500 ilin tarixçəsi:
”Erməni epizodu”, rus dönəmi və yarımçıq İran məsələsi..

500 ilin tarixçəsi:”Erməni epizodu”, rus dönəmi və yarımçıq İran məsələsi..
 

500 ilin tarixçəsi:
”Erməni epizodu”, rus dönəmi və yarımçıq İran məsələsi..

Gah Brüsseldə, gah Mosvkada, hərdən bir Soçidə, arada Praqada... Sıra yenə Soçiyə çatdı, oktyabrın 31-də Azərbaycan, Ermənistan və Rusiya liderləri Şimali Qafqazın kurort şəhərində bir araya gələcəklər.
Ukraynada aldığı zərbələrə paralel olaraq Putinin Cənubi Qafqazda da geosiyasi çəkisi və rolu azalır. Artıq Moskva regionda oyun qurmaqdan daha çox oyun pozur. İlham Əliyev və Nikol Paşinyanın Putinin vasitəçiliyi ilə bundan əvvəlki Soçi görüşü 2021-ci noyabrın 26-da baş tutmuşdu. O vaxt təşəbbüs Rusiyanın əlində idi.

Amma İkinci Qarabağ savaşının 1-ci ilinin yekununda aşkar görünürdü ki, Putinin Ermənistan-Azərbaycan sülh danışıqlarında heç bir marağı yoxdur, Bakı və İrəvana təzyiqlərlə özünə sərfəli status-kvonu saxlayır, Qarabağda və regionda möhkəmlənmək planlarını davam etdirmək istəyir. Bu, heç vasitəçilik imitasiyası belə deyil, geosiyasi dələduzluq kimi bir şeydir. Bu, Bakı və İrəvanı qane edə bilməzdi. Yaranmış situasiya, real arabulucu boşluğu Avropa İttifaqının Cənubi Qafqazda fəallaşmasına imkan yaradırdı və 2021-ci il dekabrın 14-də Aİ Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə İlham Əliyev və Paşinyanın üştərəfli Brüssel görüşlərinə start verildi. Artıq bir ildir Aİ və arxasında duran ABŞ addım-addım təşəbbüsü ələ almağa cəhd edir, Ukraynada ilişən Rusiya isə qlobal reputasiyasını itirir, regionda isə köhnə “boxçası” ilə çulunu sudan çıxarmağa çalışır.

Soçi görüşündə Rusiya çətin ki, Azərbaycan-Ermənistan sülh danışıqları ilə bağlı konstruktiv mövqe ortaya qoysun. Əksinə qarşıdakı bazar ertəsi günü Moskva Brüsseldə yazılanları Soçidə pozmağa çalışacaq. Vaşinqton və Brüsseli Rusiyanı regiondan sıxışdırmaq cəhdində ittiham edən Lavrovun sözçüsü Mariya Zaxarova artıq Soçi görüşünün hədəfini aşkara çıxarıb: “Cənubi Qafqazda artan həyacanlı tendensiyalar bizi narahat etməyə bilməz, Qərb Ukraynada sınaqdan çıxardığı konfrontasiya sxemlərini ora köçürmək istəyir. Görürük ki, kənardan qardaş Ermənistan necə misli görünməmiş təzyiqlərə məruz qalır... Bizim üçtərəfli nailiyyətlərimiz mənimsənilir və təhrif olunur. Avropa İttifaqı, ATƏT, Fransa adı altında Qərb emissarlarının Ermənistana gəlişləri daha da artıb. Bütün region əhalisinin maraqlarını nəzərə almayan tələsik uydurulmuş təşəbbüslər irəli sürülür”.
Şübhəsiz ki, Soçidə Putin hələ də yıxa bilmədiyi Paşinyanın könlünü almağa və təsiri altında saxlamağa çalışacaq. Kreml təbliğatı və mediası anti-Azərbaycan kampaniyasının yeni dalğasına start verməklə yenidən ermənilərin nazı ilə oynamaq işinə artıq başlayıb. Təbii ki, Paşinyan Rusiyaya güvənməyin xatalı iş olduğunu öz təcrübəsində sınaqdan çıxarıb. Amma Rusiya regionda təsir gücünü tam tükətməyib, sülh danışıqlarına əngəl olmaq imkanları qalır. Odur ki, Cənubi Qafqaz liderləri Ukrayna savaşı fonunda Rusiyanı bir dönəm üçün yola verməyə məcburdurlar.

