Moskvadakı “Azərbaycan” pavilyonunda “Şuşa, sən azadsan!” sənədli filmi göstərilib

Moskvadakı “Azərbaycan” pavilyonunda “Şuşa, sən azadsan!” sənədli filmi göstərilib
 



Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Azərbaycan” pavilyonunda Zəfər və Bayraq günləri münasibətilə “Şuşa, sən azadsan!” sənədli filmi nümayiş etdirilib.
Öncə torpaqlarımızın işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.
Tədbiri giriş sözü ilə açan “Azərbaycan” pavilyonunun direktoru Səadət Qədirova bildirib ki, tədbir daha çox gənclərə yönəlib və “Şuşa, sən azadsan!” filminin nümayişi gənclərin Azərbaycan əsgərinin şücaəti barədə məlumatlandırılması, Şuşanın necə və nəyin bahasına işğaldan azad edilməsini bilməsi məqsədinə xidmət edir.
Filmin adının uğurlu seçiminə diqqəti cəlb edən direktor bildirib ki, “Şuşa, sən azadsan!” ifadəsi hansı ölkədə yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıda ən təsirli hisslər oyadır. Çünki bu ifadəni Azərbaycan Prezidenti İlham Əliyev məhz Şuşanın azad edildiyi gün xalqa müraciətində səsləndirib.
S.Qədirova deyib ki, azad Şuşada olarkən inanılmaz hisslər keçirib: “Həmin anda özümə suallar verirdim. İnsan hansı güclü ruha, hansı Vətən sevgisinə malik olmalıdır ki, bu qayaları demək olar ki, çılpaq əlləri ilə dırmaşa bilsin?! Özü də həmin günün həyatının son günü olduğunu anladığı halda...”.
Sonra “Şuşa sən azadsan!” filmi göstərilib. Filmdə Azərbaycanın müasir hərb tarixinin ən parlaq səhifələrindən biri olan Şuşa əməliyyatının elementləri, əməliyyat iştirakçıları olan Azərbaycan əsgər və zabitləri ilə müsahibələr, Şuşa uğrunda döyüşlər zamanı çəkilmiş eksklüziv kadrlar nümayiş etdirilir.
Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyasının birgə istehsalı olan filmin baş prodüseri Arzu Əliyevadır.
Tədbir çərçivəsində Zəfər Gününə həsr olunmuş fotosərgi təşkil edilib.

Paralel.az

0.015115976333618