Azərbaycan himninin mətninin şərhi - I yazı

Azərbaycan himninin mətninin şərhi - I yazı
 

Siracəddin Hacı:

ƏHMƏD CAVAD - 130

– MƏHƏMMƏD ƏMİN RƏSULZADƏNİN liderliyi ilə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin himni – milli marşı Azərbaycan xalqının müstəqil, azad, ədalətli VƏTƏN idealının göstəricisidir, deyir ki, kimsə məni kölələşdirə, iradəmi əlimdən ala bilməz, nə qədər azadamsa, o qədər güclü, xeyirli, dəyərli, bərəkətliyəm;
– Himnin sözlərinin müəllifi istiqlal şairi ƏHMƏD CAVAD, bəstəkarı dahi ÜZEYİR HACIBƏYLİDİR – Allah ikisindən də razı olsun;
– Marş janrının xarakterinə uyğun olaraq təntənəli üslubda yazılmışdır, 19 misradır, hər söz, hər misra Azərbaycana SEVGİ üzərində qurulub;
– Milli marşımızın mətni bir neçə yerə ayrılır: Azərbaycan sözü 6 dəfə təkrar olunur – sözün təsir gücünü artırır, enerjisini hiss etdirir, coşdurur, sevgini ifadə edir – sevən sevdiyinin adını ağlına, qəlbinə, iradəsinə, əməyinə yazar, əsla unutmaz, dilindən düşürməz;
– Himn sonra AZƏRBAYCANIN KİMLİYİNİ tanıdır – tanımayan, əslini, kökünü, mayasını bilməyən sevməz;
– “Ey” çağırış nidasına yer verir – sevən sevdiyini çağırar, bir ehtiyacın varmı, həmişə hazıram deyər, özü də adı ilə çağırar, səninlə qürur duyuram, adın çəkiləndə özümü güclü hiss edirəm, içim hüzurla, gözüm yaşla dolur mesajı verər;
– Sevgi təyinsiz olmaz, himn deyir ki, bura VƏTƏN olan Azərbaycandır, sınırı, hüququ, idealı var, bu mübarək yerdə müstəqillik, azadlıq, ədalət, mərhəmət, rifah ölçülərinin birləşdirdiyi millət yaşayır;
– Yenə içində sevgi daşıyan təyin gəlir – qəhrəman övladın vətəni olan Azərbaycandır – torpaq parçasının VƏTƏN olması canını, ağlını, elmini, iradəsini, gücünü, əməyini, sözünü əsirgəməyənlərin varlığına bağlıdır. Qəhrəmanlıq və qəhrəmanlar olmasa, torpaq VƏTƏN OLMAZ. VƏTƏNİ Vətən edən, yaşadan, irəliyə daşıyan ağıla bağlı CƏSARƏTDİR;
– Yenə sevgi dolu təyin gəlir – ŞANLI VƏTƏNDİR – insanları, suyu, havası, torpağı barlı-bərəkətlidir, o qədər zəngin, o dərəcədə gözəldir ki, dünyada tanınır, adı, şanı, qədim tarixi, böyük mədəniyyəti, güclü dili, mübarək dini, igid övladları var;
– Sonra milli marşın VƏTƏNƏ SƏDAQƏT, ey Azərbaycan, əmrinə hazırıq bölməsi gəlir: SƏNDƏN ÖTRÜ – bir başqası üçün deyil, ancaq, bir tək, bircə səndən ötrü can verməyə – sevən sevdiyinə vəfalı olar, canını verər, həm də sevə-sevə qurban edər;
– CÜMLƏ HAZIRIZ – hamımız, istisnaya yer yoxdur, artıq milli, dini kimliyimiz var, mən deyil, bizik, birik, qardaşıq, millətik, ümmətik;
– SƏNDƏN ÖTRÜ – ifadəsi təkrar gəlir, deyir ki, ey Azərbaycan, səni o qədər sevirik ki, gözümüz bir başqasını görməz, sevgimizin iki dəlili var: ən qiymətli olanı – canımızı verərik, bir də qan tökərik – sənə göz dikənlərlə savaşarıq, canlarını alarıq;
– Can verməyə də, qan tökməyə də HAMIMIZ HAZIRIQ, QADİRİK – bu, sadəcə söz deyil, arxasında hərbi güc, sarsılmaz iradə, milli birlik var;
– Canımızı niyə verməli, niyə qan tökməliyik? Səni sevirik, üçrəngli: yəni Azərbaycanın müstəqil, azad, ədalətli kimliyi ilə məsud – xoşbəxt yaşaması bizim siyasi, hərbi, elmi, ədəbi, əməli fədakarlığımıza bağlıdır;
– Himn üçrəngli bayraqla məsud (xoşbəxt) yaşamaq arasında bağ qurmuşdur: Xoşbəxt yaşamağın şərti ÜÇ RƏNGİN daşıdığı ideallara sədaqətdir, bağlılıqdır – bayraq düşsə, siyasi, milli, dini kimlik çöksə, azadlıq, ədalət, müstəqillik yıxılsa, kimliyimiz yox olar, anlamımızı itirərik, bayrağın düşməməsi üçün də can verməli, qan tökməliyik;
Ardı var…

Paralel.az

0.070466995239258