Təbii ki, regionda maraqları olan və vasitəçilik iddiası ilə çıxış edən digər supergüclər də sülh göyərçinləri deyil. Amma Rusiya neqativ vasitəçilik mücəssəməsidir, üstəlik, nə edəcəyini bilmədiyi üçün getdikcə infantilləşir...
Erməni gec-tez yerində oturacaq, Rusiya isə əvvəl-axır regiondan itilib gedəcək. Ermənilərlə münaqişə tariximizin epizodu, rus problemi bir gün bitəcək dönəmidir. Əsas əhvalat isə köhnədir və yenidən önə çıxır - bəziləri İran faktorunu qəfil sayır, amma o, həmişə böyrümüzdə olub, pusquya çəkilib vədəsini gözləyib. Tehranın son günlərdəki aqressivliyi, ritorikası gələcək dartışma-çəkişmələrin, sərt qarşıdurmanın simptomlarıdır...
***
Azərbaycan Xalq Cümhuriyyəti (İstiqlal Bəyannəməsində belə bəyan edilir: (آذربایجان خالق جومهوریتی‎) elan edilməsi ilə yaşadığımız məkana, Vətənə milli-ictimai-iqtisadi-mədəni zəmində siyasi biçim verilməsi – dövlətin ilk dəfə öz adı ilə rəsmən məhz “Azərbaycan” adlandırılması ən yeni tarixin, XX əsrin hadisəsi olsa da, Azərbaycan siyasi coğrafiya kimi yeni tarixə keçid ərəfəsində ictimai şüur və təsəvvürdə qəti sərhədləri və xəritəsi anlamında artıq tam və yekun təsbitini tapmışdı.

Azərbaycan Atabəyləri (Eldənizlər) dövləti (1136-1225) ətrafında müzakirə açmadan və polemikaya girmədən vurğulamaq istədiyim mətləb budur ki, gələcək milli identikləşmə və “bizim coğrafiya”nın təsbiti zəmini məhz Qızılbaşların sərhədləri çərçivəsində idi və bu, artıq hansısa xanədan torpaqları deyildi, sərhədlərini sələflərimizin qətiləşdirdiyi tarixi Vətən ərazisi idi. Təbii ki, Səfəvilər səltənəti (indiki Azərbaycan, İran, Ermənistan, İraq, Əfqanıstan, qərbi Pakistan, Türkmənistan, şərqi Türkiyə, şimal-şərqi Hindistan və Özbəkistan və Rusiyanın cənub torpaqları) tarixi Azərbaycanın varisi olduğu dövlətdir. Amma bizə özümüzünkü, haqqımızın çatdığı torpaqlar yetər, Nə Səfəvilərin paytaxtı İsfahanda, nə də Qacarların paytaxtı Tehranda gözümüz var...
Şah İsmayılla Səfəvilər dövləti (1501-1736) indi bizim olan və tarixən bizim olmuş torpaqları bir yerə yığdı. 1501-ci ildən başlayan bu yolda nə oldu-nə olmadı, paytaxt Təbrizdən Qəzvinə, oradan İsfahana köçdü, sonra Tehrana dığırlandı, həlləm oldu-qəlləm oldu və gözümüzü açıb gördük ki, Qacarlar (1796-1925) həm sülalənin, həm dövlətin, həm də millətin başına daş saldılar, farslarsa nə yoğurdular, nə yapdılar, hazırca kökə-dövlət tapdılar...

