Bir sözlə, əyilib hər yarağımız, qalmasın saqqal darağımız...-FOTO
Kamran Əsədov
Bir sözlə, əyilib hər yarağımız, qalmasın saqqal darağımız...
“Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”nın layihəsində deyilir ki, şagirdlərin saqqal saxlaması intizamsızlıq sayılır. Yəni müəllim uşağa deməlidir ki, bəs saqqalını niyə qırxmırsan? Bir müəllim də danışığını bilməyib (atasız) şagirdə deyər ki, ay uşaq, sizdə ülgüc yox idi? Sonra da məktəbdə qırğın düşəcək. Ya da ki, şagird gəlib valideyninə deyəcək bəs mənə ülgüc al, müəllim deyib ki, üzümü təraş etməlityəm. Ana da gedib ülgüc alanda satıcı ona birtəhər baxacaq. Ümumiyyətlə şagirdlər uşaqdırlar, onlar üçün üzlərini qırxmaq həm təhlükəsizlik, həm də tibbi cəhətdən xətalı bir prosedurdur. Həm də üz qırxma şagirdlər üçün intim hesab olunan bir əməldir. Onlar adətən üzlərini gizlində qırxır və bunu çox zaman digərinə deməkdən utanırlar. Əksər hallarda isə onlar məktəbi bitirəndən sonra üzlərini qırxmağı məqbul bilirlər. Bu mentalitetimizin də bir tələbidir. Ümumiyyətlə sənəddə saqqal saxlamaq deyəndə üzünü qırxmamağın nəzərdə tutulması dəqiq bilinmir. Sənəddə belə bir biabırçı bəndin olması özü də qəribədir. Lap deyək ki, sənədə görə saqqal saxlamaq olmaz. Bəs birdən şagird bığ saxladı? Bu barədə sənəddə heç nə deyilmir. Sanki məktəbə getmək nazir müavini və ya onun aparat rəhbəri təyin olunmaqdır ki, adam hökmən bığa və ya saqqala keçsin. Nazirliyin aparat rəhbəri və gənc müəllimlərin təmsilçisi kimi təqdim olunan şəxsi özü saqqal saxlayır. Adama deməzlər ki, bəs bu üzünü qırxan şagird birdən məktəbi bitərindən sonra özünü aparat rəhbəri və etalon gənc müəllimə bənzətsə təzədən saqqalmı buraxmalıdır?
Paralel.az