olar».  Ümumiyyətlə qloballaşmanın əsas səbəbi kimi müasir informasiya texnologiyaların yaranması və inkişafı xüsusi qeyd edilir.

Bu gün informasiya texnologiyaları çox böyük surətlə inkişaf edir, iqtisadiyyatın, mədəniyyətin, ümumiyyətlə həyatın bütün sahələrinə sürətlə sirayət edir. Artıq inkişaf etmiş ölkələrdə biliyə əsaslanan iqtisadiyyat formalaşır. Bu proseslərin təsiri ilə son zamanlar informasiya cəmiyyəti, biliyə əsaslanan iqtisadiyyat terminləri əvəzinə daha çox İnnovasiya Cəmiyyəti anlayışından istifadə edilir. Cəmiyyətin innovativ inkişaf ideyası bir çox ölkələrin inkişaf strategiyasının, inkişaf doktrinasının əsasını təşkil edir.

         Ölkənin innovativ inkişafı sənaye əsaslı iqtisadiyyatın biliyə əsaslanan iqtisadiyyata keçidini təmin etməlidir. 2006-ci ildə Böyük Səkkizlik ölkələrinin (G-8) təhsil nazirlərinin Moskva görüşü, daha sonra Böyük Səkkizlik ölkələri Prezidentlərinin Sankt-Peterburq zirvə toplantısı, «XXI əsr İnnovasiya Cəmiyyətinin təhsili » problemlərinin müzakirəsinə həsr edilmişdi. Bu tədbirin mühüm nəticələrindən biri mötəbər tribunadan İnformasiya Cəmiyyəti anlayışı əvəzinə innovasiya cəmiyyəti anlayışından istifadə edilməsi və rəsmi sənədlərdə öz əksini tapması idisə, digər mühüm nəticə Böyük Səkkizlik ölkələrinin təhsil nazirlərinin «XXI əsr İnnovasiya Cəmiyyətinin təhsili» mövzusunda apardığı müzakirələr nəticəsində qəbul edilən Moskva Deklarasiyası idi. Deklarasiyada qeyd edilir ki, bəşəriyyətin qlobal problemlərinin həlli innovasiya texnologiyalarına əsaslanan transmilli təhsil və transmilli elmin inkişafından keçir. Sammitin materiallarından bəlli olur ki, İnformasiya Cəmiyyətinin bərqərar olması cəmiyyətin innovativ inkişafından bəhrələnməlidir. Ona görə bu formatlı cəmiyyətə innovasiya cəmiyyəti deyilir. Yeri gəlmişkən Boloniya Prosesi bu ideyaların Avropa sərhədləri çərçivəsində reallaşmasına, Avropada vahid elm-təhsil məkanının yaradılmasına xidmət edir.

2. Boloniya prosesi qloballaşma amilidir Boloniya prosesinə qoşulma milli təhsil sisteminin gələcək inkişafı üçün nə verə bilər? Bizcə Boloniya prosesinə nə dərəcədə hazır olmağımızdan asılı olaraq bu proses bizə ziyanlı və ya xeyirli ola bilər. Bu mənada təhsil sistemində Boloniya prosesi müddəalarının tətbiqinə ciddi hazırlaşmalı, bu prosesi düzgün layihələndirməli, elmi əsaslarla planlaşdırmalı, prosesin monitorinqini aparmalı, icrasını nəzarətdə saxlamalı, onu respublikada və qlobal təhsil sistemində həyata keçirilən digər təhsil islahatları ilə səmərəli əlaqələndirməliyik. Əks halda köhnə təhsil modelini dagıdacaq, əvəzində isə səmərəli, yeni təhsil modeli qura bilməyəcəyik. Ona görə bu işin çətinliyini və məsuliyyətini bütün təhsil ictimaiyyəti düzgün qiymətləndirməli, prosesi taleyüklü məsələ kimi qəbul etməlidir.

Digər tərəfdən Boloniya prosesinin alternativi də yoxdur. Boloniya Prosesindən imtina və ya ləngimə gələcəkdə Avropaya inteqrasiya etməyə, milli iqtisadiyyatın qlobal proseslərdən kənarda qalmasına səbəb ola bilər. Nəhayət Boloniya rosesindən imtina ilk mərhələdə milli universitetlərin əcnəbi tələbələrini itirməsinə, daha sonra isə elə yerli tələbələrin də böyük qismini itirmısinə, beləliklə də milli universitetlərin bazar iqtisadiyyatı şəraitində ciddi maliyyə problemləri ilə üzləşməsinə səbəb olacaq. Çünki, yerli tələbələr tədricən virtual formada əcnəbi universitetlərdə təhsil almağa üstünlük verəcəklər. Bununla belə qeyd etməliyik ki, elə ölkələr var ki, hələlik Boloniya Prosesinə qoşulmaq niyyətləri yoxdur. Məsələn, son iyirmi ildə ən dinamik inkişaf edən ölkə- Çin Xalq Respublikası bu prosesləri kənardan müşahidə edir.

Uzun müzakirələrdən sonra ÇXR XXI əsrdə öz ali təhsil sistemini sovet təhsili modelinə uyğun qurmaq niyyətindədir. Bu ölkənin iqtisadi, siyasi, hərbi və digər potensialını nəzərə alsaq, görərik ki, bu ölkə qloballaşmaya təsir gücündə olan dövlətdir və Boloniya Prosesinə qoşulmadan da dünyada öz siyasi və iqtisadi mövqeyini saxlaya biləcək. Ümumiyyətlə isə əksər inkişaf etmiş Avropa və Amerika ölkələri Boloniya prosesinin iştirakçısıdır. Boloniya prosesinə qoşulan ölkənin təhsil sisteminin dinamik olması zəruridir. Avropa ölkələrinin təhsil sistemində bu gün dinamik inkişaf mövcuddur. Deməli, Boloniya sisteminə qoşulan digər ölkələrin də çevik təhsil sistemi olmalıdır ki, bu inkişafla ayaqlaşa bilsinlər. Boloniya prosesinin tələbləri daim artır. Bu konvensiya əgər  əvvəl cəmi beş tələbdən ibarət idisə, indi bu tələblərin sayı xeyli artmışdır və bu tendensiya davam edir.

