Filologiya üzrə fəlsəfə doktoru, dosent Firazə Rüşvətsevərin yoxlama həyəcanı...

Filologiya üzrə fəlsəfə doktoru, dosent Firazə Rüşvətsevərin yoxlama həyəcanı...
 

"Filologiya üzrə fəlsəfə doktoru, dosent Firazə Rüşvətsevərin yoxlama həyəcanı..."

İtalyanşünas alim Günel Bayramova:

Çoxdandır inteligent dairələrdə dolaşmağı arzulayan “peşəkar” marketinq meneceri, filologiya üzrə fəlsəfə doktoru, dos. Firazə Rüşvətsevər bir müddət idi ki, universitetin yağlı şöbələrindən birinə müdirlik vəzifəsi “almışdı”. Vəzifəni alar-almaz o, marketinq dünyasının bütün qara mexanizmlərini universitetdə tətbiq etməyə başlamışdı. Məsələn əgər bazarda ağ qoyunu 500, qara qoyunu 350 manata alırdısa, indi ağ kağızı 500, cızma-qaranı 350 ilə “həll” edir, təcrübəsiz, rüşvətəmeylli tələbələr üzərindən yaxşı “qazanırdı”.

Universitetdə dos. Firazə Rüşvətsevərin yeganə problemi az sayda olan vicdanlı müəllim heyəti idi. Nə qədər çalışırdı bu heyəti yaltaqlığa, rüşvətə baş əydirsin bacarmır, bacarmadıqca da qanı qaralır, bağrı çartlayırdı. Bu qısa müddət ərzində onun bağrı o qədər çartlamışdı ki, yeriyəndə çartlaqların bir-birinə sürtünüb necə səs etdiyini hər bir vicdanlı müəllim, tələbə uzaqdan eşidirdi. Əlbəttə vəzifəni atasından çox sevən müdir dos. F.Rüşvətsevər özü bu səsləri eşitmirdi, çünki onun qulağı pulun həzin xışıltısından başqa heç bir səsə həssas deyildi.

Bu günlərdə universitetlərdə yoxlama olacağını eşidən müdir, dərhal təşvişə düşərək qara işlərinə vasitəçi kimi saxladığı əlaltıları, müavin Pisniyyət Ələbaxanlı və baş müəllim Rəzilə Qulxislətlini yanına çağıraraq, rüşvətin daşını bir semestrlik atmağı tapşırır: Pisniyyət, nə badə bu semestr tələbələrlə pul söhbəti edəsən. Özünü elə göstər guya bizim bu işlərlə əlaqəmiz yoxdur.

Pisniyyət Ələbaxanlı:
- Firazə xanım, bəs bu semestr bizim aqibətimiz necə olacaq? Axı evdə söz vermişdim ki, qırmızı Nissanı semestrin sonuna həll edəcəm. Hətta beh də verib saxlatdırmışam.
Rəzilə Qulxislətli bu vaxt universitetdə mövcudluğu üçün borclu olduğu ağası Firazənin tərəfini saxlamaq məqsədilə:
- Ay qız, Pisniyyət, görmürsən Firazə xanım təhlükədədir? Özünü bir vaxtlarkı kimi “talkuçkada” hesab edirsən? Unutma ki, bu gün “elit” dairələrdə görünməyimizi, zəhmətkeş müəllim kütləsi üzərində hegemonluğumuzu Firazə xanıma borcluyuq.

Pisniyyət Ələbaxanlı:
- Ehh, Rəzilə, elə bilirsən aldığım pulları qaytarmaq asandır?… axı…

Dos. Firazə Rüşvətsevər əlaltılarının qeybətəbənzər mülahizələrini susdurmaq üçün kreslosunu lərzəyə gətirərək ayağa qalxdı:
- Bəsdirin, özünüzü ələ alın! Biz bu yoxlamadan quru çıxmalıyıq. Səbrli olun, sizə söz verirəm ki, bu dəfə yaxalanmasaq gələn semestrdən rüşvətin “taksasını” ikiqata qaldıracağam, haqsevər müəllimlərin ayağını isə buradan kəsəcəyəm! Yoxsa bu ölkədə yaşamaqmı olar…

"Paralel.az"

0.019294023513794