Ədalət, qanun, haqq və bərabərlik olmayınca xəyanətin qarşısı alına bilməz - Milli fəlakətin morfologiyası

Ədalət, qanun, haqq və bərabərlik olmayınca xəyanətin qarşısı alına bilməz - Milli fəlakətin morfologiyası
 

 

İdris Abbasov:
Bir ölkənin akademiki, alimi, yazarı, ədibi, ziyalısının bir-biriniə "Başını qoru!", "Boş ver!", "Bu ölkə düzəlməyəcək, nə yolla olursa olsun, özünə gün ağla, ölkədən çıx!" tövsiyələrini etməsi - həmin ölkədə saxta şüarçılıq, antimillilik, riyakarlıq, əxlaqsızlıq, inamsızlıq, etibarsızlıq, qarşılıqlı nifrət, hiddət, ədavət, satqınlıq və xəyanətin get-gedə şiddətlənməsindən xəbər verir. Məhz ədalətin dəfn olunduğu, hesab-kitabın itdiyi belə bir başıpozuq mühitdə ölkənin vətəndaşı öz dövlətinin düşməninə çevrilir, böyük həvəs və ümidlə xarici xəfiyyə orqanlarının ağuşuna sığınır. Bütün bunlar gözümüzün qarşısında baş verir, amma görməməzlikdən gəlirik. Bunları görüb çözüm yollarını axtarmadan özünü karlığa, korluğa, lallığa qoyan, aidiyyətsiz yaltaqlıq və süləklik zamanı dili açılan, pul görəndə gözü bərələn, rüşvət sədalarına qulağı şəklənən akademikə, yazara, şairə, alimə, ədibə, müəllimə, rektora, direktora və bu qəbildən olanlara layiqli vətəndaş demək olarmı? Əsla!
Vətənin sabahının oğurlanıb məhv edilməsi istiqamətində aparılan akademik fəaliyyəti dayandırmağın tək yolu dəmir intizama əsaslanan və hər kəsə bərabər tətbiq olunan qanunun aliliyi prinsipidir.
Mənəviyyatını qanlı pula pərçimləyib kor olanların tarixi məsuliyyəti çox ağır olacaq.
 Bilməliyik ki, ölkəni "aclar və qullar dünyası" deyil, bu xalqın, bu torpağın hesabına varlanmış və səlahiyyətlənmiş iri "cəngavərlər" xilas edə bilərlər. Bunun üçün ürək, o ürəkdə mərhəmət, vicdan, milli ruh, bəşəri duyğu olmalı, "murdar cəsəd" psixologiyasından uzaq durulmalıdır.
Görəsən, bunların içərisindən, sözün əsl mənasında, milləti, dövləti düşünən, özünün və övladlarının xoşbəxtliyini xəyal edən, ali dəyərlər naminə etirafı gözünə alan əsl insanlar çıxacaqmı? Axı tarixə baxanda bütün mütərəqqi xalqların əzilzadələri olub! Bəs bizimki niyə olmamalıdır? Nə vaxtadək qeyri-mütərəqqi xalq kimi qalacağıq? Nə vaxtadək məmurumuz oğurluğu, xəyanəti, ziyalımız yaltaqlığı, riyakarlığı təbliğ edəcək? Bəs etmədimi? Usanmadıqmı, doymadıqmı?
Madam ki, cəmiyyətin sağlam məcraya düşməsi istiqamətində heç bir akademik təşəbbüs və ya addım atılmır, alim-akademiklərin, özünü baş ziyalı hesab edənlərin, rektorun başçılığı altında intellektual kintingentin başı pul yığmağa, alıb-aldatmağa, fırıldaq öyrənməyə qarışıb, yəni aldığımız təhsillə milli dövlətçilik düşüncəsini rüşvət, beynimizdə möhtəşəmlik heykəlini qurub xəyallara qapıldığımız digər millət və dövlətlərə satılmaq, xəyanət etmək kimi dərk edir və bunu ənənəyə çeviririk, onda bu qədər ali və orta ixtisas məktəbləri, akademiyalar, oradakı alimlər, müəllimlər, bir sözlə, elm və təhsil müəssisələri və onun içərisindəkilər kimə gərəkdir?

Paralel.az

0.037932157516479