Boloniya prosesinə yeni qoşulan dövlətlər öz milli təhsil sistemlərini yenidən qurmaqla, bu istiqamətdə islahatlar aparmaqla paralel olaraq Boloniya prosesinin daim artan tələblərini də öyrənməli və nəzərə almalıdır. Bu prosesə nəzarət edən xüsusi beynəlxalq qurumlar mövcuddur (məsələn, Avropa Təhsilin Keyfiyyətinə Nəzarət Assosiasiyası). Bu qurumlar konvensiyaya yeni qoşulan ölkələrin təhsil sistemində mütəmadi monitorinqlər aparacaqlar. Bu qurumun universitetlər qarşısında qoyduğu mühüm tələblərdən biri «Universitet daxili keyfiyyətin menecmenti sisteminin» qurulmasıdır. Bu gün Boloniya prosesinin daim artan tələbləri sırasında E-Boloniya (elektron Boloniya) konvensiyası mövcuddur. E-Boloniya vahid Avropa virtual təhsil məkanı yaradaraq, universitetlərin vahid virtual şəbəkədə elektron təhsil verməsinə şərait yaradır. Böyük ehtimalla deyə bilərik ki, yaxın gələcəkdə Boloniya prosesi iştirakçıları qarşılıqlı şəkildə İnternet vasitəsi ilə hər hansı universitetin istənilən auditoriyasındakı tədris prosesinə məsafədən (distant yolla) müşahidə və video-nəzarət imkanları əldə edəcəklər. Bu universitetlər üçün şərəfli, həm də çox məsuliyyətli məsələdir. Bu zaman hər hansı müəllimin istənilən dərsi faktiki olaraq “açıq dərs” statusu qazanacaq, bu “açıq dərsin” hər an dünyanın istənilən nöqtəsində yüzlərlə müşahidəçisi ola bilər. Nəticədə Avropanın istənilən universitetindən yəqin ki, Azərbaycanın hər hansı universitetindəki mühazirəni İnternet vasitəsi ilə dinləmək və onun keyfiyyətini qiymətləndirmək mümkün olacaq. Bu sistemin sürətlə inkişaf etməsi perspektivini real qiymətləndiririk. Çünki, bu zaman Boloniya prosesinin digər mühüm tələbi–tələbə və müəllimlərin mobilliyi məsələsi daha asan həll ediləcək, artıq real mobillik virtual mobilliklə əvəz edilərək, inreqrasiya proseslərini daha da sürətləndirəcək. Universitetin virtual təhsil sisteminin qurulması tələbə və müəllimlərin real mobilliyi məsələsini virtual mobilliklə əvəz edə bilər, bu daha asan və daha az məsrəflə mümkün ola bilər. Təəssüf hissi ilə bildirmək istəyirəm ki, E-Boloniya tələbinin icrası istiqamətində gələcəkdə bizim ciddi problemlərimiz ola bilər. Bir çox ölkələrdən fərqli olaraq bizim respublikada hələlik distant təhsil sistemi yaradılmaylb, biz bu məsələdə xeyli vaxt itkisinə yol vermişik.

Distant təhsil sistemi inkişaf edən ölkələrdə Boloniya prosesinin reallaıması daha asandır, çünki Distant təhsil sistemi qurularkən artıq Avropa standartları nəzərə alınaraq yaradılmışdır. Distant təhsil təcrübəsi əsasında Avropa təhsil standartlarını tətbiq etmək asandır. Distant təhsil qlobal məkanda o səviyyədə dərəcədə inkişaf etmişdir ki, proqnozlara görə 2010 –cu ildə dünya universitetlərin 70%-i bu texnologiya əsasında təhsil verəcəklər. Artıq bu gün virtual tələbələrinin sayi bir milyondan artıq olan xeyli universitetlər var. Bəzi Meqauniversitetlərin büdcəsi milyard dollardan artıqdır. Qlobal xarakterli Meqauniversitetlərdə yaxın gələcəkdə təhsil alan tələbələrin sayı 10 milyonu aşa bilər, texnoloji cəhətdən bu hal-hazırda mümkün məsələdir.

Ali təhsil sistemi keyfiyyətsiz və zəif olan ölkələrin tələbələri hesabına, (həmin ölkələrdəki tələbələrin gələcəkdə qlobal Meqauniversitetlərə axını gözlənilir) Meqauniversitetlərin sürətli inkişafı realdır. Əmək bazarındakı qlobal rəqabət insanları daha keyfiyyətli təhsil almağa sövq edəcək, beləliklə qlobal təhsil rəqabətinbə Meqauniversitetlər zəif və kiçik universitetləri “məhv edəcəklər”. Belə qlobal təhsil rəqabətində kiçik ölkələr və universitetlərə az sərmayə qoyan ölkələr uduzacaqlar. Virtual Təhsil müəssisələri olan Meqauniversitetlər artıq transmilli xarakter daşıyır, İKT-nin geniş tətbiqi əsasında distant formada işləyir, “sərhədsiz təhsil”, “məkansız və zamansız təhsil” formatında işləyəcəklər. Bu gün qlobal təhsil məkanında distant təhsilin pedaqoji və iqtisadi səmərəsi artıq heç kimdə şübhə doğurmur, bu məsələ ətrafında mübahisələr çoxdan (keçən əsrin 90- cı illərində), birmənalı şəkildə distant təhsilin səmərəli, innovativ bir təhsil texnologiyası olmasını təsdiq etmişdir.