Stepan Razinin 1667-ci ilin yayında Dərbənd və Bakı arasında sahilboyu kəndləri talan etməsini hesaba qatmasaq, rusların Azərbaycana hərbi-siyası nəzərlərini dikməsi 300 il əvvələ təsadüf edir. 1721-ci ilin payızında özünü imperator elan edən I Pyotr 1722-ci ilin payızında Xəzərdə üzə-üzə gəlib Dərbənddə çıxır və Narın Qalanın yanında hansısa daxmada üç gün qalır. Və sonrakı 100 ildə Georgiyevsk (1783 və 1802), Kürəkçay (1805), Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələri ilə Şimali Azərbaycan xanlıqları və əraziləri Rusiyanın işğalı altına düşür...
Erməni-müsəlman davası, Qarabağ müharibələri yaxın tariximiz üçün əlbəttə ki, epizodik deyil -100 ildən artıq bir dövrdə önə çıxan, başımızı ağrıdan taleyüklü başlıca problemdir . Birinci Cümhuriyyətimizə qurulandan nəfəs dərməyə imkan vermədilər. Düzdür, Azərbaycan Xalq Cümhuriyyəti Qarabağda suveren hüquqlarını bərpa etdi, lakin separatçıların qiyamları və qırğınları 1920-ci ilin aprel işğalı ərəfəsində gənc dövlətə öz zərbəsini vura bildi və Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra köhnə bəla yenidən qarşısına çıxdı. İkinci Qarabağ savaşındakı zəfər bu bəlanın birdəfəlik arxivə atılmasının yolunu açdı...
Cənubi Qafqazdakı indiki geosiyasi situasiya müəyyən cizgiləri ilə 200 il əvvəlki dönəmi xatırladır. XIX əsrin ilk yarısında ruslar Cənubi Qafqazda lövbər atırdılar, indi lövbəri qaldırmaq üzrədirlər. Məğlub Qacarların qondarma varisi İran da meydandadır. İngilislər aşkar görünmürlər, amma hər yandan çıxa bilirlər. 1813-cü ildə 11 bəndlik “Gülüstan” müqaviləsinin mətnini Böyük Britaniyanın Qacar imperiyasındakı nümayəndəsi Ser Qor Ousli hazırlamışdı. Türkmənçay müqaviləsi ərəfəsində isə Abbas Mirzəni Qacarların səltənətindəki Britaniya missiyasının təzyiqləri naçar salmışdı.
Yeganə və başlıca fərq bundadır ki, məkanın sahibi də meydandadır - regionda fərqli Türkiyə və müstəqil Azərbaycan tandemi var, sadəcə oyunçu deyil, oyunu quracaq əsas subyekt və iddiaçıdırlar. Ruslar getməyə məhkumdurlar, ermənilər tərəf seçsələr, ortalıqda əziləcəklər.
• Və Azərbaycan versus İran. Sonuncu şimaldakı müstəqil dövləti həzm etməyə
hazır deyil, şübhələnir və aqressivləşir – İran mediasında Azərbaycanla bağlı yazılanlardan bundan başqa qənaət hasil etmək mümkün deyil. Açıq etiraf edirlər ki, Bakı ilə Tehranın maraqları toqquşur, Azərbaycan geri durmalıdır. Güney Azərbaycan faktoru molla rejiminin yuxusunu ərşə çəkir. Hikkələnirlər, müstəqil Azərbaycanın mövcudluğunu İranın perspektivi üçün ekzistensial təhdid sayırlar. İran mediasında Azərbaycanla bağlı elə yazılar gedir ki, bunları yalnız düşmən haqqında yaza bilərsən. Tehran “yumşaq gücü”, dezinformasiyaları, açıq əks-təbliğatı və gizli təsir mexanizmləri ilə məzhəb davasını, etnik nifaqı qızışdırmaq üçün əlindən gələni əsirgəmir.
Təəssüf ki, bu aqressiv davranışların qarşısında biz İranı yaxşı tanımır, bu ölkəni öyrənən və araşdıran beyin mərkəzlərinə sahib deyilik. Halbuki İran problematikası yaxın perspektivdə bizi daha çox məşğul edəcək.
İranın “qara məni basınca, qoy qaranı mən basım” siyasəti davam edərsə, buna adekvat cavab verməkdən başqa yol qalmayacaq - 500 il əvvəl başlayan və yarımçıq qalan işi sona çatdırmaq qaçılmaz olacaq...

Müəllif: Qəzənfər Həmidoğlu

Paralel.az

0.082592964172363