Fəlsəfə və Dramaturgiya
"Paralel.az" saytı 20 il öncə qələmə alınmış "FƏLSƏFƏ VƏ DRAMATURGİYA" başlıqlı müsahibəni təqdim edir: Müsahibə götürən jurnalistin ruhu şad olsun! Allah təhmət eləsin!
FƏLSƏFƏ VƏ DRAMATURGİYA
Firuz Mustafa: "Almanlar uşaqları 2-3 yaşlarından simfonik musiqiyə qulaq asdırırlar"
Müsahibimiz filosof, yazıçı və dramaturq Firuz Mustafadır.
Firuz müəllim, Azərbaycan ədəbiyyatında dramaturgiyanın tutduğu yer həmişə önəmli olub...
- Bu, geniş mövzudur. Onu deyə bilərəm ki, dramaturgiyamızın tarixi elə də çox qədim deyil. 1850-ci ildən M.F.Axundovun "Sərgüzəşti vəziri xani Lənkəran" tamaşası ilə dramaturgiyanın əsası qoyulub. Avropa və Yunanıstanda dramaturgiya 2500 ildən o tərəfə, yəni bizim eradan əvvələ gedib çıxır. Lakin qısa bir dövrdə Azərbaycan, Şərq, eləcə də dünya ədəbiyyatı, teatrı və dramaturgiyası üçün M.F.Axundov, Ə.Haqverdiyev, N.Nərimanov, N.B.Vəzirov, xüsusilə də XX əsrdə C.Cabbarlı, H.Cavid kimi nəhəng dramaturqlar ortaya çıxdılar, dramaturgiyamızı irəliyə doğru apardılar.
- Bildiyimizə görə, siz özünüz həm də fəlsəfi nəzəriyyələrlə məşğul olursunuz. Dramaturgiya və fəlsəfə - bu iki sahə bir-birinə mane olmur ki?
- Müasir dövrdə sənətin bir sahəsi ilə məşğul olmaq mümkünsüzdür. Fəlsəfə heç də dramaturgiyaya mane olmur, əksinə, biri digərini tamamlayır. Belə ki, elm və bədii yaradıcılıqla məşğul olmaq mənə qüvvət verir. Çünki ədəbiyyat ayrı-ayrı detallar ilə məşğul olur. Bunlar xarakterlər, şəxsiyyətlər, obrazlar, personajlardan ibarətdir. Əgər fikir vermisinizsə, fəlsəfə ümumi kateqoriyalarla ölçülür. Cəmiyyət haqqında hər bir insanın ümumi baxışları, sistemli baxışı olmalıdır. O, ümumi təsəvvürlərlə düşünür.
- Bu yaxınlarda hansı əsərləriniz tamaşaya qoyulacaq?
- Son dövrdə dramaturgiya ilə ciddi məşğul oluram. Teatrlarda pyeslərim oynanılır və ya repertuara təzə daxil edilir. Səhv etmirəmsə, təkcə 5-6 teatrda mənim pyeslərim oynanılıb. Bu yaxınlarda Sumqayıt Dövlət Teatrında "Əqrəb bürcü" pyesim səhnəyə qoyulacaq. Ayrı-ayrı rayon teatrlarında "Dəhliz", "Sənə sözüm var", "Ayı təbəssümü" pyeslərim artıq hazırlanıb oynanılır.
- Pyesləriniz tamaşaya qoyulanda hansı hissləri yaşayırsınız?
- Əgər əsərim böyük səhnədə tamaşaya qoyulubsa, şübhəsiz ki, mən də sevinc hissləri keçirirəm. Əsərin yazılmasından tutmuş müəyyən ölçüyə gəlməsinə qədər hamısı çətin proseslərdən keçir. Dramaturgiya ədəbiyyatının ən ağır janrıdır. Çünki 1,5 saat ərzində bütün obrazların həyati düşüncəsini, məsləkini, mənəviyyatını göstərməlisən. Bitkin halda teatra təqdim olunması prosesi, teatrda aktyor və rejissorların hazırlanması, rəssamları, bəstəkarları əlavə etməklə onun bədii şurada qəbul olunması və nəhayət, lazım olan nazirliyə göndərilməsi, bunların təsdiqi, hamısı çətin bir prosesdir. Mən də bu mərhələləri keçdikcə hər anı ayrıca yaşayıram.
Hazırda teatrların özlərinin müstəqilliyi var və onlar çalışırlar ki, gətirilən hər bir əsərin sponsoru olsun. Bu günə kimi mənə hörmət ediblər, məndən sponsor tələb etməyiblər.