Distant təhsil elə sürətlə inkişaf edir, bir çox ölkələr, o cümlədən bir sıra MDB ölkələri distant təhsildən səmərəli istifadə edirlər, bu sahədə xeyli təcrübə toplamışlar. Distant təhsil fasiləsiz, ömürboyu təhsilin qarantı olan Açıq Təhsil Sisteminin ən səmərəli təşkilidir. Halhazırda YUNESKO Virtual Şəbəkə Universitetinin təşkili istiqamətində iş aparır. Virtual Şəbəkə Universitetində heç bir məkan və zaman məhdudiyyəti olmadan, yaşından, cinsindən, irqindən, milliyyətindən asılı olmayaraq dünyanın istənilən sakini virtual formada təhsil ala bilər. Cəmiyyətin informatlaşması, qloballaşma prosesləri Distant Təhsil sisteminin sürətli inkişafına güclü təkan verir. Distant Təhsil sisteminin əsasını dünya, cəmiyyət, insan idrakı və təhsilin dinamikliyi, «ömürlük təhsildən» «ömürboyu təhsil» prinsipinə keçid ideyası təşkil edir.

Distant Təhsil modeli informasiya cəmiyyətinin inkişaf və təkamülünün tarixi mərhələsidir, hər hansı dövlətin təhsil siyasətindən asılı olmayaraq, qloballaşma şəraitində informasiya cəmiyyətinin təhsil sistemi qarşısında qoyduğu təxirəsalınmaz tələbdir. İnkişaf etmiş ölkələrdə təhsil formaları sürətlə Distant Təhsil sisteminə inteqrasiya olunur, vahid təhsil məkanı yaranır. Bununla belə bəzi ölkələrin təhsil sistemində, o cümlədən təəssüf hissi ilə bildirək ki, bizim milli təhsil sistemində də Distant təhsilin imkanları düzgün qiymətləndirilmir.  

Sevindirici haldır ki, qardaş Türkiyə Respublikasında da artıq distant təhsil texnologiyaları uğurla tətbiq edilir, intensiv inkişaf etdirilir. Biz onların bu nailiyyətinə sevinir, uğurlar diləyirik. Sevinirik ki, İnternet dünyasında tədricən Türkdilli virtual təhsil sistemi yaradılır, gələcəkdə Türkdilli xalqların inteqrasiyasında virtual təhsilin imkanlarından istifadəyə imkan yaradılır. Ümid edirik ki, gələcəkdə türkdilli virtual Meqauniversitet yarana bilər.

Tarixin müxtəlif mərhələlərində türk dünyasının tanınmış mütəfəkkirləri tərəfindən səslənmiş “Fikirdə, dildə, işdə birlik” şüarı bu gün - dünya təhsil sisteminin qlobal inteqrasiya etdiyi bir məqamda “Təhsildə, fikirdə, dildə, işdə, birlik” kimi səslənə bilər. Çünki, təhsil birliyi fikir, dil, iş birliyini təmin edir və gələcəkdə yaradılması zəruri olan türkdilli virtual Meqauniversitet “Təhsildə, fikirdə, dildə, işdə, birlik” ideyasının daşıyıcısı ola bilər. Bu gün universitetlərin qlobal məkanda özünütəsdiqi, beynəlxalq əlaqələrin səmərəli qurulması üçün İnternetdə xüsusi portalının olması da zəruridir. Hər bir unversitet öz portalında təhsil standartlarını, tədris planları və proqramları, nizamnaməsini, inkişaf konsepsiyasını, fəaliyyət planını, icra etdiyi layihələri, təhsil sahəsindəki innovasiyaları, elm və təhsil sahəsindəki nailiyyətlərini yerləşdirə bilər. Portalında həmçinin unversitet hazırladığı elektron tədris resursları, beynəlxalq əlaqələri barədə məlumatları, kadr potensialı haqda məlumatları, seminar, laboratoriya məşğələləri, mühazirələri mətnləri, təşkil etdiyi elmi konfransların siyahısını, bu konfransların materallarının rəqəmsal formada audio və video arxivini və s. zəruri informasiyaları yerləşdirə bilər.

Təhsildə keyfiyyətə nəzarət edən beynəlxalq qurumlar, dünyanın istənilən ölkəsindəki tələbələr və digər təhsil xidməti istehlakçılar portallarda yerləşdirilən məlumatlar əsasında universitetin fəaliyyəti barədə zəruri məlumatları əldə edəcək, müəllimlərin bilik səviyyəsi və universitetin maddi-texniki bazası haqqında məlumatları, bir sözlə universitet həyatını izləyə biləcəklər. Bu prosesdə təbii ki, universitetin beynəlxalq imici, reytinqi əsasən orada işləyən professor-müəllim heyyətinin səviyyəsi ilə təyin edilir. Müəllimlərin hansı sertifikata malik olması, elmi ictimaiyyət tərəfindən qəbul edilmiş neçə elmi əsərin müəllifi olması, hansı ixtisasartırma kursları keçməsi və s. məsələlər əhəmiyyət kəsb edir. Göründüyü kimi qloballaşmanın təsiri ilə təhsildə çox ciddi dəyişikliklər baş verir, müxtəlif ölkələrin təhsil sistemləri sürətlə inteqrasiya edilir.

Təhsildəki dəyişikliklər məzmunda, texnologiyada və idarəetmədə özünü göstərir. İnformasiyanın mühüm kapital, əmtəə olması təhsil xidmətini əmtəə kimi təqdim etməyə imkan verir.

Ümumdünya Ticarət Təşkilatının (ÜTT) tələblərinə görə təhsil artıq xidmət növü olaraq bir əmtəədir , alqı-satqı obyektidir, transsərhəd xarakteri daşıyır. Qlobal məkanda artıq təhsilə iqtisadiyyatın bir sektoru kimi, biznes sahəsi kimi baxırlar. Dünya bazarında təhsil xidmətəri bazarının qiyməti təxminən iki trilyard dollardır. Bu bazar sektoru enerji daşıyıcıları bazarı ilə müqayisə edilə bilər. Nəzərə alsaq ki, dünyada neft-qaz ehtiyatları, enerji daşıyıcıları ehtiyatları tədricən tükənir, informasiya resursları isə sürətlə artır və bu yeni məlumatların öyrənilməsinə, nəticə etibarı ilə təhsil xidmətlərinə tələbat dinamik artır. Beləliklə, informasifa resursları bazarı, təhsil bazarı tədricən böyük maliyyə tutumuna sahib olur.

