Paris-2024: Azərbaycanın beş idmançısı mübarizəyə başlayır
Azərbaycanın daha beş idmançısı Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bu gün mübarizəyə start verəcək.
Paralel.az -ın məlumatına görə, ilk olaraq badmintonçu Keişa Fatimə Zəhra yarışa qoşulacaq.
O, H qrupunda He Bin Çzyao (Çin) ilə üz-üzə gələcək.
Cüdoçulardan Balabəy Ağayev (60 kq) Simon Zulu (Zambiya) - Von Jin Kim (Cənubi Koreya) cütünün qalibi ilə, Leyla Əliyeva Xalimajon Kurbanova (Özbəkistan) ilə görüşəcək.
Güllə atıcısı Ruslan Lunyov 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada bacarığını göstərəcək.
Akademik avarçəkmədə isə Diana Dımçenko 2000 metr məsafəyə fərdi yarışın qrup mərhələsində uğur əldə etməyə çalışacaq.
Daha əvvəl iyulun 25-də Yaylagül Ramazanova kamandan oxatma növündə mübarizəyə qoşulub.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.