Bir neçə romanımı nəşriyyat rəhbərləri öz təşəbbüsləri ilə çap ediblər. "Teatr meydanı" romanımı "Çaşoğlu" nəşriyyatı pulsuz çap edib. Əsərlərimin bəzisini Mədəniyyət Nazirliyi alıbdır. Artıq 15-16 kitabım var. Onlarla cildli elmi əsərim öz çapını gözləyir.
- Əyalət teatrlarına üz tutmağınız nə ilə bağlıdır?
- Azərbaycan Dövlət Gənclər Teatrında mənim üç əsərim - "Ağıllı adam", "Tabut" və "Qəfəs" pyeslərim səhnələşdirilib. "Yuğ" teatrında isə "Müqəvva" pyesim səhnəyə qoyulub. Bir sözlə, bütün teatrlarda əsərlərim tamaşaya qoyulub. Bir sözlə, bütün teatrlarda əsərlərim tamaşaya qoyulub. Milli Akademik Teatrında da əsər təqdim etmişəm. Bu teatr məndən sponsor tələb edir, mənim isə sponsorum yoxdur.
- Söhbətimizin əvvəlində dramaturqlarımızın adını qeyd etdiniz. Çağdaş günlərimizdə 1 dövrün Nərimanları, Nəcəfləri, Cəfərləri... nədənsə görünmür. Bəlkə də var, biz görmürük...
- Bildiyimiz kimi, hər bir dövrün öz problemi var. Bu gün heç kəsin yaxasından zorla tutub tələb edə bilmərik ki, sən yaz. Artıq XX əsrin əvvəllərində tamaşaya qoyulan "Leyli və Məcnun" bütün Şərq üçün möcüzə idi. Bundan sonra Üzeyir bəyin özü nə qədər opera yazıb. Sonrakı dövrdə isə maraq və janrlar parçalandı. Əksinə, dramaturgiya daha da gücləndi, Dramaturgiyanın ilk beşiyi Avropadır. Kompüter yaranandan sonra maraqlar şaxələnib. Hər kəs kompüterin düyməsini basmaqla maraqlı tamaşalar verən teatrlar haqqında məlumat toplayır, evində oturub həmin tamaşaya baxmaq imkanı əldə edir. Elə adam var heç teatrın qapısını tanımır, amma kimdənsə eşidib deyir ki, bizdə teatr yoxdur. İlk növbədə teatra əsas bədii əsər lazımdır. Mən teatrlara tez-tez gedirəm. Səhnədə musiqi, geyim, dekorasiya cəhətdən hər şey var, amma yaxşı əsərdən başqa.
- Bəs, müasir dramaturgiyanı necə təsəvvür edirsiniz?
- Mən onu deyə bilmərəm. Heç onu Şekspir də deyə bilməzdi.
- Sovet dövründə teatrlarda tamaşaçı əlindən tərpənmək olmurdu. Sizə elə gəlmirmi bu axın indi azalmaqdadır...
- Bəli, o dövrlərdə teatrlar tamaşaçılarla dolu olardı. Bunun obyektiv və subyektiv səbəbləri var. Artıq bir hissəsini qeyd elədik. O dövrlərdə ayrı-ayrı təşkilat və müəssisələrdən, ali və orta təhsil ocaqlarından adamlar teatrlara cəlb olunurdular. Bu, təqdirolunası hal idi. Yaxşı olardı ki, Təhsil Nazirliyi məktəblərdə bilet satışına qoyduğu qadağanı götürsün. Gənc Tamaşaçılar və Kukla teatrları sırf orta məktəblərə işləyir. Almanlar uşaqları 2-3 yaşlarından simfonik musiqiyə qulaq asdırırlar. Uşaq da böyüyəndə artıq o simfonik musiqiyə alışır. Bizimkilər isə uşaqları toyxanaya aparır. Və 2-3 yaşlı uşağa süzməyi öyrədir. Bir var klassik musiqimizin dəyərli nümayəndələri olan Ü.Hacıbəyova, Q.Qarayevə, F.Əmirova qulaq assınlar, bir də var bayağı mahnı və musiqiyə. Təhsil Nazirliyi səviyyəsində təbliğat aparılmalı, yeniyetmə və gənclər teatra istiqamətləndirilməlidir.
Yoxsa uşaqlar gələcəkdə lüzumsuz insanlara çevriləcək. Teatrın özü mədəniyyət, tərbiyə və dünyagörüşü deməkdir. Məktəblərdə onun təbliği aparılmalıdır.
QƏLƏNDƏR XAÇINÇAYLI
“HƏFTƏ İÇİ” qəzeti, 11 iyun 2003-cü il
Paralel.az