Artıq inkişaf etmiş ölkələr bu həqiqəti dərk etmiş və təhsil xidmətlərinin kütləvi ixracı üçün layihələr hazırlayırlar. Bunun texnologiyası virtual-distant təhsildir. Bu gün dünyada belə bir fikir formlaşıb ki, Distant Təhsil XXI əsrin – informasiya əsrinin biznesidir. ABŞ, Böyük Britaniya, Avstraliya, Kanada kimi ölkələr hər il distant təhsil yolu ilə milyonlarla əcnəbi tələbəyə virtual təhsil verir, ildə bir neçə milyard dollar mənfəət götürürlər. Göründüyü kimi təhsil həm ideoloji baxımdan, həm milli inkişaf baxımından, həm də xidmət bazarı olaraq iqtisadiyyatın bir sektoru kimi qlobal proseslərin ciddi təsiri altındadır. Bu gün təhsilə diplom alma vasitəsi kimi yox, qlobal proseslərdə milli mənafenin dayağı kimi baxmaq lazımdır.

3. Qlobal təhsil xidmətləri . Qloballaşma proseslərinin geniş vüsət almasında İKT-nin, xüsusən də İnternetin mühüm rolu olmuşdur. Qloballaşmanın sürəti informasiyanın, elmin, ideyanın qlobal xarakter daşıması, bu proseslərdə İKT-nin həlledici rolu ilə müəyyən edilir. Qlobal iqtisadiyyat, biliyə əsaslanan iqtisadiyyat formalaşır, inkişaf edir. Bu iqtisadiyyatın əsasında elm, təhsil, innovasiya, informasiya axını durur, bu iqtisadiyyatın əsas vasitəsi və texnologiyası da elə İKT-dir. İnformasiya cəmiyyətinin bazisi təhsil, üstqurumu biliyə əsaslanan iqtisadiyyatdir. Təhsil sistemində müasir İKT-nin tətbiqi bu gün qloballaşan dünyanın, informatlaşan cəmiyyətin, innovativ inkişafın zəruri tələblərindən, ehtiyaclarından biridir. Bu səbəbdən qlobal təhsil sisteminin ənənəvi təhsil sistemindən prinsipial fərqi onun texnoloji bazasına görədir.

Qlobal təhsil sistemi kompüter və telekommunikasiya texnologiyalarının potensial imkanlarından maksimum faydalanmağa yönəlmişdir. İKT-nın tətbiqi nəticəsində yaranan yeni təhsil sistemi insanların intellektual imkanlarını dəfələrlə artır, daha çox informasiyanı daha az vaxt ərzində, keyfiyyətli mənimsəməyə, virtual təhsil texnologiyalarını tətbiq etməyə imkan verir. Bu işi səmərəli qurmaq üçün bir sıra şərtlər nəzərə alınmalıdır. İnformasiya cəmiyyətinin gələcək qurucuları məktəb illərindən başlayaraq yeni informasiya texnologiyalı ilə təmas qurmalı, ondan sərbəst istifadə etməyi öyrənməlidirlər.

İnsan fəaliyyətinin bir çox sahələrində olduğu kimi, təhsildə də müasir İKT-nın tətbiqi fəaliyyət səmərəsini xeyli artıra bilər. Bu nöqteyi-nəzərdən təhsilin müxtəlif pillələrində kompüterlərin sistemli tətbiq imkanlarının elmi araşdırılması, alınmış nəticələrin tədrisdə tətbiqi pedaqoji elmlərin aktual problemlərindəndir. Tədris müəssisələrinin kompüterləşdirilməsi, İnternetin təhsilin müxtəlif səviyyələrində tətbiqi imkanları təhsil sahəsində yeni üfüqlər açır. Bu günə qədər təhsil texnologiyaları fərdi kompüter kimi güclü vasitəyə, İnternet kimi nəhəng informasiya resurslarına heç vaxt malik olmamışlar. Təlimdə elə texniki vasitə yoxdur ki, didaktik imkanlarına görə İKT ilə müqayisə eilə bilsin. İnformasiya cəmiyyətində təhsilin səmərəsi İKT-dən istifadə səviyyəsə ilə təyin edilir. Bu səbəbdən bütün inkaf etmiş ölkələr virtual təhsil sistemi qururlar.

Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev ölkənin regionda İKT üzrə lider dövlətə çevrilməsi məqsədi ilə təhsil ictimaiyyəti, xüsusən də Təhsil Nazirliyi qarşısında konkret vəzifə qoymuşdur: “Dünyada mövcud olan ən qabaqcıl texnologiyaları tətbiq etmək Təhsil Nazirliyinin prioritet vəzifəsi olmalıdır. Azərbaycanda gərək virtual dərslər, yeni texnologiyalar geniş yayılmalı, bütün məktəbləri əhatə etməlidir. Bu böyük, mürəkkəb, çoxlu maliyyə tələb edən proqramdır. Amma, biz bunu etməliyik. Çünki, biz gələcəyə baxmalıyıq”.

Azərbaycan Respublikası Prezidentinin qoydugu bu konkret vəzifənin (məzmun və həcmcə isə meqalayihənin ), yaxin 10 il ərzində Təhsil Nazirliyi tərəfindən mərhələrlə icrası milli təhsil sisteminin qlobal inteqrasiyasına ciddi təkan verə bilər. Bunun üçün ilk növbədə respublikada distant təhsil sistemini qurmaq zəruridir. Bu təhsil texnologiyası ilə qabaqcıl dünya təhsilini respublikaya gətirə bilərik (idxal edə bilərik). Bu halda minlərlə gəncin xaricdə təhsil almasını virtual təşkil etmək olar, gənclərin xarici ölkələrdə təhsilinə dair müvafiq Dövlət Proqramının icrasında belə imkanlar yaranarsa, bu həm keyfiyyətli təhsil, həm daha ucuz ola bilər, qənaət edilən vəsait hesabına milli virtual təhsili inkişaf etdirmək mümkün olar. Gələcəkdə bu təcrübə əsasında milli virtual təhsil sistemini quraraq öz təhsil potensialımızı ixrac edə bilərik ( bu gün dünyada 50 milyondan artıq soydaşımız yaşayır, virtual yolla onların ana dilində distany təhsil almasına şərait yarada bilərik) . Bu halda qoyulan maliyyə vəsaiti az vaxt ərzində geri qaytarıla bilər. Bu gün distant təhsil sistemini qurmayan, milli virtual təhsilini inkişaf etdirməyən ölkələr sabah qlobal təhsil rəqaətindən məglub çıxacaqlar, bu acı həqiqəti dərk etməliyik.

