İrəli getmək istəyən universitetlərimizi kim tutub saxlayır?
Osman Gündüz:
Ötən günlərdə maraqlı bir müzakirədə iştirak etdim.
AzEdu Təhsil Portalı “Azərbaycan universitetləri beynəlxalq reytinq müstəvisində: gerçəklik və hədəflər” mövzusunda dəyirmi masa təşkil etmişdi.
Yekun qənaətim bu oldu ki, universitetlərimizin beynəlxalq reytinqlərdə irəliləməsi üçün daha çox işi hökumət görməlidir.
Çünki çox sayda nümunələr var ki, sanki hökumət hətta qabağa çıxmaq istəyən universitetlərimizi, necə deyərlər "tutub saxlayır".
Rəqabətli mühitin inkişafı əvəzinə, mühit daha da məhdudlaşdırılır.
Məsələn, gözümüzün önündədir ki, UNEC və digərləri distanta xeyli investisiyalar yatırdılar, müəllimləri , elektron resursları hazırladılar.
Lakin bununla onlar nəinki irəli çıxa bildilər, nəinki yeni təhsil xidmətini lokal və qlobal bazara çıxara bildilər, yatırılan investisiyadan nəinki pul qazana bildilər, əksinə ziyana düşdülər.
Səbəb çox sadədir. Qanunvericilik bu tip universitetlərin irəli çıxmasına mane olur. ETN də bu istiqamətdə yetərincə təşşəbbüskar deyil.
İkinci məqam.
Ölkədə on illərdi ki, rəqəmsallaşma gedir. Tələbələrin siyahıları bir neçə qurumun elektron reyestrlərindədir.Yəni tələbə miqrasiyasına nəzarət üçün hökumətin yetərli imkanları var.
Amma hökumət diplom vermək səlahiyyətini universitetlərə vermək istəmir.
Daha bir nümunə.
Universitetlərimiz özlərinin təşkil etdiyi, beynəlxalq standartlardan aşağı olan distant təhsil əsasında tələbəyə diplom verir və hökumət bunu tanıyır. Amma, Harvardı distant bitirənin diplomunu tanımır. Çünki qanunlarımız buna imkan vermir.
Tədbirdəki çıxışlardan da görsənirdi ki, hətta ən xırda məsələlər üçün universitetlər ETN-ə müraciət etmək məcburiyyətindədir. Universitetlərimizin muxtariyyatı, müstəqilliyi ilə bağlı ciddi problemlər var.
Çox faydalı müzakirə idi.
Düşünürəm ki, hökumət, universitetlərimiz regional və qlobal təhsil bazarına çıxmaq üçün, regional və qlobal təhsil platformalarına inteqrasiya üçün hələ çox iş görməlidir.
Paralel.az