Təhsil naziri Emin Əmirullayevə açıq məktub

Təhsil naziri Emin Əmirullayevə açıq məktub
 

Heç vaxt problemləri ictimailəşdirmək istəməmişəm.
Lakin bu dəfə qırmızı xətt keçildiyi üçün Təhsil naziri cənab Emin Əmirullayevə açıq məktubla müraciət etməyə məcbur qalıram.
Problem mənim şəxsimlə bağlı deyil.
Problem fəaliyyət göstərdiyim Göygöl şəhəri 1 nömrəli tam orta məktəbdə uzun zamandır yaşanan və həllini tapa bilməyən problemlərlə bağlıdır.

Təhsil naziri cənab Emin Əmirullayevə.
Hörmətli cənab nazir.
Yazaraq açıq müraciət formasında bildirirəm ki, fəaliyyət göstərdiyim Göygöl şəhəri 1 nömrəli tam orta məktəbdə sentyabrın 15-dən bu günə qədər su yoxdur.
Bu səbəbdən 3 mərtəbəli məktəbdə 12 sanitar qovşağını təmizləmək mümkün deyil. Məktəbdə müəllim və şagirdlərin ümumi sayı 1000 nəfərdən artıqdır.
Həmçinin 12 gündən artıqdır ki, məktəbdə işıq yoxdur.
Məktəbin müəllimləri şəxsi vəsaiti hesabına, cibimizdən işıq sayğacının kartına pul yükləyirik. (Zərurət olarsa ödəniş qəbzini də Sizə göndərə bilərik.)
Məktəbdə hər bir sinif müəllimi süpürgə və digər yumşaq inventarları öz şəxsi vəsaiti ilə alır.
Göygöl Təhsil Sektoruna bu problemlər barədə bir neçə dəfə müraciət olunub.
Pul yoxdur.Yuxarının da məlumatı var. Pul olanda su motoru düzələcək. Sayğaca pul yüklənəcək deyə cavab verilib.
Bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə, Göygöl Təhsil Sektoruna dəfələrlə rəsmi məktubla müraciət edilib.
Yazdıqlarım kiminsə şəxsinə yazılmayıb.
Hamısı faktlardır. Araşdırmanızı xahiş edirəm.
Cənab nazir.
Bu məktubu sosial şəbəkədə açıq şəkildə yazmağa məcbur qalıram.
Çünki bizə bu problemlərdən Sizin, yəni cənab nazir Emin Əmirullayevin məlumatlı olduğu bildirilir.
Müəllimlər də, şagirdlər də, valideynlər də bilmək istəyir ki, doğrudan da cənab nazir Emin Əmirullayevin bu işdən xəbəri var? Yoxsa bizi aldadırlar?
Göygöl şəhəri 1 nömrəli tam orta məktəbin bütöv müəllim, şagird, müəllim kollektivi bilmək istəyir ki, biz niyə cibimizdən süpürgə almalıyıq?
Biz niyə məktəbin işığının pulunu cibimizdən ödəməliyik?
Biz niyə 1 aydan çoxdur təmizlənə bilməyən sanitar qovşaqlarından istifadə etməliyik?
Biz niyə məktəbə kapron qablarda əlimizdə su daşımalıyıq?
Bu işin cavabdehi kimdir?
Niyə məktəbdə bu cür xoşagəlməz hallar yaşanır?
Suallarımıza cavab istəyirik.

Hörmətlə: Göygöl şəhəri 1 nömrəli tam orta məktəbin şagird, müəllim, valideyn kollektivi

Paralel.az

0.025657892227173