2000-ci ildə imzalanmış  “Azərbaycan Respublikasında Təhsil sisteminin təkmilləşdirilməsi” adlı fərmanda, daha sonra isə İKT üzrə milli strategiyada distant təhsil sisteminin yaradılması və inkişaf etdirilməsi məsələsini qoymuşdur, o, uzaqgörənliklə milli təhsil sistemimizin qlobal proseslərə müasir texnologiyalar əsasında inteqrasiyasını zəruri hesab etmişdir. Bu gün təhsil ictimaiyyəti ulu öndərin bu göstərişini gec də olsa icra etməlidir. Distant təhsil sisteminin, milli virtual təhsilin yaradıması və inkişafı Respublikanın regionda İKT və virtual təhsil üzrə lider dövlətə çevrilməsinə, milli təhsilin qlobal tələbərə cavab verməsinə imkan yarada bilər. AR Prezidenti, cənab İlham Əliyevin virtual təhsillə əlaqədar söylədiyi kimi , “Bu böyük, mürəkkəb, çoxlu maliyyə vəsaiti tələb edən proqramdır. Amma, biz bunu etməliyik. Çünki, biz gələcəyə baxmalıyıq”.

4. Qlobal təhsil məkanında Dünya Səviyyəli Universitetlər Son illər qlobal təhsil məkanında “Dünya səviyyəli universitet” anlayışı tez-tez işlədilir. Bu anlayış peşə təhsilində elm və tədris fəaliyyətinin yüksək keyfiyyətini, peşə təhsili xidməti üzrə dünya bazarında rəqabətədavamlılığa təminat verən yüksək potensialı, yeni biliklərin yaradılması və yayılması sahəsində səmərəli fəaliyyəti əhatə edir. Bu gün tələbələr milli sərhədlərdən asılı olmayaraq, iqtisadi cəhətdən onlara uyğun olan universitetlərdən ən yaxşısının tələbəsi olmağı arzu edirlər, hökumətlər isə öz növbəsində universitetlərə qoyulan investisiyalardan maksimum fayda qazanmağa çalışırlar. Bu səbəbdən qlobal səviyyədə tədris müəssisəsinin yüksək reytinqə malik olması dünyanın bütün universitetləri üçün zəruridir. Digər tərəfdən «Dünya səviyyəli universitet” anlayışı paradoksal xarakter daşıyır: hamı yüksək reytinq qazanmaq istəyir, lakin bunun ən səmərəli yolu hələ məlum deyil. Universitet təbii ki, özü- özünə “Dünya səviyyəli universitet” statusu verə bilməz. Elit universitet statusu beynəlxalq səviyyədə qəbul edilməlidir. Belə statusu qazanmaq istənilən universitet üçün böyük nailiyyətdir, bu ona böyük beynəlxalq divident gətirir. “Dünya səviyyəli universitet”lərin təsnifatı və müəyyənləşdirilməsinin müəyyən obyektiv metodikaları yaradılmışdır. Bu metodikaların çoxusu ölkədaxili reytinq cədvəlinin müəyyən edilməsinə yönəlmiş, bəziləri isə beynəlxalq reytinq cədvəlinin yaradılmasına xidmət edir. Beynəlxalq reytinq cədvəli əsasən «Tayms» qəzetinin «Ali təhsil» üzrə əlavəsi və Şanxay Universitetinin hazırladığı “Dünya universitetlərinin akademik reytinq cədvəli”dir. Bu reytinq cədvəlləri universitetlərin özlərindən alınmış obyektiv və subyektiv məlumatlar əsasında, həmçinin digər mənbələrdən alınmış informasiyalar əsasında müəyyən edilir. «Tayms» dünyanın ən yaxşı 200 universitetini müəyyən edir. Həyata keçirilən bu layihənin məqsədi qlobal miqyasda universitetlərin akademik səviyyəsini qiymətləndirməkdir. Bu zaman universitetlərdə icra edilən tədqiqatların keyfiyyəti, tədrisin səviyyəsi və universitetin beynəlxalq nüfuzu nəzərə alınır.

2004-cü ildən etibarən həyata keçirilən bu tədbir ali təhsil sahəsində beynəlxalq müqayisəni həyata keçirən ən ciddi layihələrdən hesab edilir. Reytinq cədvəli dünyanın müxtəlif universitetlərində çalışan 4000 nəfər akademik arasında keçirilən sorğu nəticəsində müəyyən edilir. Eyni ilə Şanxay Universitetinin hazırladığı “Dünya universitetlərinin akademik reytinq cədvəli” isə dünyanın ən yaxşı 500 universitetini müəyyən edir.

Dünya səviyyəli universitetlə adi universitetin bir neçə xarakteristik fərqli xüsusiyyətləri mövcuddur: professor-müəllim heyətinin yüksək ixtisas səviyyəsi, elmi-tədqiqatların mühüm nəticələri, keyfiyyətli tədris, universitetin dövlət və qeyri-dövlət sektorunda iri həcmli maliyyə mənbələrilərinin mövcudluğu , xarici ölkələrdən olan tələbələrin sayı, yüksək istedadlı tələbələrin sayı, akademik sərbəstlik, müstəqil idarəetmə strukturlarının dəqiq müəyyənləşdirilməsi, tələbələrin həyat, məişət, təlim və tədqiqat fəaliyyəti üçün maddi-texniki bazanın mövcudluğu.

