Tanrının yer üzünə ən gözəl payı...
Türk Dünyasının böyük şairi, əsl vətəndaş, qədərindən də artıq səmimi və dürüst insan, etibarlı dost Məmməd İsmayılın doğum günüdür. Tanrı sevdiyi millətə Məmməd İsmayıl kimi adamları bəxş etməklə bütöv bir toplumu şərəfləndirir. Bu baxımdan bizim millətin də bəxti gətirib: xoşbəxtliyimizdən Nizamimiz, Füzulimiz, Nəsimimiz, Xətaimiz, M. F. Axundovumuz, Hadimiz, Sabirimiz, Mirzə Cəlilimiz, Üzeyir bəy Hacıbəylimiz, Hüseyn Cavidimiz, Müşfiqimiz, Səməd Vurğunumuz, Əliağa Vahidimiz…kimi dahilərin sıraları tükənməyib və buraya Tovuzun əsrarəngiz Əsrik dərəsindən bir yetim uşaq da qoşulub: MƏMMƏD İSMAYIL!
Allah bu uşağı o qədər sevib ki, mükəmməllik payından bircə atalı günlərdən məhrum edib. Allahın iradəsinə qarşı söz deyilməz: bəlkə də Məmmədin MƏMMƏD olmasında bu ağrılı-acılı tale də öz sözünü deyib. Zəhmətkeş və müdrik bir ananın tərbiyəsi, təlimi o qədər möhtəşəm olub ki, Əsrikli bir uşaq Türk Dünyasının dahiləri cərgəsinə inamla qoşula bilib, 30 ilə yaxın Azərbaycan ədəbiyyatını, tarixini qardaş Türkiyədə təbliğ və tədris edib. Bax, Allahın ədaləti budur!
Məmməd İsmayılı bu mötəbər mərtəbəyə qaldıran da onu atasız böyüdən mötəbər ANA ilə bərabər Uca Yaradandır. Özü də Məmmədi təkcə böyütmədi, həm də səxavət kisəsinin ağzını açıb ona nəyi məsləhət bilibsə, verdi: istedad, ağıl, savad, kişilik, mərdlik, dürüstlük, səmimiyyət, etibar və bir dəstə gül buketi olan gözəl qız övladları!
Bir neçə aydır səhhətində yaranan problemlə mücadilə aparır. Təmkinini, dözümünü pozmadan addım-addım sağlamlığına doğru inamla gedir. Güclü iradəsinin bu azarlara da qalib gəlməsinə inanıram. Çünki Məmmədi yaxşı tanıyıram! Möhkəm olun, əziz qardaş, əziz İNSAN! Onsuz da, itirə-itirə gedirik. Son bir neçə ildə çox dostumuzu itirdik… elə bu günlər çox üzgün və sarsıntı içindəyəm. Sizin də yaxşı tanıdığınız, sevdiyiniz, sizə həmişə sonsuz hörməti olan dostum-qardaşım, ləyaqətli qudam Hacını itirdik…Yaxşı deyiblər ki: bizim dost itirən vaxtımız deyil… çünki dostların sayı bu fani dünyada çox azalıb, lap çox!
Bir məsələyə də toxunmasam, olmur. Bu yaxınlarda uzun illər Məmməd bəyin də üzvü olduğu AYB-nin səs-küylü qurultayı oldu. Üzrlü səbəbdən iştirak edə bilmədim( Hacının 7 mərasimi idi). Amma tam qərarlıydım ki, iştirak etsəydim, söz versələr də, verməsələr də, durub deyəcəkdim ki, Məmməd İsmayıla çoxdan haqq etdiyi Xalq şairi fəxri adı verilməsi üçün qurultay məsələ qaldırsın. Bunu etsəydi bəlkə də, bu qədər tənqid atəşinə tutulmazdı. Hesab edirəm ki, indi də gec deyil: AYB dərhal bu ədalətsizliyi bərpa etməlidir! Onsuz da Məmməd İsmayıl xalqın şairidir, amma mövcud qaydalar, ənənələr də gözlənilməli və biz oxucuların, məmmədsevərlərin xahişi, tələbi müvafiq orqanlara çatdırılmalıdır.
Doğum gününüzü təbrik edirəm əziz ustad! Möhkəm olun, yüzə bir şey qalmadı! İradəniz və həyat eşqiniz tükənməzdir. P.S. Söz vermisiniz ki, gələn yaz Kəlbəcərə gedəcəyik. Sözünüzü tutun, siz axı heç vaxt verdiyiniz sözün dalından qaçan adam olmamısınız!
Müəllif: Əlövsət Ağalarov
Paralel.az