Əlyazmalar İnstitutunda "Zəfər Günü" münasibətilə tədbir keçirilib

Əlyazmalar İnstitutunda
 



AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda və Vətən müharibəsində şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş nitqi ilə açan Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli 44 gün davam edən işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyini qeyd edib. Bildirib ki, 8 Noyabr Zəfəri müzəffər Ali Baş Komandanın yenilməz iradəsinin və böyük sərkərdəlik məharətinin, Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzminin, əsgər  və zabitlərimizin rəşadətinin, yüksək hərbi-texniki, mənəvi-psixoloji hazırlığının və peşəkarlığının təntənəsidir.
Tədbirdə, həmçinin Əlyazmalar İnstitutunun icraçı direktoru, f.e.d. Paşa Kərimov, elmi katib, f.ü.f.d., dosent Əzizağa Nəcəfzadə və Multidissiplinar əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi Novruz Bəkirov da çıxış edərək iştirakçıları möhtəşəm Zəfər Günü münasibətilə təbrik edib, Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında və Azərbaycan xalqının dəstəyi ilə tarixi ədaləti bərpa etdiyini qeyd ediblər. Çıxışçılar bildiriblər ki, son iki yüz il ərzində erməni şovinistləri öz havadarlarının köməkliyi ilə Azərbaycan xalqına və dövlətinə qarşı etnik təmizləmə və işğalçılıq siyasəti həyata keçiriblər. Prezident İlham Əliyevin diplomatik məharəti, Azərbaycan ordusunun peşəkarlığı və xalqımızın Ali Baş Komandan ətrafında dəmir yumruq kimi birləşməsi sayəsində haqq-ədalət nəhayət bərqərar olub, 44 günlük Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vurulub, həm siyasi arenada, həm də döyüş meydanında azğın düşmən üzərində mütləq qələbə əldə olunub.
Tədbirin sonunda Kitabxana və elmi informasiya şöbəsinin hazırladığı, Vətən müharibəsində xalqımızın möhtəşəm qələbəsini əks etdirən “Zəfər salnaməmiz” mövzusunda kitab sərgisi nümayiş olunub.
Sərgidə institut əməkdaşlarının nəşr etdirdikləri Zəfər tariximizi işıqlandıran son nəşrlər də təqdim olunub.

Mənbə: science.gov.az

Paralel.az

0.015340089797974