Beynəlxalq reytinq cədvəllərində ilk 30 yeri tutan universitetlərin ümumi xarakteristikası aşağıdakı kimidir: istedadların yüksək dərəcədə konsentrasiyası (qabiliyyətli müəllim və tələbələrin əksəriyyət təşkil etməsi), universitetlərdə innovasiyaların tətbiqinə imkan verən strateji idarəetmə sisteminin mövcudluğu, təhsil və tədqiqatlar üçün maksimum imkan yaradan keyfiyyətli resurs təminatı. «Tayms» qəzetinin «Ali təhsil» üzrə əlavəsinin reytinq cədvəlində I yeri Harvard universiteti, II yeri Kembric universiteti, III yeri Oxford və Yel universitetləri bölüşdürürlər. Ümumiyyətlə, bu siyahıdan ilk 100 universitetin 50-si ABŞ və Böyük Britaniyaya məxsusdur. Bir çox ölkə hökumətləri öz universitetlərinin dünyanın qlobal intellektual və elmi inkişafın liderləri siyahısında olması zərurətini yaxşı dərk edirlər. Məsələn, 2005-ci ildə «Tayms» qəzetinin «Ali təhsil” əlavəsində dünya universitetlərinin reytinq qiymətləndirilməsi nəticələrində Malayziyanın iki ən güclü universiteti bu reytinq cədvəlində bir il ərzində birdən-birə 100 pillə aşağı enmişdir. Baxmayaraq ki, reytinq cədvəlində belə ciddi fərq əsasən qiymətləndirmə metodikasının dəyişməsi ilə əlaqədar idi, bununla belə bu məlumat Malayziya ictimaiyyətini şoka salmışdır. Bu fakt cəmiyyət tərəfindən ağrılı qarşılandı, vəziyyəti araşdırmaq üçün xüsusi dövlət komissiyasının yaradılması haqqında qərar qəbul edildi. Vəziyyətə belə kəskin reaksiya təsadüfi deyildi. Ölkənin qəbul etdiyi inkişaf proqramı Malayziyada biliyə əsaslanan iqtisadiyyatın qurulması və bu prosesdə universtetlərin rolunun gücləndirilməsinə yönəlmişdir. Hökumət və ictimaiyyətin milli universitetlərin reytinq cədvəli ilə bağlı narahatlığı bununla əlaqədar idi ki, iqtisadi inkişaf və ölkənin qlobal səviyyədə rəqabətə davamlılığının elm, bilik və universitet təhsilindən asılı olduğu ictimaiyyətə yaxşı məlum idi.

1999-cu ildə Dünya bankının “Dünyanın inkişafı” haqqında hesabatı əsasən bilik iqtisadiyyatının yaranmasına həsr edilmşdir. Bu hesabatda biliyə əsaslanan iqtisadiyyata keçidin analitik sxemi şərh edilmişdir. Sxemdə 4 mühüm strateji amil qeyd edilir:

1. Addekvat iqtisadi institusional sistemin yaradılması;

2. Güclü insan kapitalı bazasının inkişafı;

3. Dinamik informasiya infrasturkturu;

4. Səmərəli milli innovasiya sisteminin inkişafı.

baza sxemininin hər bir elementinin inkişafında universitetlər mühüm rola malikdir. Lakin güclü insan kapitalı bazasının yaradılması və səmərəli milli innovasiya sisteminin formalaşmasında universitetlərin rolu daha böyükdür. Universitetlər bir çox ölkələrin qlobal səviyyədə iqtisadiyyatının rəqabətədavamlılığını və iqtisadi proseslərin kadr təminatını, yeni ideya və texnologiyaların yaradılması, tətbiqi və yayılmasını təmin edir. Qeyd etmək lazımdır ki, universitet təhsili biliyə istiqamətlənən sənaye inqilabi üçün də xarakterik idi. Məhz bu dövrdə elmi-tədqiqat institutlarının yaradılması və milli elmlər akademiyalarının inkişafı mərhələsi başlamışdır.

Bu gün iqtisadi inkişafın genişlənməsi nəticəsində universitetlər tədris və elmitədqiqat mərkəzləri kimi inkişaf edirlər. Məsələn: bu yaxınlarda hazırlanmış “Patent üzrə qlobal xülasə”də qeyd edilir ki, biotexnologiya sahəsində elmi-tərəqqinin hərəkətverici qüvvəsi şirkətlər yox, universitet və tədqiqat mərkəzləridir.

5. Azərbaycan universitetləri qlobal təhsil məkanında Apardığımız bu təhlilər fonunda təbii bir sual meydana çıxır: Dünya universitetlərinin reytinq cədvəlində görəsən bizim universitetlər bu gün hansı mövqedə ola bilər? Bizdə olan məlumatlara görə belə reytinq cədvəllərində Azərbaycan Universitetləri barədə heç bir məlumat yoxdur. Bununla belə bu istiqamətdə sadə tədqiqat aparmaq mümkündür. Bildiyimiz kimi, hər hansı proses müqayisədə daha yaxşı dərk edilir. Azərbaycan universitetlərinin dünya təhsil sistemində gedən qlobal inkişaf fonunda hansı mövqedə olduğunu müəyyən etmək üçün müəyyən müqayisələr aparaq. Təxmini yerimizi müəyyən etmək üçün ilkin olaraq Azərbaycan universitetlərinin səviyyəsini qonşu Rusiyanın universitetləri ilə müqayisə edək.

Məlum olduğu kimi, innovativ cəmiyyətin tələbləri səviyyəsində innovativ universitetlərin yaradılması bu gün ali təhsil müəssisələrinin inkişaf strategiyasını müəyyən edir. Bu səbəbdən son illər qonşu Rusiya Federasiyasında innovativ universitetlərin yaradılması üçün İnnovasiya Təhsil Proqramları müsabiqəsi təşkil edilir. Bu müsabiqə çərçivəsində RF-da olan 1000 universitetdən 57-si müsabiqənin qalibi olaraq hazırladıqları İnnovativ həyata keçirmək üçün dövlətdən böyük həcmdə investisyalar almışlar. Bu məqsədlə son iki ildə bir milliyard dollar vəsait xərclənmişdir. Universitetlərin təqdim etdikləri layihələrdən asılı olaraq müsabiqənin qalibi olan 57 universitetin hər birinə 10 milyon dollardan 40 milyon dollaradək investisiya qoyulmuşdur.

Bu investisiyalar nəticəsində universitetlərdə innovasiya cəmiyyətinin tələblərinə cavab verən mütəxəssislərin hazırlanmasına imkan verən təhsil mühitinin yaradılması, innovativ təhsil prosesinin elmi təminatı, innovativ təhsil prosesinin informasiya dəstəyi (informasiya təhsil məkanının formalaşması), beynəlxalq təhsil məkanına inteqrasiya Boloniya prosesinin icrası) məsələləri öz səmərəli həllini tapır. Məsələn, Tomsk Rabitə, İdarəetmə, Radioelektronika Universiteti İnnovasiya Təhsil Proqramı çərçivəsində 75 layihə həyata keçirmiş, 30 milyon ABŞ dolları maliyyə vəsaiti sərf edilmişdir. Bu universitetdə təkcə kredit- zaçot sisteminin tətbiqi üçün hazırlanan layihəyə 150.000 dollar sərf edilmişdir.

A.İ.Gertsen adına Sankt-Peteburq Dövlət Pedaqoji Universiteti İnnovasiya Təhsil Proqramı çərçivəsində 95 layihə həyata keçirmiş, 10 milyon ABŞ dolları maliyyə vəsaiti sərf etmiş, Plexanov adına İqtisadiyyat akademiyası 2006-2007-ci tədris ilində 296 layihə həyata keçirmiş 40 milyon ABŞ dolları bu layihələrə sərf etmiş v.s. Bu faktlar RF-nın müsabiqənin qalibi olan 57 Universitetinin hər biri üçün konkret rəqəmlərlə göstərilə bilər. Nəzərə alsaq ki, bu ölkədə 1995-2005 illərdə də çoxsaylı Federal Təhsil Proqramları icra edilmişdir (o cümlədən büdcəsi bir milyard dollar olan RF-da “Vahid İnformasiya Təhsil Məkanının Formalaşması” Federal Dövlət Proqramı), universitet təhsilinin inkişafı üçün iri həcmli layihələr hazırlanmış və həyata keçirilmişdir, onda Rusiya Federasiyasında universitet təhsilinin inkişaf dinamikasını təxminən təsəvvür etmək mümkündür.

Bu Universitetlərin əksəriyyəti tədris planlarında olan fənnlər üzrə yüzlərlə elektron dərsliklər yaratmış, virtual təhsil layihələri hazırlamış və yüksək səviyyədə icra etmiş, səmərəli distant təhsil sistemi qurmuşlar ( bu ölkədə universitetlərin çoxu distant yolla təhsil xidməti göstərir, milyondan artıq tələbə distant yolla təhsil alır).

Rusiya universitetlərinin ölkədaxili reytinq cədvəlində ilk 30 universitet siyahısında olmayan hər hansı əyalət universitetinin, məsələn, Omsk Dövlət Universitetində Təhsilin İnformatlaşması sahəsində görülən işlər bizim respublikanın bütün universitetlərinin bu sahədə gördüyü işlərdən daha çoxdur. RF universitetlərinin ölkədaxili reytinq cədvəlində ilk 100 universitet syahısında olmayan Amur vilayəti Blaqoveşinsk Pedaqoji İnstitutunun 10-12 il əvvəl Təhsilin İnformatlaşması sahəsində gördüyü işlər səviyyəsinə biz hələ ki, çatmamışıq.

Qonşu Dağıstan Dövlət Universitetinin saytına girmək və orada yerləşdirilən elektron resursları kəmiyyət və keyfiyyətcə Azərbaycan universitetlərində aparılan analoji işlərlə müqayisə etmək  kifayətdir ki, bu istiqamətdə biz öz inkişaf səviyyəmizi real qiymətləndirək. Belə müqayisələri çox aparmaq olar. Maraqlananlar İnternetdə belə təhlilləri davam etdirə bilərlər.

Azərbaycan universitetləri üçün magistr hazırlığı nisbətən yeni sahədir. 2008-ci ildə ADİU-ndə “Boloniya Prosesi kontekstində magistr hazırlığı” mövzusunda maraqlı elmi konfrans təşkil edilmişdir. Məruzələrdən məlum oldu ki, xeyli vaxtdır  respublikada magistr hazırlığı həyata keçirilir, lakin bu istiqamətdə heç bir elmi-metodik layihə, elmi-tədqiqat işi icra edilməmiş, bu istiqamətdə təhsilə demək olar ki, maliyyə qoyulmamışdır. Yəni bu gün magistratura hazırlığının tədris-metodik təminatı ya hazır deyil, ya da ictimai əsaslarla (yəni pulsuz) hazırlanıb. Bazar iqtisadiyyatı şəraitində cüzi məvacib alan müəllimlərin ictimai əsaslarla icra etdiyi “layihə”nin keyfiyyəti nə ola bilər?

RF-da İnnovativ Təhsil Proqramları çərçivəsində bir çox universitetlər ayrı-ayrılıqda magistr hazırlığına dair bir neçə milyon dollar həcmində layihələr icra ediblər. İndi isə RF universitetlərinin son 10-12 ildəki sürətli inkişafını qlobal səviyyədəki inkişafla müqayisə edək. Yuxarida qeyd etdiyimiz kimi Britaniyanın «Tayms» qəzetinin “Ali təhsil” üzrə əlavəsində hər il dünyanın 200 ən güclü üniversitetinin ənənəvi reytinq cədvəli dərc edilir. 2006-cı ilin reytinq cədvəlində dünyanın 200 qabaqcıl universiteti siyahısında RF universitetlərindən cəmi iki- Moskva Dövlət Universiteti və Sankt-Peterburq universitetləri var idi. 2007-ci ildə keçirilən sorğuların nəticələrinə görə isə dünyanın ən yaxşı 200 universitetini sırasında bir dənə olsun belə RF-na məxsus universitet yoxdur. Şanxay Universitetinin hazırladığı “Dünya universitetlərinin akademik reytinq cədvəli”ndə dünyanın 500 nüfuzlu universiteti siyahısında 2007-ci ilin nəticəsinə görə isə RF-na məxsus cəmi iki universitet var.

Başqa reytinq cədvəlində dünyanın 1500 nüfuzlu universiteti siyahısında RF-na məxsus cəmi on universitet var. Bütün bu faktlar göstərir ki, Rusiya Federasiyasında ali təhsil sisteminin qlobal tələblər səviyyəsinə çatması üçün elmi-metodik, innovativ inkişafa davamlı olaraq hər il külli miqdarda vəsait qoyulsa da (ümumən milyardlarla dollarlarla ölçülə bilən həcmdə), hər il minlərlə iri elmimetodik layihələr həyata keçirilsə də, bu investisiyalar qlobal səviyyədə universitetlərin inkişaf tempi ilə müqayisədə çox azdır. Yəni, dünya universitetləri elə bir sürətlə inkişaf edir ki, elm və təhsilin inkişafına elə bir səviyyədə investisiyalar qoyulur ki, ümumiyyətlə təhsil elə kapitaltutumlu səviyyəyə gəlmki, bu gün bir çox məsələlərdə bizim universitetlərdən on dəfələrlə güclü olan Rusiya universitetləri belə qlobal reytinq cədvəllərində özlərinə mövqe tuta bilmirlər.

Bu gün dünya səviyyəli elə universitetlər var ki, onların büdcəsi bir neçə milyard dollardır. Bu müqayisələr Azərbaycan milli universitetlərinin qlobal səviyyədə hansı mövqedə olmasını təxmini də olsa bizə bildirir. Vəziyyəti tədricən yaxşılığa doğru dəymək üçün Azərbaycanda milli universitet təhsilinin gələcək 20-25 illik inkişafını əhatə edən təhsil doktrinası, strateji proqramlar hazırlanmalı, bu proqramların icrası istiqamətində 100-lə layihələr hazırlanmalı və beynəlxalq standartlar səviyyəsində maliyyələşməli, icra olunmalıdır. Ümumiyyətlə biz hələ də birbaşa universitet təhsilinin keyfiyyətinin yüksəlməsinə xidmət edən elmi-metodik layihələrin hazırlanması və icrasının normal maliyyələşməsi praktikasına hələ keçə bilməmişik. Hələ də bu tip mühüm layihələrin, elmtutumlu nəzəri və praktik əhəmiyyətli təhsil tədqiqatlarının icrasına ya vəsait ayrılmır, ya da çox cüzi vəsait ayrılır, təbii ki, belə yanaşmanın səmərəsi ola bilməz.

İntellektual, elmtutumlu layihələr beynəlxalq standartlar səviyyəsində həllini tapmalıdır. Bunun üçün isə ilk növbədə layihələr beynəlxalq səviyyədə maliyyələşməlidir. Bu məqsədlə universitetlərin büdcədənkənar fondlarından da cəsarətlə istifadə etmək lazımdır. Bütün bu yönümlü layihələrin icrasını elə universitetlərin özləri də icra etməlidirlər (beynəlxalq praktikada olan kimi). Belə investisiya gələcəkdə universitetə daha çox əlavə maliyyə qazanmasına, beynəlxalq səviyyədə rəqabətədavamlı olmasına imkan verə bilər. “Azərbaycan Respublikası ali təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiya edilməsi tədbirləri” haqqında Azərbaycan Respublikası Prezidenti, cənab İlham Əliyevin imzaladığı fərman və fərmana uyğun olaraq xüsusi Dövlət Proqramının hazırlanması, bu gün Azərbaycan Respublikasında çox uğurla reallaşanYeniləşən Azərbaycana Yeni Məktəblər” ideyasını daha da inkaf etdirərək, “Yeniləşən Azərbaycana Yeni Milli Universitetlər” ideyasını gündəmə gətirir, yeni qlobal səviyyəli müasir milli universitetlər yaradılmasını təhsil ictimaiyyəti qarşısında aktual vəzifə olaraq qoyur. Digər tərəfdən hal-hazırda Azərbaycan Respublikasında elmin inkafı ilə də əlaqədar xüsusi Dövlət Proqramı hazırlanır. Bu proqrama universitetlərdə texnoparkların yaradılması, universitetlərdə elmin, innovativ fəaliyyətin inkafı üçün müəyyən layihələr sisteminin daxil edilməsi və icrası milli universitetlərin qlobal tələblər səviyyəsinə yüksəlməsinə təkan ola bilər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ADİU-nin yeni korpusunun açılışında söyləmdir. “... dünyada mövcud olan ən müsbət təcrübəni götürək, Azərbaycanda tətbiq edək, mövcud olan vəziyyətə uyğunlaşdıraq. ... Gərək maddi texniki bazanın möhkəmləndirilməsi və tədris prosesinin müasirləşdirilməsi paralel şəkildə aparılsın. .. Ali məktəblərdə təhsil prosesinin inkafında böyük lər görülməlidir. Ən qabaqcıl, dünya miqyaslı ali məktəb heç vaxt əldə etiyi nailiyyətlərlə kifayətlənmir. Bu, daim islahat tələb edən sahədir. ...Dünyada elmi- texniki tərəqqinin bütün yeniliklərini bilmək, onları qavramaq, qabaqcıl ali məktəblərlə əlaqə yaratmaq təhsil prosesinin inkşafında mühüm rol oynayacaqdır. Azərbaycan da bu yolu seçibdir”.

Milli universitet i təhsilinin qlobal standartlara cavab verməsi üçün respublikada təhsil büdcəsinin daha da artımına, universitetlərin investisiya obyektinə çevrilməsinə ehtiyac var. Amerika prezidentlərindən biri vaxtı ilə söyləmdi: “Amerika universitetləri zəngindir, ona görə yox ki, Amerika zəngindir. Amerika zəngindir, ona görə ki, Amerika universitetləri zəngindir”. Biz də müstəqil ölkə olaraq gələcəkdə zəngin bir dövlət qurmaq istəyiriksə, investisiyaları insan kapitalına qoymalı, bu məqsədlə zəngin universitetlər qurmalıyıq, qalan məsələləri isə zaman özü həll edəcək. Belə olarsa, qloballaşmanın sərt tələbləri səviyyəsində, rəqabətədavamlı dövlət kimi inkaf edə bilərik.

“Paralel.az”

0.02894401550293